Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Günəşli” yatağında batanlara ithaf edirəm
Bir il də belə gəldi keçdi. Siz dənizin dibində, biz həyatın! Bəlkə də sizə qibtə edilməlidir, əziz ruhlar. Göy Xəzərin mavi ənginliyində düz bir ildir ki, arın-arxayın üzürsüz. Bizim kimi “üzən məzənnə”dərdi çəkmirsiz. Çəkməyə bir siqaretiniz vardı, siz gedəli o da artıq neçənci dəfədir bahalaşır. Təkcə siqaretmi? Qazımız da, elektrikimiz də. Deməli, yemək-içməyimiz də, pal-paltarımız da. Qısası, 2017-ci il bizə yaxşı heç nə vəd etmir. Qulağımız hər gün təzə-təzə sözlər eşidir. Resessiya-filan. Açıb baxırıq ki, resessiya latıncadan tərcümədə geriləmə deməkdir. O, iqtisadi bumdan sonra gəlir və öz yerini iqtisadi depressiyaya verir. Biz də belə xəbərləri oxuyub hər gün bir az daha depressiyaya düşürük. Lap dəvəsi ölmüş ərəbik…
Yaxşı, bəs siz neynirsiz? Niyə bu qədər nankorluq edib getdiniz? Ailənizin, arvad-uşağınızın yanına niyə qayıtmadız? Axı, onlara sizinlə daha rahat idi. Onlar sizinlə daha xoşbəxt görünürdülər. İndi yetim qalıblar, boynubükük qalıblar. Əlləri buz kimi soyuq, ürəkləri sevgisizdir . Eynən sizin Xəzər akvatoriyasındakı yatağınız kimi. Amma məncə nə qədər də pis olsa, Günəşli yatağından daha rahat olar indiki yatağınız! Üstünüz neft qoxumur, əliniz-üzünüz mazuta batmayıb. Batan bir özünüzsüz. Fəqət, dərd eləməyin, biz də batmışıq. Lap Aşqabad batan kimi! Sizin çıxartdığınız o üzüqara neft bizi də diri-diri gömüb. Bizə baxanda siz suya getməlisiz. Necə olmasa, dənizin dibindəsiz və zənnimcə ora daha maraqlıdır. Axı orada balıqlar, yosunlar, balıqqulaqları var. Burdakı qulaqların eşitmədiyini oradakı balıqqulaqlarına hayqırın. Soruşun, niyə öldünüz? Bəlkə sağ qala bilərdiz? Bəlkə sizin təhlükəsizlik jiletiniz hansısa yosunun saçına ilişib qalıb? Əyninizdə olsaydı, batmazdız bəlkə? Soruşun, yosunlardan. Bu bir ildə onların dilini əminəm ki, öyrənmisiz. Çətini adam dilidir vallah, çətini bizlərlə dil tapmaqdır.Bizlərlə dil tapa bilmədiniz ki, üzüb getdiniz uzaqlara, ucu-bucağı olmayan dənizə. Soruşun, o Allah bəlasını vermiş dənizdən də, sizi niyə qaytarmaq istəmir? Üzə-üzə gör haralara gedib çıxdınız? Xəzərin Türkmənistan sektoruna, ordan kim bilir hara? Qollarınız taqətdən düşüb, bu aydındır. Bircə əzizləriniz də yadınıza düşsəydi! Onlar bir ildir ki, yol gözləyirlər. Bayatı üstündə ağı deyə-deyə.
Mənim atam neftçidir
Günəşli platformasında
Ruhu sahilə baxır
Mühəndis formasında.
Kövrəldinizmi? Balalarınızı görmək üçün burnunuzun ucu göynəmədimi? Onda tutun dənizin yaxasından ,silkələyin onu. Bizimlə nə ədavətin vardı deyə soruşun.Soruşun, əziz ruhlar, qorxmayın. Daha sizə ölüm yoxdur!
Ləman Ələşrəfqızı,
Əməkdar jurnalist
Etikxeber.az