“Sosial şəbəkələrin savaş meydanına çevrilməsi yolverilməzdir və bu baxımdan da…”-MİLLƏT VƏKİLİ

Sosial şəbəkələrin qanunvericilik yolu ilə tənzimlənməsi məsələsi yenidən müzakirə mövzusuna və son günlərin aktual məsələlərindən birinə çevrilib. Çünki həqiqətən də, həyatımızın ayrılmaz bir parçasına çevrilən sosial şəbəkələrin qanunvericilik müstəvəsində tənzimlənməsi ehtiyacı, zərurəti yaranıb. Bu zərurət, bu ehtiyac gündən-günə də artmaqdadır. Bir çox üstünlüklərinə və müsbət tərəflərinə rəğmən, çox təəssüflər olsun ki, bu gün sosial şəbəkələr, digər internet resursları az qala döyüş, savaş poliqonuna çevrilib. Məkrli və təhlükəli dairələr, qüvvələr, klaviatura “qəhrəmanları” sosial şəbəkələrin, internet resurslarının imkanlarından yararlanaraq, bunlardan insanlara, siyasi rəqiblərə, dövlətlərə, xalqlara, hökumət və dövlət rəsmilərinə qarşı silah kimi istifadə etməyə çalışırlar. Onlar üçün əxlaq, dəyər, ölçü yoxdur. Hər kəsin üzərinə şər, böhtan atmaqdan, iftira yağdırmaqdan, xaos yaratmaqdan sanki zövq alırlar.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili, BDU-nun kafedra müdiri Kamilə Əliyeva deyib.

Bildirib ki, ən qorxulusu və ən təhlükəlisi isə odur ki, bir-biriləri ilə koordinasiyalı fəaliyyət göstərən, simbioz təşkil edən qüvvələr, dairələr insanlar, dövlətlər, xalqlar üzərində terror havası yaşadır, əsdirirlər.

“Bu kimi mənfi və təhlükəli halları, tendensiyaları artıq illərdir ki, dövlətimiz, xalqımız da yaşayır. Ermənipərəst antiAzərbaycan dairlərin, mərkəzlərin dirijor çubuğu ilə hərəkət edən daxildəki və xaricdəki “sapı özümüzdən olan baltalar” Azərbaycanın müstəqil inkişafına, onun beynəlxalq aləmdə gündən-günə artan nüfuzuna, imicinə xələl, zərər yeritmək üçün hər cür addımlara gedirlər. Şəxsi, dar, cılız, məkrli maraqlar, vəzifə, kürsü, hakimiyyət hərisliyi, “bəkə də qaytardılar” səfsəfəsi bunları heç cür rahat buraxmır və bu səbəbdən də, istənilən çirkin planların, ssenarilərin icraçılarına çevrilirlər.

Amma unudurlar ki, onların bu cür antiinsani, antidövlət, milli maraqlardan uzaq olan addımları cavabsız qala bilməz və qalmayacaq. Azərbaycan dövləti hüquqi, demokratik dövlətdir, ölkəmiz mükəmməl Konstitusiya və moden qanunlarla idarə olunur. Heç kim, arxalarında kimlərin, hansı güc mərkəzlərinin, kirli çevrələrin dayanmasına baxmayaraq, özlərini əlahiddə, qanunlardan yuxarıda apara, istədiyi qanunsuz hərəkəti, cinayəti törədə bilməz. Onlar yerli və beynəlxalq qanunlarla mütləq və mütləq şəkildə cəzalandırılmalıdırlar və cəzalanacaqlar. Onların qarşısında həm də güclü, qüdrətli Azərbaycan dövləti var. Nə onların, nə də məkrli havadarlarının planları, ssenariləri baş tutacaq. Necə ki, indiyə kimi, baş tutmayıb, bundan sonra baş tutmayacaq. Hamısı haqq etdikləri və layiq olduqları cəzalarını alacaqlar.

Onu da qeyd etmək gərəkdir ki, sosial şəbəkələrin hüquqi müstəvidə tənzimlənməsi ilə bağlı beynəlxalq təcrübə, bir sıra iri, aparıcı dövlətlərin nümunələri, qanunları mövcuddur. Həmin qanunlarda ciddi şərtləşdirmələr, sərt mexanizmlər nəzərdə tutulur. Odur ki, həmin nümunələrdən, təcrübələrdən, qanunlardan yararlanmaqla, bizdə də mütləq şəkildə savaş meydanına çevrilmiş sosial şəbəklərin hüquqi müstəvidə, qanunvericilik yolu ilə tənzimlənməsi lazımdır. Bu, heç də bəzilərinin iddia etdiyi kimi, söz və mətbuat azadlığının pozulması, məhdudlaşdırılması demək deyil. Bu əslində anarxiyanın, özbaşınalığın aradan qaldırılmasıdır. Bu baxımdan, inanıram və güman edirəm ki, nəhayət, bizdə də tezliklə bu məsələ özünün reallığını tapacaq, müvafiq qanunvericiliyə dəyişikliklər yolu ilə sosial şəbəkələrin tənzimlənməsi məsələsi mümkünləşəcək”-deyə, K. Əliyeva sözlərinə əlavə edib.

07:00

Etikxeber.az

Read Previous

Qənirə Paşayeva Ermənistanın son təxribatları ilə bağlı-APA-YA MÜRACİƏT ÜNVANLADI

Read Next

“Ermənistanın vəziyyətdən yalnız bir çıxış yolu görünür – işğalçılıq siyasətindən əl çəkmək, torpaqlarımızı azad etmək. Bu, onların yeganə xilas yoludur”-MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir