“Yolumuzdan çəkilməyə tələsməyənlər bilməlidirlər: Bakı-Ankara Birliyinin altında qalıb əzilərlər…”-MAYİS SƏFƏRLİ

Tovuzla sərhəddə döyüşlərin getdiyi bir vaxtda Prezident İlham Əliyev Xarici işlər naziri Elmar Məmmədyarovu işdən qovdu.

Cəmiyyət bu qərarı çoxdan gözləyirdi.

Baş diplomatın fəaliyyətsizliyi, rəhbərlik etdiyi qurumun korrupsiyaya bulaşması, hətta, Ermənistanın növbəti dəfə ölkəmizə təcavüz etdiyi bir vaxtda iş başında olmaması ictimaiyyəti narahat edirdi.

Ümumiyyətlə, xaricə istiqamətlənmiş işlərimizdə illərdir bir axsaqlıq, geriləmə var idi.

Bunun nəticəsi olaraq, torpaqlarımızı 30 ildir işğalda saxlayan ermənilər diplomatik platformada canfəşanlıq edir, az qala,öz hərbi cinayətlərini beynəlxalq ictimaiyyətə haqq işi kimi təqdim etməyə çalışırdılar…

Ölkə başçısının təyin etdiyi yeni nazir Ceyhun Bayramov artıq işə başlayıb.

O, ilk xarici səfərini Türkiyə Cumhuriyyətinə etdi.

Əlbəttə, bu, bizim qardaşlıq münasibətlərimizin ifadəsidir.

Lakin İyul döyüşlərində Türkiyənin bizə verdiyi dəstək, Azərbaycan -Türkiyə ordularının ölkəmizin ərazisində bu günlərdə keçirdikləri hərbi təlim fonunda bizim Xarici İşlər nazirimizin Ankara ziyarəti həm işğalçıya, həm də onun başını sığallayıb qudurdan sahiblərinə bir mesajdır.

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Ceyhun Bayramovla görüşündən sonra verdiyi bəyanat,əslində,bu mesajın açıqlamasıdır:

“12 iyul tarixində Ermənistan qardaş Azərbaycanın Tovuz rayonuna hücum edib.

Türkiyə Cumhuriyyəti olaraq o gün nə demişiksə, bu gün də onu deyirik. Azərbaycan tək deyil,bütün gücümüzlə Azərbaycanın yanındayıq”.

Ölkəmizin Xarici İşlər nazirinin “Bizim birliyimiz əbədidir!” deməsi də geniş rezonans yaratmışdır.

Bunun hansı məna daşıdığının,məncə, şərhə ehtiyacı yoxdur.

Zəngin karbohidrogen ehtiyatlarına, şaxələndirilmiş neft -qaz kəmərlərinə, yetərli maliyyə imkanlarına, samballı orduya, əlverişli coğrafi mövqeyə malik Azərbaycanın Türkiyə ilə birlik nümayiş etdirməsi iki qardaş dövlətin düşmənlərini və əleyhdarlarını, sözsüz ki, əndişələndirir, düşündürür.

Qoy düşünsünlər, bunun onlar üçün faydası ola bilər.

Bəlkə yaxşıca düşünüb, çəkilib oturarlar yerlərində.

Yolumuzdan çəkilməyə tələsməyənlər bilməlidirlər: bu Birliyin altında qalıb əzilərlər.

Bir vacib məsələni də heç kəs unutmamalıdır.

Bakı-Ankara Birliyi artıq konturları görünməkdə olan Böyük Türk Birliyinin təməli və nüvəsidir.

Bu, dəyişən dünyamızın reallığıdır.

İstər regionumuzda, istər dünyada sülhü, əmin-amanlığı təhdid edən, təhlükələr gətirmək istəyən bütün şər qüvvələr bunu ağıllarından çıxarmamalıdırlar!

Mayis SƏFƏRLİ,

Millət vəkili

Etikxeber.az


Read Previous

“Pekin müxtəlif “vasitələrlə” Qazaxıstana ərazi iddiası irəli sürür…”-TƏHLİL

Read Next

Prezidentdən əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında-SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir