Səbail Şəhidləri: Diplom, məktəb Haqqı hələ də tanınmayan Cəmil Məmmədli VƏ CƏNNƏTDƏKİ İKİNCİ DOĞUM GÜNÜ, 21 YAŞI TAMAM OLAN CAVİDAN AĞAYEV…- FOTOLAR

Bu gün, 16 iyul tarixində, axşam saatlarında daha iki Şəhidimizin ailəsində oldum…

Daha iki İkinci Vətən Müharibəsi Şəhidləri-ailənin tək və subay oğlu, ali təhsilli Cəmil Habil oğlu Məmmədli və ailənin 5 (əslində yeddi) övladından biri, subay Cavidan Mirzağa oğlu Ağayevin ailə üzvlərini, valideynlərini ziyarət etdim…

Hər iki Şəhidimiz Bakının Səbail rayonunun Şəhidləridir…

Əslən İsmayıllıdan olan Cəmil Məmmədli Bayıl qəsəbəsində, Cavidan Ağayev isə “20-ci sahə” adlanan ərazidə yaşayıb…

Hər ikisi İkinci Vətən Müharibəsində Azərbaycan Ordusunun əsgərləri kimi iştirak edib və hər ikisi də oktyabr ayında, ayrı-ayrı günlərdə qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıblar…

Cəmil İsmayıllı rayon Şəhidlər Xiyabanında, Cavidan isə Badamdar qəbiristanlığında, Şəhidlər məzarlığında dəfn olunub…

Ziyarət zamanı hər iki Şəhidimizin ailəsinə bir daha başsağlığı verdim, bir daha onlara Allahdan səbr və dözüm arzuladım, bir daha “Şəhidlərimizin məkanları cənnətlik olsun! Ruhları qarşısında baş əyirəm!”-dedim…

Şəhidlərimizə, onların ailələrinə, valideynlərinə borclu olduğumu, olduğumuzu bildirdim, heç zaman borclarından çıxa bilməyəcəyimi, bilməyəcəyimizi dilə gətirdim…

Hər iki Şəhidimizin ailəsini ziyarətim təxminən 3 saat çəkdi…

Onlarla xeyli söhbətləşdim, dərdləşdim, bir daha onlarla birlikdə Şəhidlərimizin keçdikləri qısa, lakin şərəfli həyat və döyüş yollarına nəzər saldıq, ekskurs etdik…

Bu yerdə nəzərə çatdırım ki, Texniki Universitetin tələbəsi olmuş Cəmil Məmmədlinin hələ də diplomu ailəsinə təhvil verilməyib, eyni zamanda, təhsil aldığı orta məktəbə Onun adının verilməsi məsələsi müxtəlif bəhanələrlə uzadılır, yubadılır…

Bu isə Şəhidimizin ailəsini haqlı olaraq, üzür, incidir…

Və onlar tezliklə hər iki məsələnin müsbət həllini istəyir və tələb edilirlər…

Eyni zamanda, onu qeyd edim ki, bu gün həm də Cavidan Ağayevin Cənnətdəki ikinci doğum günüdür…

Onun Onsuz qeyd edilən 21 yaşı tamam olur…

Cavidan 2001-ci ilin 16 iyul tarixində sadə, kasıb, zəhmətkeş bir ailədə dünyaya gəlib və cəmi 19 yaşında Şəhidlik məqamına ucalıb…

Cənnətdəki ikinci doğum günü ilə bağlı bu gün səhər saatlarında məzarı ziyarət olunub, sonra isə məclis düzənlənib, adına ehsan verilib, ruhuna dualar edilib…

Məzarını ziyarətdə və Cənnətdəki ikinci ad günü ilə bağlı mərasimdə Şəhidin ailə üzvləri, yaxınları, Şəhid ailələri, Səbail rayon İcra Hakimiyyətinin nümayəndələri və digər şəxslər iştirak ediblər…

Onlar da Şəhidin ailəsinə səbr və dözüm arzulayıb, Cavidan Ağayevin Cənnətdəki doğum günü təbrik ediblər…

Məqamı Uca, Cənnətdəki ikinci doğum günü, 21 yaşı mübarək olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 151 yeni-YOLUXMA…

Read Next

“F-16″-ların əldə edilməsinə bəlkə də daha qapalı dairələrdə qərar veriləcək”-UKRAYNA RƏSMİSİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir