“SSRİ Nazirlər Soveti xarici ölkələrdən Ermənistana gələn ermənilərin yerləşdirilməsi barədə mühüm tədbirləri müəyyənləşdirən qərar qəbul etmişdi… İyul ayının əvvəllərində Livan və Suriyadan Ermənistana 2500 erməni ailəsi göndərilmişdi…”-TARİXÇİ-MİLLƏT VƏKİLİ FAKTLARI ORTAYA QOYUR

Livan və Suriyadan ermənilərin işğal edilmiş ərazilərimizə gətirilməsi məsələsinin mahiyyətini bilmək üçün Ermənistanın milli təhlükəsizlik strategiyasına diqqət yetirmək lazımdır. Orada birbaşa yazılır ki, demoqrafik böhran, əhalinin azalması və ermənilərin mühacirəti dövlətin mövcudluğunu təhdid edir. Bu gün Ermənistan nəinki ölkə daxilində, eyni zamanda, işğal etdiyi ərazilərdə yerləşdirməyə adam tapa bilmir. Bunun üçün insan potensialı yoxdur.

Ona görə də Ermənistan hakimiyyəti sovet dövründə olduğu kimi, yenə də xarici ölkələrdən ermənilərin “xoş həyat” adı ilə aldadılıb gətirilməsi yolundan istifadə edir. O zaman elə uydurma təbliğat aparmışdılar ki, sanki gələn ermənilər su kranını açanda oradan süd axdığını görəcəkdilər. Onlar nəinki süd görmədilər, hətta kranlardan suyun növbə ilə bir neçə saat verildiyinin şahidi oldular. Sonralar bir çoxu köçüb Avropa ölkələrinə və ABŞ-a getdilər. Bununla bağlı arxivlərdə çox maraqlı sənədlər saxlanılır.

Etikxeber.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib.

Deputat qeyd edib ki, konkret olaraq Yaxın və Orta Şərqdən ermənilərin gətirilməsi məsələsi yeni deyil, onun bəlli bir tarixi var. Hələ 1922-1923-cü illərdə keçirilmiş Lozan konfransından sonra xaricdən ermənilər Cənubi Qafqaza gətirilmişdi. O zaman Mosuldan gətirilən ermənilərin 8 min nəfəri Azərbaycanın yuxarı Qarabağ regionunda yerləşdirilmişdi. Ermənistanda sovet hakimiyyətinin qurulmasının 25 illiyi ilə əlaqədar olaraq 1945-ci il noyabrın 21-də SSRİ Xalq Komissarları Sovetinin sədri İosif Stalinin və XKS-nin işlər müdiri Mixail Smirtyukovun imzaladıqları 4 bənddən ibarət 2847 saylı qərara əsasən xarici ölkələrdən ermənilərin Ermənistana gəlməsinə icazə verilmişdi. Ermənistan SSR XKS yanında xüsusi komitə yaradılmışdı. Komitə digər ölkələrlə yanaşı, Livan və Suriya ermənilərinə də müraciət edərək onları Ermənistana dəvət etmişdi:

“1946-cı il iyunun 21-də SSRİ Nazirlər Soveti xarici ölkələrdən Ermənistan SSR-ə gələn ermənilərin yerləşdirilməsi barədə mühüm tədbirləri müəyyənləşdirən qərar qəbul etmişdi. İyul ayının əvvəllərində Livan və Suriyadan Ermənistana 2500 erməni ailəsi göndərilmişdi. Beyrutdan gətirilən ermənilərin ikinci dəstəsi 1100 nəfərdən ibarət idi. Sentyabr ayında Livan və Suriyadan gətirilən ermənilərin üçüncü dəstəsində 2427 nəfər var idi. Ermənistan K(b)P MK-nın birinci katibi Q.Arutinov 1946-cı il 10 oktyabr tarixli 787/s saylı tamamilə məxfi məktubunda İ.Stalinə yazırdı ki, 1945-ci il noyabrın 21-dən 1946-cı il oktyabrın 8-dək Ermənistana Livan və Suriyadan 17 min 992 erməni gətirilib. Ermənistana təqribən 20 xarici ölkədən ermənilər gətirilmişdi.

Onların yerləşdirilməsi üçün şərait olmadığından sonrakı illərdə azərbaycanlılar planlı şəkildə, zorla deportasiya edilmişdi. Nəticədə Ermənistanın türksüzləşdirilməsi, erməniləşdirilməsi yolunda növbəti addım atılmışdı. Sonralar bu gətirilmə dayandırılsa da, sovet rəhbəri Nikita Xruşşovun Ermənistana səfərindən sonra davam etdirilmişdi. 1970-ci ildə Livan və başqa ölkələrdən 1200 nəfər erməni Ermənistana gətirilmişdi. Əslində indi Ermənistanda yaşayan ermənilərin aşağı-yuxarı 500-1000 nəfəri Cənubi Qafqaz kökənli ola, ya olmaya. Qalanları gəlmələrdir. Ümumiyyətlə, ermənilər gəlmədirlər, regionda aborigen deyillər. İndi Ermənistan işğal etdiyi əraziləri məskunlaşdırmaq istəyir. Əgər Ermənistanın özünün əhalisi təxminən 2 milyon nəfərdirsə, həmin əraziləri necə məskunlaşdıra bilər? Əhali olmasa, hər hansı bir ərazini necə inkişaf etdirmək olar?

Könüllü” dəstələrin qurulması məsələsinin isə bir neçə tərəfi var. İlk növbədə, bu addım Ermənistanda demoqrafik böhranın göstəricisidir. Yəni, Ermənistan yaxın illərdə ordunun sıralarını əsgərlə doldurmaqda çətinlik çəkdiyi üçün bu yola baş vurur. Bu addımın digər məqsədləri də var. Hələ Birinci Dünya müharibəsi illərində ermənilərdən ibarət “könüllü” adı altında dəstələr təşkil edilmişdi. Həmin dəstələrin tərkibi cinayətkar elementlərdən ibarət idi. Bütün erməni “könüllü” dəstələrinin başında məşhur terrorçular dayanmışdı. Daşnak Ermənistanı ordusunun təməlini həmin terrorçu dəstələr təşkil etdi. Belə bir addımı atmaqla Ermənistan hərbi təcavüz başlayarkən qəbul etdiyi həmin ənənəni yenidən davam etdirir. Yenə də həmin “könüllü” dəstələr terrorçulardan və canilərdən ibarət olacaq. O zaman hər hansı bir əraziyə əvvəlcə “könüllü” dəstələr daxil olurdu, sonra isə nizami ordu. Bu, Ermənistanın terrorçu dövlət olduğunu təsdiq edir. Digər tərəfdən bu dəstələrin saxlanılması üçün vəsait haradan veriləcək? Deməli, onlar başıpozuq, nəzarətsiz dəstələr kimi Ermənistan daxilində bir-birinə qarşı silah işlədəcəklər” – deyə, M. Qasımlı vurğulayıb.

Etikxeber.az

Read Previous

Daha 137 yeni yoluxma-DAHA 3 ÖLÜM…

Read Next

Emreli millinin heyətindən-KƏNARLAŞDIRILDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir