“Ali Baş Komandanımızın qeyd etdiyi kimi, düşmənə yenidən onun öz yerini göstərəcəyik”-JALƏ ƏLİYEVA İŞĞALÇI ERMƏNİSTANIN YENİ VƏ DAHA AĞIR “APREL DÖYÜŞLƏRİ” İLƏ ÜZ-ÜZƏ QALACAĞINI İSTİSNA ETMƏDİ

On illərdir, yüz illərdir içini kin-küdurət, kif, məkr basmış, ruhu çirkabla dolmuş ermənilər və qondarma Ermənistan dövləti öz mahiyyətini bir daha və adəti üzrə açıb göstərdi.

Niyyətinin, məqsədinin xəstə düşüncələrdən yoğrulmuş zəhərli və məkrli planlardan, insanlıq və bəşər əleyhinə cinayətlərdən o yana keçmədiyini və keçməyəcəyini bir daha sübuta yetirdi.

Kifayət qədər, sonsuz və sonu görünməyən problemlərlə, təlatümlərə çalxalandığı bir dövrdə yenə də fitnəkarlığından, təxribatından, haylığından əl çəkmədi,

Azərbaycanla sərhəddin Tovuz istiqamətində yenidən qan tökməyə, gərgin vəziyyəti, sülhə ümidlərin tam öləzidiyi bir dönəmdə, bir daha gərginləşdirməyə cəhd göstərdi.

Qandan doymayan işğalçı dövlət və onun cinayətkar hərbçiləri, əsgərləri elə anındaca öz qanlarında boğuldu, müzəffər və igid Azərbaycan əsgəri düşmənə bir an olsun belə fürsət vermədi, onu geri oturtdu.

Azərbaycan Ordusu bir daha nəyə və nələrə qadir olduğunu, ola biləcəyini göstərdi.

Şəhidlər də verdik, yaralılarımız da var.

İstəsək də, istəməsək də, bunlar amansız müharibənin qanunlarıdır, olacaqlarıdır.

Amma bizim əsgər, bizim oğullar, bizim Şəhidlər öz Vətənlərinin keşiyini çəkərkən, onun sərhədlərini göz bəbəyi kimi qoruyarkən, mənfur qonşulardan fərqli olaraq, başqalarının ərazilərinə göz dikməyərkən Şəhid oldular…

Torpaq, Ana Vətən uğrunda Şəhid oldular, Şəhidliyə, Tanrının ən Uca dərgahına ucaldılar…Özləri ilə bərabər Vətənlərini, bizləri də ucaltdılar, Özləri ilə birgə bizləri-Azərbaycan xalqını, Azərbaycan türklərini də Ölümsüzləşdirdilər…

Heç təsadüfi deyil ki, hadisələrdən heç bir sutka keçməmiş Ali Baş Komandanımız, ölkə Prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının təcili iclası keçirildi.

Dövlət başçısı öz çıxışında bir daha Ermənistan antiinsani-cinayətkar addımlarını pislədi, öz nifrətini ortaya qoydu.

O, dedi:

“Deyə bilərəm ki, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınmışdır, adekvat cavab verilmişdir. Hərbçilərimizin qisası alınmışdır. Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməmişlər…”.

Ali Baş Komandanımız həmçinin bir daha qeyd etdi ki, bu çirkin və məkrli siyasət Ermənistanı uçuruma aparacaq. Eyni zamanda, baş verənlərə görə, bütün məsuliyyət Ermənistanın rəhbərliyi üzərinə düşür və düşəcək. Azərbaycan öz ərazi bütövlüyünü bundan sonra da qoruyacaq, öz sərhədlərimizi qoruyacaq.

Sonra “Dünən günorta saatlarında və bu gün gecə düşmənə vurulmuş sarsıdıcı zərbələr bir daha onu göstərdi. Həlak olan hərbçilərimizin qisası alındı və onların qanı yerdə qalmayıb və qalmayacaq”-deyərək, bir daha qətiyyətliliklə və əminliklə bəyan etdi ki, hərbçilərimizin, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq, bütün imkanlardan istifadə edib özümüzü qoruyacağıq və düşmənə yenidən onun öz yerini göstərəcəyik.

Əsl Prezident mövqeyi, əsl Ali Baş Komandan iradəsi, qətiyyəti.

Bəli, düşmən bilməlidir və bilsin ki, Azərbaycan onun Ali Baş Komandanının rəhbərliyi və əmri ilə istənilən anda Ermənistanı, işğalçı erməni qoşunları hər bir cəhətdən məhv etməyə hazır və qadirdir. Qarabağ məsələsində güzəştə getməyib, heç bir təxribat, heç bir fintəkarlıq da onun güzəştə məcbur edə bilməyəcək. Azərbaycan öz qanuni torpaqlarının sahibidir və bu sahiblik hüququnu da kimsəyə verməyəcək.

Ermənistan əgər təxribatlarından, fitnəkarlıqlarından əl çəkməsə, onu yeni və daha ağır, daha amansız “Aprel döyüşləri” gözləyə bilər, bu, istisna deyil.

Eyni zamanda, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qeyd etdiyi kimi, “Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq! Bizim torpağımız, Vətən uğrunda mübarizəmiz müqəddəsdir! Bizim işimiz haqq işidir və Allah bizimlədir!”

Elə bilirəm ki, əlavə sözə, izaha ehtiyac qalmır!

20:53, 13 iyul

Jalə ƏLİYEVA,

Millət vəkili, professor

Etikxeber.az


Read Previous

“Rəhmətlik anamın atası belçikalı olub…Nənəm isə yarırus, yarıpolyak olub…”-ARTUR RASİ-ZADƏ

Read Next

“Ali Baş Komandan qətiyyətli və birmənalı şəkildə bəyan etdi ki, Azərbaycan bundan sonra da əlindən gələni edəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin”-ELDAR İBRAHİMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir