“44 günlük Müharibə ilə həm də status-kvo, təmas, cəbhə xətti darmadağın edildi, Dağlıq Qarabağ məhfumu aradan qaldırıldı…”-ZİYAD SƏMƏDZADƏ YAZIR – (BİRİNCİ HİSSƏ)

Zəfərin ünvanı-Azərbaycan! Zəfərin mübarək, can Azərbaycan!

(Birinci hissə)

***

Artıq ağrılı-acılı, qanlı-qadalı böyük  bir dönəm geridə qaldı.

32 il öncə keçmiş SSRİ-nin rəhbəri Mixail Qorbaçovun və xaricdəki, Qərbdəki himayədarlarının dəstəyi, təhriki ilə Azərbaycana qarşı qanunsuz, əsassız, ədalətsiz ərazi, torpaq iddialarını irəli sürən, Qarabağın Azərbaycandan qoparılmasını, Ermənistana birləşdirilməsini iddiasını ortaya qoyan ermənilərin başlatdıqları qanlı 32 illik Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsinə son qoyuldu.

26 illik sözdə atəşkəs dövründə açıq və gizli fitnəkarlıqlarından, qanlı əməllərindən əl çəkməyən, işğalçılıq, təcavüzkarlıq niyyətlərini bir an olsun belə gizlətməyən, dayandırmayan işğalçı və təcavüzkar, faşist və terror dövləti olan – əslində ona dövlət də demək mümkün deyil, o, ən yaxşı halda vassal, forpostdur – Ermənistanın, 2018-ci ildən çevriliş, inqilab yolu ilə küçədən hakimiyyətə gələn, gətirilən, “Soros”un layihəsi olan Paşinyan hakimiyyətinin səngiməyən təxribatlarından, xüsusilə, 27 sentyabr 2020-ci il tarixli təxribatəndan sonra Ali Baş Komandan tərəfindən Azərbaycan Ordusuna, Azərbaycan Silahlı Qüvvələrinə bütün cəbhə boyu əks-hücum, əks-həmlə əməliyyatına başlamaq əmri verildi, “Dəmir yumruq” adı altında İkinci Vətən Müharibəsinə, İkinci Qarabağ Savaşına başladıldı.

Elə həmin gün-sentyabrın 27-də Ali Baş Komandan Azərbaycan xalqına tarixi müraciət edərək, Ermənistanın işğalçılıq siyasətinə artıq dözülməyəcəyini, ona qarşı sonunacan mübarizə aparılcağını, düşmənin  məhv ediləcəyini bəyan etdi. Həmçinin, sentyabrın 27-də, axşam saatlarında ölkədə Hərbi vəziyyətin elan olunması ilə bağlı əvvəlcə üzvü olduğum Milli Məclis qərar verdi, üstündən heç bir neçə saat keçməmiş ölkə Prezidenti hərbi vəziyyətin  elan olunması, komendant saatının tətbiqi ilə bağlı Fərman imzaladı. Sentyabrın 28-də ölkədə qismən səfərbərlik elan olunması ilə bağlı Ali Baş Komndanın Fərmanı qüvvəyə mindi.

Beləliklə, “Dəmir yumruq” adı altında başlayan İkinci Vətən Müharibəsi cəmi 44  gün davam etdi, 44 gün çəkdi. Müharibənin elə ilk saatlarından, ilk günlərindən də düşmən həm canlı qüvvə, həm də hərbi texnika sarıdan böyük itkilərə məruz qoyuldu. Düşmənin canlı qüvvəsi, saysız-hesabsız hərbi texnikası məhv edildi, qənimət kimi götürüldü. Bir-birinin ardınca kəndlər, qəsəbələr, şəhər mərkəzləri, rayonlar azad edildi.

Füzuli və Cəbrayılın 7 kəndinin, Murov dağı yüksəkliyindəki Murov zirvəsinin, eləcə də, Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsi ilə başlayan İkinci Vətən Müharibəsi zamanı Cəbrayıl şəhəri və kəndlərinin, Füzuli şəhəri və kəndlərinin, Hadrut qəsəbəsinin, Xocavəndinin bir neçə yaşayış məntəqəsinin, Zəngilan şəhəri və kəndlərinin, Qubadlı şəhəri və kəndlərinin, 20-ci ərsin ən böyük zülmünə məruz qalan, soyqırımı yaşayan yaralı Xocalının 9 kəndinin, Laçın rayonunun 3 bölgəsinin, ən nəhayət, Qarabağın, Azərbaycanın dilbər guşəsi, nəinki Azərbaycanın, dünyanın musiqi, sənət konservatoriyası-qədim Qalanın, Pənahəli xanın yadigarı olan Şuşanın 28 il 6 aylıq işğalına son qoyuldu. 1992-ci ilin mayın 8-də işğal edilən Şuşa düz 28 il 6 aydan sonra, 2020-ci ilin noyabrın 8-də düşmən, yağı tapdağından azad edildi. “Şuşa əməliyyatı” ilə Azərbaycan Ordusu, Azərbaycan Əsgəri nəinki Azərbaycan, ümumilikdə dünyanın hərb tarixində yeni bir səhifə açdı, elə bir səhifə ki, bunu hələ çox öyrənəcək, bundan hələ çox istifadə edəcəklər.

Noyabrın 8-də Şuşanın, noyabrın 9-da isə daha 72 kənd və qəsəbənin, daha 8 strateji yüksəkliyinin işğaldan azad edilməsi ilə düşmənin beli, müqaviməti tam qırıldı, o, ağ bayraq qaldırmaq, təslim olmaq məcburiyyətində qaldı. Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, eləcə də, işğalçı ölkənin baş nazirinin birgə bəyanatı, birgə imzası ilə 32 illik qanlı münaqişəyə son qoyuldu, Ermənistan təslim oldu, kapitulyasiya aktına qol çəkdi, məğlubiyyətini etiraf etdi.

Cəmi 44 günlük tarixi və möhtəşəm İkinci Vətən Müharibəsi, “Dəmir yumruq” əməliyyatı ilə Ermənistan diz çökdürüldü, məğlub edildi, Azərbaycan xalqının Qarabağ nisgilinə, Qarabağ həsrətinə son qoyuldu. 44 günlük Müharibə ilə həm də status-kvo, təmas, cəbhə xətti darmadağın edildi, Dağlıq Qarabağ məhfumu aradan qaldırıldı. Ali Baş Komandanın qeyd etdiyin kimi, indi nə təmas xətti, nə status, nə də Dağlıq Qarabağ deyilən bir coğrafi məhfum var.

Bəli, Müzəffər, Qalib Sərkərdə-ölkə Prezidenti cənab  İlham Əliyevin rəhbərlik etdiyi  şanlı və rəşadətli Azərbaycan Ordusu, İgid, Qəhrəman, Cəsur Azərbaycan Əsgəri böyük Tarix, Dastan yazdı. Azərbaycan Əsgəri dünya hərb tarixinə yeni mərhələ gətirdi, yeni cığır açdı. Bunu biz demirik, bunu ABŞ-ın, bunu Avropanın, Qərbin, NATO-nun, Rusiyanın  tanınmış hərbi mütəxəssisləri, hərbi ekspertləri deyirlər.Etiraf edirlər ki, Azərbaycan Ordusu, Azərbaycan Əsgəri 44 günlük Müharibə ilə bir çox hərbi qaydaları, reallıqları dəyişdi, dəyişdirdi.

Bəli, Azərbaycan Ordusu, Azərbaycan Əsgəri buna da birdən-birə nail olmadı. Bunun üçün illər, on illiklər lazım gəldi. Buna Ulu Öndər Heydər Əliyevin 1993-ci ilin ağır günlərində ikinci dəfə hakimiyyətə gəlişi, ölkəni, Azərbaycanı parçalanmaqdan, dağılmaqdan, bölünməkdən xilas etməsi, ölkədə bütün sahələrdə,  xüsusilə, xaotik vəzyyətdə olan Silahlı Qüvvələrdə dəmir nizam-intizam yaratması, əsl Ordu quruculuğuna start verməsi ilə nail olundu. Qısa zaman kəsiyində biri-birini tabe olmayan, bir-birinin sözü eşitməyən hərbi birləşmələr, silahlı dəstələr, könüllülər batalyonları ləğv edildi və  hamısı Silahlı Qüvvələrə, Müdafiə Nazirliyinə, vahid komandanlığa tabe etdirildi. Peşəkar, nizam-intizamlı, hərb sənətinin bütün incəliklərinə malik olan yüksək səviyyəli Ordu yaradıldı.

Azərbaycan hərççiləri, hərb sənətinə yiyələnmək istəyən gənc Azərbaycan övladları xarici ölkələrin, xüsusilə, son 32 ildə, Qarabağ münaqişəsi başlayan gündən daim yanımızda olan, öz təmənnasız dəstəyini nümayiş etdirən dost-qardaş Türkiyənin yüksək səviyyəli ali hərb məktəblərinə oxumağa, təcrübə keçməyə göndərildilər.

Qısa zamanda da bu addımlar öz müsbət səmərəsini və töhfəsini verdi- istər 2016-ci ilin tarixi Aprel döyüşlərində, istərsə də 2018-ci ilin uğurlu  Cünnüt əməliyyatında. Azərbaycan Ordusu 2016-cı ildə elə bir peşəkarlıq, ustalıq, döyüş əzmi göstərdi ki, üstündən heç bir müddət keçməmiş Ermənistanda xaos yaranmağa başladı, qanlı, cinayətkar xunta rejimi, hərbi cani Kocaryanın davamçısı, Xocalı qatillərindən olan Sarkisyan hakimiyyətdən getmək məcburiyyətində qaldı.

Bəli, bir an olsun belə yerində dayanmayan, gündən-günə güclənən, mətinləşən Azərbaycan Ordusu nəhayət, öz sözünü deməliydi və dedi. 2020-ci ilin iyul-Tovuz hadisələrindən başlanan yol, 29 sentyabr-9 noyabr tarixlərində yaşanan Dastan öz məntiqi sonluğuna, tarixi Qələbəyə və Zəfərə gətirib çıxardı. Həm də elə bir Qələbəyə və Zəfərə ki, 3 tarixi bölgəmiz-Kəlbəcərimiz, Ağdamımız, Laçınımız bir güllə atılmadan və bir Şəhid verilmədən ardıcıllıqla 21 günün içərisində azad edildi, 27-28 illik işğaldan qurtuldular.

Azərbaycan-İlham Əliyev diplomatiyasının gücü, Ali Baş Komandanın uzaqgörən və müdrik siyasəti, “Dəmir yumruq” nəticəsində bunlar mümkünləşdi, namümkünlər bir andaca mümkünə çevrildi. Bəli, 44 günlük Müharibə, tarixi Qələbə, möhtəşəm Zəfər həm də  igidlərimizin qanları, canları bahasına başa gəldi, 2800-ə yaxın Şəhid vedik, 1300-ə yaxın yaralımız var, 100-dən çox itkinimiz oldu.

 Qələbə, Zəfər təəssüflər olsun ki, itkilərsiz  mümkün olmur. Bu, yazılmış və yazılmamış bir qanundur. Amma bir məsələ də var ki, onlar yüksək amallar uğrunda. Vətən, torpaq uğrunda canlarından keçdilər, fədakarlıq göstərdilər, Ölümsüzlüyə qovuşdular, Şəhidlik məqamına ucaldılar. Başımızın tacıdırlar, müqəddəs and yerimizdirlər. Azərbaycan yaşadıqca, var olduca, onlar da mənən, ruhən yaşayacaqlar. Müqəddəs ruhları qarışısında bir daha baş əyirik.

Bəli, Qələbəmiz, Zəfərimiz həm də Azərbaycanın güclü iqtisadi inkişafı nəticəsində mümkün oldu. Çünki güclü iqtisadiyyata malik olmadan qüdrətli Orduya,  əzəmətli hərbi müdafiə sisteminə də malik olmaq mümkün deyil. Güclü Ordunun təməlində güclü iqtisadi baza dayanır.

 Ulu Öndərin açdığı, böyük neft strategiyası ilə başlanan yolla uğurlardan-uğurlara, nailiyyətlərdən-nailiyyətlərə doğru böyük məsafə qət edildi. Xüsusilə,  son 17 ildə, ölkə Prezidenti cənab İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan iqtisadiyyatı daha da inkişaf etdirildi, dünyaya Azərbaycan adlı iqtisadi inkişaf modeli təqdim edildi.

 Azərbaycan insanın maddi-rifah halı yükəldildi, dövlət hər zaman özünü vətəndaşının yanında hiss etdirdi, onu naumid qoymadı, sahibsiz buraxmadı və nəticədə də Azərbaycan Ordusu gücləndi, qüvvətləndi və 44 gündə öz sözünü dedi.

Bəli, Müharibənin başa çatmasından bir aydan bir qədər çox zaman keçsə də, biz hələ də o gözəl, duyğulu, sevincli hisslər altındayıq. Çünki 32 ildi ki, bunu, bu anları gözləyirdik. Buna haqqımız çatırdı, bunu sonunacan Haqq edirdik.  Biz Haqqımıza, Haqq etdiyimizə qovuşduq.

(DAVAMI VAR)

Ziyad SƏMƏDZADƏ,

Akademik, millət vəkili

Etikxeber.az

Read Previous

Tibbi maska və epidemiya əleyhinə rejimin pozulmasına görə-CƏRİMƏLƏR YENİDƏN ARTIRILIR… – YENİLƏNİB – (2)

Read Next

Həmrəylik günü və Yeni il bayramı ilə əlaqədar şənliklərin təşkili yolverilməzdir-DİN-DƏN XƏBƏRDARLIQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir