“Şərab və siyasət”-NATİQ CƏFƏRLİ YAP-IN SİYASİ SƏHNƏDƏN ÇƏKİLMƏSİNİ, İKİNCİ HAKİM PARTİYANIN YARADILMASINI İSTƏYİR

Son 5 ildə Azərbaycan hökuməti spirtli içkilər istehsal və ixracına xeyli vəsait xərclədi, amma bu sahənin də fəlsəfəsini, marketinq qaydalarını anlamadılar – nəticədə spirtli içki ixracı hər il artmaqdan azalır.

Bu ilin ilk 4 ayında bu sahədə ixrac cəmi 4,8 mln. dollar olub, ötən ilin eyni dövrü ilə müqaisədə 49%-ə yaxın azalıb.

Pandemiyanın bu işdə rolu minimumdur – əksinə, məsələn, ənənəvi ixrac bazaramız olan Rusiyada bu ilin ilk 4 ayında içki istehlakı 2019-cu ilin eyni dövrünə görə 3%-dən çox artıb (Gürcüstan Rusiyaya içki ixracını artırıb).

Hökumət “vizioner” deyil deyə məsələlərə səthi və situativ yanaşır. Hədəflərə çatmaq yollarını müəyyən edə bilmir, nəticədə görməli işlərin ardıcıllığını qarışdırır. Içki, əsas da şərab ixracı hekayəsiz mümkün deyil.

Şərabın hekayəsi yoxdursa bazarı da olmayacaq. Şərab bazarı çox çətin və rəqabətli bazardır, ənənəvi oyunçuları var ki, əsrlərlə bazarda dominantlıq edirlər. Şərab deyəndə ilk ağla həmişə Fransa, Italiya və Ispaniya gəlirdi.

İndi bazar daha da sıxlaşıb, son illər dünyada ən çox şərab satan ölkələrdən biri Çilidir.

Amma bu ölkə tam 20 il gələcəkdə satacağı şərabın hekayəsini qururdu – məlumdur ki, yaxşı şərab üçün keyfiyyətli üzüm dağətəyi bölgələrdə, dəniz havası dəyən yerlərdə yetişir.

Düz 20 il Çili dünyaya hekayə satırdı ki, əgər belədirsə bizim sahil zolağımız 6500 km-dir, And dağları və Sakit okeanın arasındayıq – əsl şərab üzümü yetişdirmə bölgəsi bizdədir. Hekayəni dünyaya danışa-danışa yaxşı şərabçılıq zavodları qurdular, əla, keyfiyyətli məhsul istehsal etməyə başladılar.

Son 15 ildə Çili şərabda dünya markası oldu, şərab ixracatı son zamanlar ilə 3 mlrd. dollara çatıb.

Eyni məsələ Gürcüstana da aiddir – adamlar SSRI vaxtından öz şərablarına hekayə qururdular – filmlər çəkirdilər, beyinlərə yeridirdilər ki, ən gözəl şərab SSRI də ancaq onlardadır. Müstəqillikdən sonra bu hekayəni dünyaya da satmağa başladılar.

Bizim şərab hekayəmiz yoxdur – qura bilmədik, indi də şərabın özünü sata bilmirik.

Siyasətdə də hekayə qurulucuğu və inandırıcılığı çox önəmlidir.

Hər bir addımın hekayəsi ictimayətə normal təqdim edilməlidir. Indi hökumət korrupsiyaya qarşı, güya, mübarizə aparır – amma inanan yoxdur.

Prezident hər gün problemlərdən danışır – sanki bu il seçki udub hökumət qurublar, olmur belə…

Islahat hekayəsi yazmağın da öz yolu var: Islahat etirafdan başlamalıdır.

Səhvlər və yanlışlar etiraf edilir, YAP siyasi səhnədən gedir, ideoloji təməlli və inandırıcı hekayəsi olan 2-ci hakim partiya yaradırlar və məhz o partiya yeni proqram və hədəflərini açıqlayır, hekayəsini elan edilir, bundan sonra addımlar atılır.

Ölkənin siyasi partiyaları yeni ideoloji hakim partiya ilə siyasi dialoq qurur – nəticədə məmləkətin önü açılır.

Məmləkətə islahat nağılı deyil də, inandırıcı islahat hekayəsi lazımdı.

Belə…

Natiq CƏFƏRLİ,

Ekspert

Etikxeber.az

Read Previous

Kənd təsərrüfatında əmək münasibətlərinin rəsmiləşdirilməsi ilə bağlı əsaslı dəyişiklik nə vəd edir?-EKSPERT YAZIR

Read Next

“Paşinyanı yalnız utanverici tarixləri narahat etmir…”-MÜSAVAT BAŞQANINDAN PAŞİNYANA KƏSKİN ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir