“Əgər Şuşa və Laçın, xüsusilə, Laçın dəhlizi işğal olunmasaydı,ermənilərin və onların havadarlarının niyyətləri, işğal planları tam baş tutmayacaqdı…”-ELDAR İBRAHİMOV 28 İL ÖNCƏ BAŞ VERƏNLƏRDƏN, LAÇININ İŞĞALINDAN VƏ ALİ SOVETİN 18 MAY TARİXLİ SESSİYASINDAN DANIŞDI…

Eldar İBRAHİMOV: “Ölkədə yaranmış son dərəcədə ağır-çıxılmaz durumu nəzərə alaraq, ürəyimin hökmü ilə böyük dövlət xadimi, siyasət ustası, xalqımızın dahi oğlu Heydər Əliyevin namizədliyini irəli sürdüm və …”

Etikxeber.az-ın müxbirinin suallarını professor, Mİlli Məclisin (MM) İntizam komissiyasının sədri Eldar İbrahimov cavablandırır:

-Eldar müəllim, bu gün daha bir yurd yerimizin-Laçının işğalı günüdür. Düz 28 il öncə Azərbaycanın alınmaz qalalarından olan Laçın rayonun düşmən tərəfindən işğal olundu. Həmin günləri necə xatırlayırsınız, Laçına, o yerlərə bir də dönüş olacaqmı?

 -Bəli, bu gün hər birimiz üçün çox ağır, çox nisgilli, çox üzüntülü bir gündür. Bu gün Azərbaycanımızın dilbər guşənlərindən, laçınlar, qartallar qayası olan Laçının erməni və Ermənistan hərbi birləşmələri tərəfindən işğal edildiyi gündür. Laçının işğalından düz 28 il keçir. Laçının işğalı da elə-belə, birdən-birə baş vermədi. Çünki Laçının işğalı ilə (ondan öncə isə Şuşanın) Dağlıq Qarabağ və onabitişik ərazilərimizin işğalının, ilhaqının belə demək mümkünsə, əsası qoyuldu. Emənistanın və onun havadlarının başlıca məqsədi Şuşanın və Laçının işğalına nail olmaqla, Ermənistanla birbaşa əlaqə yaratmaq və digər bölgələrimizin də işğalını gerçəkləşdirmək və reallaşdırmaq idi. Əgər Şuşa və Laçın, xüsusilə, Laçın dəhlizi işğal olunmasaydı, Ermənistanın, ermənilərin və onların havadarlarının niyyətləri, işğal planları tam baş tutmayacaqdı, Qarabağ məsələsi ötən illər ərzində bu qədər dalana dirənməyəcəkdi. Odur ki, düşmən bu iki bölgəni işğal etməklə, qismən də olsa, öz məkrli planlarını gerçəkləşdirmiş və reallaşdırmış oldu.

Bununla da Azərbaycan topraqlarının 20 faizi işğal olundu və bu gün də həmin işğal olunmuş ərazilərimiz düşmən tapdağı altında inləməkdədir. Çox təəssüflər olsun ki, həm Şuşanın, həm də Laçının işğal olunmasında o zamankı hakimiyyət böhranının, boşluğunun da boyük rolu oldu. Torpaqlarımızın işğalına həm də həmin vaxt hakimiyyətdə olanların səriştəsizliyi, eyni zamanda, hakimiyyətə iddia edən qüvvələrin vəzifə, kürsü hərisliyi təsir göstərdi. O dövrdə olanları, yaşananları yaşlı və orta nəsil yaxşı xatırlayır, hər şey hamının gözü qarşısında baş verib. Məkrli düşmən və onun havadarları da məhz bundan yararlanaraq, rayonlarımızı, o cümlədən, Laçınımızı işğal etməklə Azərbaycanı bir çox bəlalara və məhrumiyyətlərə düçar edə bildilər. Ermənistan, təxribatçı Paşinyan hakimiyyəti yenə də destruktiv, antiinsani fəaliyyətindən geri çəkilmir, münaqişənin həllinə mane olmaq üçün bütün addımlara gedilir.

Ancaq Aprel hadisələri, Cünnüt əməliyyatı bir daha göstərdi ki, Azərbaycan dövləti və Azərbaycan xalqı işğal faktı ilə heç zaman barışmaq istəmir, istəməyib və bundan sonra da istəməyəcək. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır və nida işarə işarəsi. Biz münaqişənin sülh və danışıqlar yolu ilə həllində maraqlıyıq və bunun üçün də əlimizdən gələni edirik. Amma bizim də səbrimizin sonu, həddi var. Əgər münaqişə sülh yolu həll olunmasa, o zaman Ali Baş Komandanımızın rəhbərliyi ilə işğal altında olan torpaqlarımızı, o cümlədən, 28 ildir düşmən, yağı tapdağında inləyən Laçınımızı azad edəcəyik. O gün uzaqda deyil. Buna hər kəs əmin olsun!

– Məlumdur ki, həmin gün, 1992-ci ilin mayın 18-də həm də keçmiş Ali Sovetin sessiyası keçirilirdi və …

-Tamamilə, doğrudur. Çox təəssüflər olsun ki, torpaqlarımızın işğalı baş verdiyi günlərdə paytaxtda hakimiyyət uğrunda ölüm-dirim savaşı gedirdi. Bu isə ən çox düşmənin işinə yarayırdı. Yuxarıda da dediyim kimi, əgər həmin vaxtlarda hakimiyyətsizlik, siyasi oyunlar baş verməsəydi torpaqlarımız da işğal olunmazdı, bugünkü mənzərə də tamam başqa cür olardı…Amma…Həmin sessiyada mən də bir millət vəkili kimi iştirak edirdim və hər birimizi böyük təhlükə gözləyirdi. Çünki AXC-nin silahlı dəstələri hər yeri nəzarət altına almışdılar…Belə bir şəraitdə biz sessiya keçirirdik. Sessiyada Ali Sovetin sədrinin seçilməsi məsələsi gündəmə gələndə bəzi şəxslərin adları şəkildi, namizədlikləri irəli sürüldü. Müəyyən bir qrup İsa Qəmbərin, bir-iki nəfər isə Etibar Məmmədovun namizədliyini irəli sürdü. Ancaq Etibar Məmmədov imtina etdi. Mən də ölkədə yaranmış son dərəcədə ağır-çıxılmaz durumu nəzərə alaraq, ürəyimin hökmü ilə böyük dövlət xadimi, siyasət ustası, xalqımızın dahi oğlu Heydər Əliyevin namizədliyini irəli sürdüm. Eyni zamanda, başqa bir neçə həmkarım da mənim təklifimi dəstəklədi.

Dedim ki, əgər demokratiyadırsa, demokratiyadan danışılarsa, o zaman mən də Heydər Əliyevin namizədliyini irəli sürürəm. Çünki bilirdim ki, hakimiyyəti ələ keçirmiş AXC ölkənin idarə edə bilməyəcək, ölkədə daha böyük xaos və anarxiya yaranacaq. Çünki onların təcrübələri, səriştələri yox idi, hakimiyyət, dövləti idarə etmək nə deməkdir bilmirdilər, onlara Azərbaycan xalqını və dövlətini etibar etmək olmazdı… Nə isə, sessiyada fasilə elan olundu və təklif olundu ki, mən, Arif Hacılı və Ziyad Səmədzadə ilə birlikdə Naxçıvana zəng edib Heydər Əliyevin fikrini öyrənək. Bu məqsədlə biz  birinci vitse-spiker Ziyad Səmədzadənin otağına qalxdıq ki, Heydər Əliyevə zəng edək. Otaqda mənimlə, Ziyad müəlimlə yanaşı, Arif Rəhimzadə və Arif Hacılı da var idi. Arif Rəhimzadə də mənə dəstək üçün ora gəlmişdi. Amma nə qədər cəhd etdiksə, Heydər Əliyevlə əlaqə yaratmaq mümkün olmadı. Çünki, bu, AXC-nin işinə yaramırdı, onlar Heydər Əliyevin Ali Sovetin sədri olmasını istəmirdilər və buna hər çür maneçilik törədirdilər. Məhz onların göstərişilə Naxçıvanla, Heydər Əliyevlə rabitə yaratmaq mümkün olmadı, xətt kəsildi. Beləliklə, sessiyada İsa Qəmbər parlamentin sədri seçildi.

Sonra baş verənlər də hamımızın yenə gözləri qarşısında olub. Azərbaycanı nə günə qoydular, nə hala gətirdilər hamımıza yaxşı məlumdur. Ölkədə anarxiya, xaos, özbaşınalıq daha da artdı. Ölkə vətəndaş müharibəsi, parçalanmaq, dağılmaq həddinə gəlib çatdı. Yəni, mənim, ehtimallarım, gümanlarım, proqnozlarım özünü doğrultdu. O mənada ki, mən hələ öncədən bunların uğurzsuzluğa düçar olacağını hiss edirdim. Yenə də deyirəm ki, küçədən birbaşa hakimiyyətə gələnlərin dövləti idarə etməsi mümkünsüz bir işdir. Onlardan dövlət adamı, xalqa rəhbərlik edən olmazdı. Onların savadları, qabiliyyətləri, səriştələri sıfırın altında idi. Ancaq həmin vaxt Heydər Əliyevə qarşı təxribat olmasaydı, o, Ali Sovetin sədri seçilsəydi, sonrakı müsibətlər, işğal faktları da yaşanmazdı…Amma vəzifə, kürsü hərisləri hər şeyi məhv etdilər…İndi onların bəziləri “aktivləşməkdə”, “fəallaşmaqdadırlar”…”Şuşa gedərsə, başına bir güllə çaxacağam”-deyən Rəhim Qazıyev, gözünü kin-küdurət, vəzifə, hakimiyyət həsrisliyi bürümüş Əli Kərimli və onun əlinin altındakılar, millilikdən uzaq Milli Şuradakılar yenidən siyasi səhnədə at oynatmaq iddiasındadırlar…Yenə də hər cür rəzil addımlara getməkdədirlər, ağıllarına və ağızlarına gələnləri ifraz etməkdədirlər…Amma bir şeyi yaddan çıxarırlar və çıxarmasınlar ki, onların dövranı, zamanı çoxdan keçib, onlar 27 il öncə tarixin arxivinə atılıblar. Bu gün güclü, qüdrətli Azərbaycan dövləti və onun çox hörmətli Lider rəhbəri- İlham Əliyev var!

Etikxeber.az

Read Previous

“Hər kəs nəticəsi çıxarsın, çıxarmayanlar isə özlərindən küssünlər, aqibətləri o birilərindən fərqli olmayacaq…”-DEPUTAT

Read Next

Ombudsmanın müraciəti əsasında Baş Prokurorluqda-CİNAYƏT İŞİ BAŞLANDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir