“Rəqibi öncədən yetərincə incələmişdik” – QURBAN QURBANOV

“Futbolçulara tapşırmışdım ki, az səhv buraxaq”
 
Etikxeber.az Musavat.com-a istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. 
Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində PAOK-u qəbul edən Ağdam klubu 2-0 hesabı ilə qələbə qazanıb.
Matçdan sonra keçirilən mətbuat konfransında Qurbanov qələbəni şərh edib: “Vacib qələbə qazandıq. İlk 2 oyunda qələbə qazana bilmədiyimiz səbəbindən oyunçularda həyəcan çox idi. Hamı matçın mahiyyətini anlayırdı. Bütün futbolçular əllərindən gələni etdilər. Çox şükür ki, oyun düşündüyümüz kimi alındı. Amma oyun həddindən artıq ağır idi. Çünki yaxşı komandaya qarşı oynayırdıq. Bilirdik ki, rəqib son görüşlərdə uduzmurdu. Bizim üçün vacib onların statistikası yox, öz oyunumuz idi. Artıq diqqətimizi səfər matçına yönəldəcəyik. Bir də ki, “Qəbələ”yə uğurlar arzulayıram. Məni tez buraxsanız, gedib, “Qəbələ”nin “Sent-Etyen”lə matçına baxacağam (gülür-red)”.
Qurban Qurbanov daha sonra jurnalistlərin suallarını cavablandırıb: 
 
– İkinci hissədə daha yaxşı oyun göstərdiniz. Fasilədə yetirmələrinizə hansı tapşırıqları vermişdiniz?
 
– Onları burada deyə bilmərəm. Amma matçın gedişində kiçik dəyişikliklər etdik. Ümumiyyətlə, hər komanda ilk hissədə düşündüyü oyunu qura bilir. Birinci hissədə rəqib bizim futbolçulara qarşı çox yaxın oynayırdı, bu da bizə çətinlik yaradırdı. Buna baxmayaraq, fasiləyə kimi 3 real qol epizodu yaratdıq. Bizim üçün vacib idi ki, düşündüyümüz oyun üslubunu sona qədər qoruyub saxlayaq. Futbolçulara tapşırmışdım ki, az səhv buraxaq. Çünki PAOK səhvlərdən maksimum istifadə etməyi bacaran komandadır. Düzdü, səhvlər oldu, amma bu, futbolda qaçılmazdır.
– Gözlədiyiniz PAOK-u meydanda gördünüz?
– Tam düşündüyüm komanda idi. Sadəcə, bir neçə futbolçusu var idi, onları oyundan kənarlaşdırmağa çalışırdıq. Ayrıca tapşırıq vermişdik. Rəqibi öncədən yetərincə incələmişdik. Futbolda həmişə risk var. Mən həmişə demişəm ki, əlimdəki futbolçularımın sayı nə qədər çox olsa, dəyişiklik etmək bir o qədər asandır.
– Ehtiyatda mərkəz müdafiəçisi yox idi. Bu, sizi narahat etmirdi?
– İki variantımız var idi ki, risk edəcəyimiz halda, Maksim və ya Qaranı o mövqedə oynada bilərdik. Pozitiv düşünmək lazımdır. Odur ki, narahat olmadan, bu heyətə güvənmişdik.
– Reynaldo zədənməsəydi, Dino Ndlovu əsas heyətdə yer alacaqdımı?
– Kim daha çox hazır idisə, onu da meydana buraxmalı idik. Dino öz üzərində daha çox çalışır. O, bu gün əsas heyətdə yer almağa layiqdir.
– Qrupdakı hazırkı xal durumunu necə qiymətləndirirsiniz?
– Hər şey göz önündədir. PAOK kimi bizim də 4 xalımız var. Ümumi oyunlara baxsaq, üstünlük PAOK-dadır. Çünki həm bizi, həm də “Slovan”ı öz meydanında qəbul edəcək. Biz isə 3 görüşdən ikisini səfərdə keçirəcəyik. Bu, heç də asan deyil.
– Mahir Mədətovun bugünkü oyunu ilə bağlı fikriniz necədir? Razı qaldınızmı?
– Mahirdən razı qaldım. Əlbəttə ki, təcrübəsi çatışmır. Onun az-az təcrübə toplayan vaxtlarıdır. Deyə bilmərəm ki, Mahirdə hər şey idealdır. Perspektivi qabaqdadır. Bugünkü matçda irəlidə sürəti artırmaq lazım idi ki, Mədətov bunu bacardı. Əsas da budur.
Etikxeber.az

Read Previous

Yazıçı-dramaturq Seyfəddin Dağlının 95 illik yubileyi qeyd olunub

Read Next

“Qəbələ” məğlub oldu – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir


Warning: Unknown: write failed: No space left on device (28) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/tmp) in Unknown on line 0