“Qaydalar daha da sərtləşdirilməlidir” – DEPUTAT AŞPA-DA BELƏ DEDİ

Qənirə Paşayeva işgəncə və ölüm hökmündən danışdı

İşgəncələr və ölüm hökmü üçün istifadə edilən malların ticarəti qanunsuz və qəbuledilməzdir: təəssüf ki, AŞPA-nın prinsiplərinə və öhdəliklərinə zidd olaraq, Avropa Şurasının bir sıra üzv dövlətlərində bu cür mallar hələ də istehsal edilir, satışa çıxarılır.

Etikxeber.az xəbər verir ki, bu fikri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Vüsal Hüseynovun hazırladığı qətnamə layihəsinin müzakirəsi zamanı çıxış edən nümayəndə heyətimizin digər üzvü Qənirə Paşayeva bildirib və üzv ölkələri bu ciddi problemlə mübarizədə fəal olmağa çağırıb.

aspaaaa

O, işgəncə və ölüm cəzası üçün istifadə olunan malların ticarətinə qarşı beynəlxalq qaydaların gücləndirilməsinin vacibliyini qeyd edib.

“Bu cür malların ticarəti ilə bağlı qaydalar daha da sərtləşdirilməlidir. Assambleya və üzv dövlətlər öz ərazilərində işgəncələr və ölüm hökmü üçün istifadə edilən malların ticarəti ilə məşğul olan şirkətlərin fəaliyyətinə imkan verməməlidir. Bununla bağlı hər hansı cəzasızlıq bizim üçün və ümumilikdə, bəşəriyyət üçün faciəvi nəticələrə gətirib çıxara bilər”.

Millət vəkili bildirib ki, Avropa Şurası hüdudları daxilində işgəncə vermək və ölüm hökmü qadağandır. Avropa İnsan Hüquqları Konvensiyası işgəncə vermək, qeyri-insani, təhqiredici rəftar və cəzanı qadağan edir. İşgəncələrin qadağan edilməsi beynəlxalq hüququn məcburi normasıdır.

“Avropa Şurasının demək olar ki, bütün üzvləri tərəfindən ratifikasiya edilmiş Konvensiyanın 6 saylı Protokolu ölüm hökmünü ləğv edir. Nəticə etibarilə, Avropada insan haqlarının himayədarı olan Avropa Şurası dünyada model rolunu oynayır və bu sahədə mövqeyini daha da gücləndirməlidir”, – deyə deputat diqqətə çatdırıb. O, belə hallarla bağlı qanunvericilik aktlarının qəbulunun önəmli olduğunu, amma kifayət etmədiyini deyib, qaydaların icra mexanizmlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb. Deputat üzv dövlətləri bu istiqamətdə daha ciddi olmağa, Assambleyanı isə təkcə tövsiyələr qəbul etməklə kifayətlənməməyə, məsuliyyət daşıdığını unutmamağa çağırıb.

Q.Paşayeva ölüm hökmü və işgəncələr üçün istifadə edilən malların ticarətinə son qoyacaq Qlobal Alyansın yaradılması təşəbbüsünü alqışlayıb. Bildirib ki, belə alyansın yaradılması qanunsuz təcrübələrin bu cür növlərinə son qoymaq üçün həlledici addımdır.

Etikxeber.az

 

Read Previous

Azərbaycanda ərzaq təhlükəsizliyi problemi varmı? – RƏYLƏR

Read Next

Millət vəkili Monitorinq komitəsində…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir