“Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanun layihəsi birinci oxunuşdan keçdi

Milli Məclisin (MM) mayın 1-də keçirilən plenar iclasında “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” yeni qanun layihəsi konseptual şəkildə müzakirəyə çıxarılıb.

Etikxeber.az-ın xəbərinə görə, layihə barədə MM-in Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini, deputat Kamran Nəbizadə məlumat verib.  Qeyd edilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları beynəlxalq ekspertlərin iştirakı ilə uzun müddət bu sənəd üzərində işləyiblər. Nəticədə 5 fəsil, 17 maddədən ibarət yeni qanun layihəsi meydana gəlib. Sənəddə ölkəmizin 1999-cu ildə qoşulduğu Espo Konvensiyasının, yəni transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında konvensiyanın müddəaları nəzərə alınıb.

Bu qanun təsərrüfat və başqa fəaliyyətin, habelə strateji sənədlərin və ərazi planlaşdırılması sənədlərinin ətraf mühitə təsirinin qiymətləndirilməsi prosesinin hüquqi, iqtisadi, təşkilati əsaslarını müəyyənləşdirir və bu sahədə yaranan münasibətləri tənzimləyəcək. Qanuna əlavə olunmuş sənəddə 33 fəaliyyət növünün siyahısı verilib. ƏMTQ-nin əsas məqsədi  həmin siyahıda yer almış fəaliyyətlərin həyata keçirilməsi (məsələn, karbohidrogen ehtiyatlarının hasilatı, neft və qaz emalı zavodlarının, metallurgiya zavodlarının tikintisi, su bəndlərinin və su anbarlarının, magistral avtomobil yollarının, dəmiryol xətlərinin, hava limanlarının layihələndirilməsi və s.) zamanı ətraf mühitə mümkün mənfi təsirlərin aşkarlanıb aradan qaldırılmasıdır.

Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

MM-in xüsusi iclasının çağırılması təklif olundu

Read Next

Paşinyan Ermənistanın baş naziri seçilmədi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir