“Türkiyə dövlətinin, Türk ordusunun güclənməsindən narahat olan qüvvələr var…”-TAHİR RZAYEV

Türkiyə xalqı və dövləti daim öz ordusu ilə, əsgər və zabitləri ilə fəxr edib, öyünüb. Bu gün də Türkiyə ordusu dünyanın ən qüdrətli ordularından biridir və o dünyada gedən bir çox sülhməramlı tədbirlərdə yaxından iştirak edir. Özünün sərhədlərinin qorunması, təcavüzün və ədalətsizliyin aradan qaldırılması üçün Türk ordusu daimi olaraq öz hərbi qüdrətini artırır. Silahlanmaya, müasir silahlarla təchiz olunmağa böyük üstünlük verir. Çox təəssüflər olsun ki, bir çox dövlətlər buna qısqanclıqla yanaşır və Türkiyə dövlətinin, Türk ordusunun güclənməsindən narahat olan qüvvələr var. Amerika Birləşmiş Ştatlarının (ABŞ) bugünlərdə Türkiyəyə qarşı qəbul etdiyi ədalətsiz qərar, sanksiya bu baxımdan xarakterikdir. Bu, ikili standartlara söykənir. Nəinki beynəlxalq normaları özündə əks etdirir, əslində ədalətsiz, xüsusi mənafeyə xidmət edən bir sanksiyadır.

Bunu Etikxeber.az-a açıqlamasında Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev dilə gətirib.

Komitə sədri deyib ki, hər bir dövlətin özünün borcudur ki, öz hərbi qüdrətini artırsın. Bu, onun həm borcudur, həm də vəzifəsidir.

“Əgər belə olmasa, həmin ölkə müəyyən təcavüz qarşısında davam gətirə bilməz. Öz torpaqlarını itirər, xalqını hörmətdən salar, insanlara başaşağılıq gətirə bilər. Biz bunu öz təcrübəmizdə görmüşük. Azərbaycan Ordusu 90-cı illərdə parakəndə, nizami ordu yox idi. Ona görə də torpaqlarımızı işğal altına düşdü. Ermənilər və onlara havadarlıq edənlər də az bir müddət ərzində Azərbaycanın 20 faiz torpaqlarını işğal etdi və 27 ildən çox bu torpaqlar işğal altında qaldı. 30 il bu torpaqlar əsir vəziyyətinə düşdü. Ancaq güclü ordumuz yox idi. Hərbi qüdrətimiz zəif idi və buna görə də torpaqları geri qaytarmaq mümkün deyildi.

Erməni təcavüzkarları bundan istifadə edərək danışıqlara getmirdilər, danışıqları pozurdular, beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymurdular. Özlərini bir hegemon, güclü dövlət kimi göstərirdilər. Ancaq şükürlər olsun ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğuna son illər böyük qayğı, diqqət göstərildi. Ordunun müasir silahlarla silahlanmasına, əsgər və zabitlərimizin döyüş qabiliyyətinin artırılmasına böyük önəm verildi və güclü Azərbaycan Ordusu yaradıldı. Məhz bunun nəticəsində biz 44 gün ərzində öz torpaqlarımızı azğın düşməndən tamamilə təmizləyə bildik. Düşmən məğlub olduğunu etiraf etdi, kapitulyasiyaya imza atdı və bu gün bizim sərhədlərimiz, kəndlərimiz, bizim ərazilərimiz qüdrətli Azərbaycan Ordusu tərəfindən qorunur və elə bilirəm ki, bundan sonra da qorunacaq.

Belə bir halda Türkiyə də özünü müdafiə etmək, özünü düşməndən qorumaq, xarici müdaxilənin qarşısını almaq, daxildə baş qaldıran qüvvələrə, terrorçulara qarşı mübarizə aparmaq üçün öz ordusunu gücləndirməlidir. Müasir silahlar, təyyarələr almalıdır, yeni texnoloji prosesləri həyata keçirməyi bacaran kadrlar yetişdirməlidir və indi buna qısqanclıqla yanaşmaq, bununla əlaqədar sanksiya tətbiq etmək elə bilirəm heç cür qəbul olunmazdır. Ona görə ABŞ-ın etdiyi bu sanksiya mənim fikrimcə, Türkiyə ilə bərabər həm də Rusiyanın əleyhinədir. Çünki Türkiyə bu silahları bilavasitə Rusiyadan alıb və Rusiya ilə bu gün yaxından əməkdaşlıq edir. Rusiya-Türkiyə əməkdaşlığının güclənməsi bir çox beynəlxalq dairələri, eləcə də, Amerika Birləşmiş Ştatlarını narahat etməkdədir.

Elə bilirəm ki, hər bir insan bunun kökündə nə durduğunu, bunun mahiyyətinin nədən ibarət olduğunu yaxşı duyur və dərk edir. Ona görə də bir Azərbaycan vətəndaşı olaraq bildirmək istəyirəm ki, bu sanksiya qərəzlidir, ədalətsizdir. Bu, Amerika Birləşmiş Ştatlarının hakim dairələrinin hörmətini artırmır, əksinə, onların imicinə müəyyən qaydada xələl gətirir. Çünki demokratik bir dövlət, dünyada sülhün, əmin-amanlığın tərəfdarı kimi çıxış edən bir dövlət belə sanksiyaları qəbul etməməlidir. Her bir dövlətin daxili işinə qarışmamalıdır. Odur ki, mən bu sanksiyanı bir sənəd kimi qərəzli və Türkiyənin mənafeyinə, o cümlədən, Rusiyanın mənafeyinə zidd bir sənəd kimi qiymətləndirirəm”-deyə, T. Rzayev sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Daha 4077 yeni yoluxma-DAHA 43 ÖLÜM…

Read Next

Prezident Ədilə Namazovanın vəfatı ilə əlaqədar nekroloq-İMZALADI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir