“Vəziyyətə baxırdım, görürdüm ki, gəlinəsi deyil…” – CAVANŞİR QULİYEV

Bu günlərdə Bakıda Şimali Kipr Türk Cumhuriyyətinin müstəqilliyinin 33-cü ili qeyd olundu. Tədbirdə dəvət olunmuş qonaqlar arasında hazırda Kiprdə yaşayan və fəaliyyət göstərən mahnıları ilə qəlblərdə taxt qurmuş bəstəkar, dəyərli şəxsiyyət Cavanşir Quliyev də var idi. Fürsətdən istifadə edib Cavanşir Quliyevə bir neçə sual ünvanladıq. 
Etikxeber.az Moderator.az-a istinadən həmin müsahibəni təqdim edir:
– Cavanşir bəy, yəqin ki, tədbirə görə vətəndəsiniz?
– Bəli, Kuzey Kıbrıs Türk Cumhuriyyətinin 33-cü quruluş ildönümü münasibətilə bu gün Azərbaycanda Şimali Kipri təmsil edirəm. Yəni vətənimdə başqa bir dövləti təmsil etməyə gəlmişəm və bundan çox qürurluyam. Artıq mənim iki vətənim var, ora da mənə vətən olub.
Bugünkü gün çox önəmlidir. Kuzey Kıbrıs Türk Cumhuriyyətinin yaşamı bizimçün örnək olmalıdır. Çünki biz 20 ildən çoxdur ki, Qarabağda  itirdiyimiz torpaqlarımızı ala bilmirik. Onlar isə aldılar, dövlətlərini də yaratdılar və orada da yaşayırlar. O xalq qəhrəman xalqdır, dövlətini qoruyur və inkişaf elətdirir. O üzdən bu bizə örnək olmalıdır.
 
– Biz sizinçün çox darıxırıq, bəs siz darıxmırsınızmı?
– Cəmiyyət üçün yox. Dostlarım, tanışlarım, qohum-əqrəba üçün darıxıram. Cəmiyyəti artıq internet göstərir və vəziyyəti bilirəm.
– Siz gedəndə düşünmüşdük ki, gedişiniz müvəqqəti olacaq və qısa zamanda geri qayıdacaqsınız. Amma  bu həsrət yaman uzun oldu…
– Gedərkən mən də elə düşünürdüm ki, tez qayıdaram. Hətta orada maşın almadım, evdə çox minimum əşya saxlayırdım, ezamiyyətə gedən adam kimi davranırdım. Deyirdim, əşşi uzun çəkməz, yəqin ki, dönərəm. Hər dəfə bura tətilə gələndə buradakı vəziyyətə baxırdım, görürdüm ki, bura gəlinəsi deyil. Belə-belə 11 keçdi…
– Sizin oradakı fəaliyyətinizi internet üzərindən qismən də olsa izləyirəm. Görürəm ki, oradakı tələbələrinizin də sizi buraxmaq  istəyi yoxdur…
– Tələbə universiteti bitirib gedir, amma mən özüm artıq oradakı tələbələrim üçün darıxıram. Burada 40 il dərs dedim, ancaq heç bir tələbəm üçün darıxmadım. Ancaq oradakı tələbələrim üçün yaman darıxıram. Buradan sabah İstanbula gedirəm, birisigün səhər də Ankaraya uçuram. Bir əsər var orada onu göstərməliyəm. Ankarada Teatrında bir məzunumuz var, orada işləyir, ona zəng vurdum ki, vaxt tap arada görüşək. Mən zəng vurdum ona, balaca şirin qızdı. Ona görə onlarçün darıxıram ki, çox səmimidirlər, tələbələri də səmimidir. Bizdə isə yalan çoxdur, saxtalıq çoxdur, hara baxırsansa hər şey saxtadır. Gülüş də saxta, təbrik də saxta, orada isə saxta heç bir şey yoxdur. Orada adam çox rahat olur. Oradakı insanlar ümumiyyətlə xoşgörülüdür, ilk dəfə bir insanla  tanış olanda onu yaxşı adam kimi qəbul edirlər. Bizdə isə kimləsə tanış olanda onu şübhəylə qəbul edirlər, baxım, görüm hələ kimdir, necə adamdır, sonrasına baxarıq deyirlər. Fərq bundadır və adam bu fərqi hiss edir, görür, bura gələndə də deyir ki, yox e, mən oranı istəyirəm.
– Yaradıcılığınızda nə kimi yeniliklər var?
– Yaradıcılığımda yeniliklər çoxdur. Hazırda 3 balet, bir aratoriya var, bir çox başqa əsərlər var. İstanbulda artıq 5-6 teatrda səhnələşdirilən tamaşalarda musiqilərim gedir. İndi də bir aratoriyanı aparıram Ankarada təhvil verməyə. Sifarişlər də çoxdur.
– İnsan öz eyibini yaxından yaxşı görə bilmir və ya uğurunu qiymətləndirə bilmir. Kənardan isə bu daha yaxşı görülür. Qardaş ölkədən baxanda musiqimizi hansı səviyyədə görürsünüz?  
– Musiqimiz çox yüksək səviyyədədir. O qədər yüksəkdir ki, bu cəmiyyət onu batıra bilmir, öldürə bilmir, öldürmək istəyir, amma bacarmır. Yəni bunu kənardan görə bilirsən. Bizim musiqilərdən ötrü orada ölürlər, təkcə orada yox, Avropada da, Amerikada da bu belədir. Çünki musiqimiz çox gözəldir və bu şəksiz, şübhəsiz belədir. Amma o musiqiləri yaradan xalq yoxdur. İndi torpağın üzərindəki başqa xalqdır, o xalq getdi. Mən indi ona yanıram ki, o xalqın davamı gəlmədi. İndi sadəcə cibində pasport gəzdirən, Azərbaycan xalqı adına iki ayaqlı canlılar gəzirlər. Amma bunlar Azərbaycan ədəbiyyatının, mənəviyyatın, mədəniyyətin, əxlaqının daşıyıcılarıdırmı, bax bunlar sual doğurur…
– Son olaraq bizim millətə nə arzulayardınız?
– O boyda məsuliyyəti öz üzərimə götürə bilmərəm. Sadəcə, dostlarıma can sağlığı arzulaya bilərəm, musiqisevərlərə gözəl musiqilər eşitməyi arzulayaram, müsahibəmizi oxuyanların hər birinə can sağlığı və işlərində uğurlar arzulaya bilərəm.
– Biz də sizə bu dar macalda, səs-küylü ortamda  zaman ayırıb suallarımızı cavablandırdığınız üçün təşəkkür edirik. Və Azərbaycan adından sizə can sağlığı, uzun ömür, yaradıcılıq uğurları arzulayırıq, hər zaman xoş səsinizi eşidək!
Etikxeber.az

Read Previous

Beytulla Hüseynov: “İltimas Məmmədova ev üçün 1,5 milyon pul vermişəm” – ŞOK

Read Next

İran Körfəzi ölkələrində turizm potensialımız intensiv şəkildə təbliğ olunur – Nazir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir