Valday, Aşqabad, Münxen və “Şərq Tərəfdaşlığı”: PAŞİNYAN VƏ ERMƏNİSTANIN NÖVBƏTİ FİASKOSU-KAMİLƏ ƏLİYEVA YAZDI

Dünyada ikili, üçlü standartlar, bəzi ölkələrə bir cür, digər, xüsusilə də, dünyaya ağalıq iddiasında olanların sözü ilə oturub-durmayan, öz müstəqil inkişaf xəttilə addımlayan ölkələrə başqa cür münasibət, ədalətsiz, haqsız mövqe sərgiləyirlər.

Bunu hər zaman müstəqil dövlətçilik və inkişaf xətti ilə addımlayan, qısa zaman kəsiyində dünyanın lider dövlətlərindən birinə çevrilən ölkəmizə qarşı münasibətdə açıq şəkildə görmüşük. Və çox təəssüflər olsun ki, dünya birliyi, aparıcı beynəlxalq qurumlar, Qərb, Avropa təşkilatları tərəfindən bu qərəzli münasibət bu gün də müxtəlif formalarda davam etməkdədir.

Bunu elə Avropa Şurası Parlament Assambleyasının, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun və digərlərinin timsalında daha aydın şəkildə görmək olar.

Onlar hər fürsətdə Azərbaycana qarşı ləkə, böhtan atmağa, ölkəmizin imicinə, nüfuzuna kölgə salmağa çalışırlar, guya ölkəmizdə demokratiyanın, insan hüquqlarının pozulduğunu iddia edirlər. Hansı ki, son 30-32 ildə ən adi insan hüquqları belə pozulmuş, tapdanmış bir milyona yaxın azərbaycanlının, qaçqın və məcburi köçkünlərin hüquqları haqda bir kəlmə olsun danışmır, bunu edən işğalçı və təcavüzkar Ermənistana qarşı qaşın üstə gözün var demirlər.

Hansı ki, bu, onların birbaşa borcu, vəzifəsi, işidir. Ancaq onlar hər zaman işğalçı və təcavüzkar Ermənistanın mövqeyindən çıxış edir, ona dəstək nümayiş etdirir və bununla da özlərinin əsl mahiyyətlərini açıb ortaya qoyurlar.

Özünüz də görürsünüz ki, işğalçı və təcavüzkar ölkənin özündə belə nələr yaşanır. Bir-birilərini əvəz edən hakimiyyətlər, hərbi xunta, cinayətkar rejimlər öz xalqlarının belə , hüquqlarını hər gün pozmaqda, tapdalamaqdadırlar. Hər gün demək olar ki, Ermənistanda insanların açıq-aşkar hüquqları tapdalanır, onların fiziki məhvindən belə çəkinilmir.

“Demokrat” libasında “zühur” edən Nikol Paşinyan da demokratik dəyərlərin, insan hüquqlarının pozulması və tapdalanmasında öncəkilərdən-hərbi canilərdən-koçaryanlardan, sarkisyanlardan heç nə ilə fərqlənmir, əksinə, öz antidemokratikliyi, öz qəddarlığı ilə onlardan daha da irəlidə gedir.

O, hakimiyyətə gəldiyi gündən bütün siyasi rəqiblərinə qarşı repressiya, təqib siyasətinə keçib. Hətta, onu hakimiyyətə gətirən, lakin son zamanlar bəzi məsələlərdə mövqeləri onunla uzlaşmayan tərəfdaşlarını da eyni üsullarla siyasətdən, siyasi həyatdan təcrid etmək, təqib, təzyiq yolunu tutub.

Bildiyiniz kimi, bir neçə gün öncə, iyunun 16-da “Çiçəklənən Ermənistan” partiyasının sədri, Ermənistan parlamentindəki “Sarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanın deputat toxunulmazlığı parlament tərəfindən ləğv edilib. O, ölkənin təhlükəsizlik qüvvələri tərəfindən ifadə vermək üçün istintaqa cəlb edilib və həbsi də istisna olunmur. Səbəb isə Sarukyanın məhz Paşinyanı tənqid etməsidir.

Paşinyan hakimiyyətini tənqid etməsindən sonra təzyiqlərə məruz qalması baş verənlərin birbaşa siyasi təqib olduğunu sübut edir. Ümumiyyətlə, hazırda Ermənistan təməl insan haqlarının ən kobud şəkildə pozulduğu ölkələrdən biridir. Bunu yerli hüquq müdafiəçiləri də öz hesabatlarında ətraflı şəkildə göstərirlər. Bəs beynəlxalq hüquq-müdafiə təşkilatları, aparıcı Qərb qurumları necə? Əfsuslar olsun ki, adlarını çəkdiyim qurumlar da daxil olmaqla, digər beynəlxalq təşkilatlar, hüquq-müdafiə təşkilatları Ermənistanda baş verən hadisələrlə, repressiyalarla bağlı bir kəlmə olsun, danışmırlar.

Hər şeyi yenə görməzdən gəlirlər, özlərini karlığa, korluğa, lallığa vururlar, susurlar, heç bir münasibət göstərmirlər. Bəs onların elan etdikləri, bar-bar bağırdıqları dəyərlər, insan hüquqlarının aliliyinin təmin edilməsi, demokratik azadlıqların qorunması harada qaldı? Niyə özlərinin elan etdikləri, ortaya qoyduqları dəyərlərinə qarşı bu qədər dəyərsiz və sayğısız mövqe nümayiş etdirirlər?

Səbəb aydındır: Paşinyanı hakimiyyətə gətirən dairələr, Qərbdəki, Avropadakı mərkəzlər, güclər və onların təsirində olan həmin beynəlxalq qurumlar, “insan-hüquq müdafiəçiləri” hələ də Paşinyanın hakimiyyətdə qalmasında maraqlıdırlar. Onları öz maraqları düşündürür və bu səbəbdən də susurlar, münasibət bildirmirlər. Əslində isə qeyd etdiyimiz kimi, demokratik dəyərləri özü üçün əsas dəyər seçən beynəlxalq təşkilatlar Ermənistandakı proseslərə nəinki çoxdan münasibət bildirməli idi, hətta bu ölkə rəsmiləri üçün sanksiya çağırışları etməli idilər.

Ancaq Ermənistandakı bu durum uzun müddət davam edə bilməz və etməyəcək. İstər Paşinyan iqtidarını, istərsə də Ermənistan cəmiyyətini daha böyük fəlakətlər və sarsıntılar gözləyir. Bu, qaçılmazdır.

Ermənistan cəmiyyətinin ancaq bir çıxış yolu var ki, şovinist, faşist ruhlu siyasətçilərdən birdəfəlik üz döndərsin, onları tarixin zibilliyinə atsın və qonşu Azərbaycanla normal qonşuluq, dinc yanaşı yaşamaq kursuna üstünlük versin.

Onların nicatı yalnız Azərbaycanla münasibətlərin yaxşılaşdırılmasından keçir və bunun üçün də işğalçı qoşunlar işğal olunmuş ərazilərdən birdəfəlik, çıxarılmalı, ədalətli sülhə razılıq verilməlidir.

Başqa yol yoxdur!

Yeri gəlmişkən, dünən-iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammiti keçirildi.

Bu Sammit bir daha bədnam və sərsəm Paşinyanın timsalında, simasında Ermənistanın növbəti fiaskosuna çevrildi.

Ermənistan baş nazirinin yersiz və avantürsit replikasına cavabında ölkə Prezidenti cənab İlham Əliyev Valday toplantısından, Aşqabad Sammitindən və Münxen Təhlükəsizlik Konfransından sonra Paşinyana və Ermənistana növbəti siyasi-diplomatik ölümcül və sarsıdıcı zərbəsini vurdu.

Cənab Prezident dedi:

“Bu, hər kəsə bəlli olan bir faktdır ki, Ermənistan Azərbaycanın ərazisini işğal edib. İkincisi isə Ermənistanın baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdurlar. Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyan soyadlı şəxs sonradan Ermənistana ekstradisiya edilib və Ermənistan prezidenti tərəfindən əfv olunub. Məhz buna görə belə məsələlər ətrafında müzakirə gedəndə ona sakit oturmağı tövsiyə edərdim…”.

Bəli, bu, həm Paşinyanın, həm də Ermənistanın növbəti uğursuzluğu, növbəti biabırçılığı, növbəti fiaskosu oldu və çətin ki, uzun müddət bunun təsirindən, zərbəsindən ayılalar.

Hər zaman da belə olacaq, hər zaman da kəskin, sərt, layiqli cavablarını alacaqlar-bütün cəbhələrdə, bütün meydanlarda!

Kamilə ƏLİYEVA,

Millət vəkili, professor, BDU-nun kafedra müdiri

Etikxeber.az 

Read Previous

“Kənd sakinlərini ciddi narahat edən problem həll edildi və…”- MİLLƏT VƏKİLİ

Read Next

“Biz nəinki yeni kəndlərin yaradılması qərarını, eləcə də, olanları qorumağı bacarmalıyıq…”- ZAHİD ORUC

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir