“Ən böyük təhlükə isə bizim bəzi ziyalıların, hətta bəzi həkimlərin koronavirus infeksiyasının mövcudluğunu şübhə altına almasıdır”-MM-İN SƏHİYYƏ KOMİTƏSİNİN SƏDRİ

Dövlətimiz, Prezidentimiz hər şey edir ki, koronavirusa qarşı uğurla mübarizə aparaq. Amma son vaxtlar bəzi rəqəmlər bizi narahat edir. Doğrudur, bu göstəricilər bir çox ölkələrlə müqayisədə xeyli yaxşıdır. Buna baxmayaraq, yoluxmanın artması bizi narahat etməyə bilməz. Mütəxəssislərin fikrinə görə, bunun əsas səbəbi karantin rejiminin yumşaldılması, bəzi insanların məsuliyyətsiz davranışlarıdır. Hər bir vətəndaş tibbi maskadan istifadə etməli, gigiyenik qaydalara riayət etməli, sosial məsafə saxlamalıdır.

Etikxeber.az xəbər verir ki, bunu akademik, Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

“Düşünürəm ki, ən böyük təhlükə isə bizim bəzi ziyalıların, hətta bəzi həkimlərin koronavirus infeksiyasının mövcudluğunu şübhə altına almasıdır. Bu, çox böyük təhlükədir. Əgər həkimlərimiz, ziyalılarımız deyirsə ki, ölkəmizdə koronavirus yoxdur, onda başqalarından nə gözləyək? Bu, təhlükəli tendensiyadır. Əgər belə məsuliyyətsiz olsaq, hansı nəticə ala bilərik?”-deyən komitə sədri bildirib ki, hər bir xəstəliyin müalicəsindən daha asan onun profilaktikası, qarşısının alınmasıdır:

“Amma biz müşahidə edirik ki, stasionar müalicə üçün müraciət edən xəstələr bəzi hallarda ağırlaşmış formada olanlardır. Onlar ağırlaşmalarla xəstəxanaya gətirilirlər. Bu xəstəliyin əlamətini hiss edən insanlar mütləq təcili olaraq həkimlərə müraciət etməlidirlər. Mən əminəm ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə aparılan genişmiqyaslı kompleks tədbirlər öz nəticəsini verəcək, yaxın vaxtlarda pandemiya ilə mübarizədə daha yüksək nəticələr əldə edəcəyik…”.

Etikxeber.az

Read Previous

İsraildə səfirliyi hansı dövlət açacaq: Ermənistan yoxsa Azərbaycan?-TƏHLİL

Read Next

“Özləri-özlərinin faciəli sonluğunu gətiriblər və gətirirlər…”-DEPUTAT YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir