“Arif həm musiqi, həm boks, həm rəssamlıq, həm də dərziliklə məşğul olurdu…Hər şey yarım-yarımçıq qaldı…”-22 YAŞINDA, 1992-Cİ İLİN YAYINDA VƏTƏN YOLUNDA CANINI FƏDA EDƏN BİRİNCİ QARABAĞ SAVAŞI ŞƏHİDİ ARİF BƏXTİYAR OĞLU ALLAHVERDİYEVİN BACISI SEVİNC ALLAHVERDİYEVA – FOTOLAR

Daha bir İgid, Qəhrəman, Nur üzlü Birinci Qarabağ Savaşı Şəhidimiz…

Daha bir Vətənini, Torpağını, Qarabağını ailəsindən, valideynlərindən, bacıları və tək qardaşından üstün tutan, cəmi 22 yaşında Vətən yolunda canını fəda edən Azərbaycan sevdalımız…

Əslən İmişlili, özü isə Sumqayıt doğumlu Arif Bəxtiyar oğlu Allahverdiyev…

Ailənin dörd övladından biri, iki bacı və bir qardaşın qardaşı…

Vətən sevdalısı Arif 1970-ci ilin oktyabr ayının 27- də Sumqayıt şəhərində dünyaya göz açıb…

Əvvəlcə Sumqayıt şəhərində yerləşən 21 saylı tam orta məktəbə, sonra-üçüncü sinifdən isə Ş.İ.Xətai adına 30 saylı tam orta məktəbə gedib…

Orta məktəbi bitirdikdən sonra, 18 yaşının tamamında keçmiş Sovet Ordusu sıralarına çağrılıb, Xabarovsk vilayətində xidmət edib…

1990-cı ilin Yanvar faciəsi barədə əsl həqiqətləri öyrənən Arif öz ölkəsinin vətəndaşlarına qarşı vəhşiliklər törədənləri heç vaxt unutmayıb…

Vətəninə qayıdan Arif Xocalı soyqrımından sonra da heç cür özünə yer tapa bilməyib və 1992-ci ilin mart ayında ailədə heç kəsə xəbər vermədən komissarlığa ərizə yazaraq könüllü olaraq cəbhəyə- Füzuli bölgəsinə yola düşüb…

Və Arifin qəflətən yoxa çıxması evdə narahatlıq yaradıb…

Atası Bəxtiyar kişi soraqlaşıb, iki aydan sonra onu Füzuli bölgəsindəki hərbi hissə də tapıb…

Komandirləri ilə danışaraq, icazə alıb, bir həftəliyə onu evə gətirib…

Lakin evdə Arif cəmi üç gün qalıb, yenidən cəbhəyə qayıdıb, bir çox döyüşlərdə iştirak edib…

İgidliyi, Cəsurluğu, Qorxmazlığı ilə ad çıxarıb…

Və 1992-ci il iyunun 28- də Tuğ kəndi istiqamətində gedən əməliyyat tabor komandiri Rasim İbrahimovu xilas etmək istəyərkən 6 nəfər döyüş yoldaşı ilə birlikdə qəhrəmancasına həlak-Şəhid olub…

Ancaq onun nəşini götürmək mümkün olmayıb, yalnız 11 gün gündən sonra Arifin nəşi əldə edilib və Bakı şəhərində-Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…

Arif orta məktəbə oxuyarkən həm musiqi, həm də rəssamlıq, həm də boksla məşğul olub…

Şəhidliyinə yaxın isə dərzilik sənətinin, peşəsinin də sirlərinə yiyələnməyə başlayıb…

Ancaq bacısı Sevinc xanımın dediyi kimi, 22 yaşında Vətən yolunda Şəhid olması ilə hər şey yarımçıq qalıb…

Ömrü, həyatı kimi arzuları, xəyalları da özü ilə birlikdə Əbədiyyətə gedib…

22 yaşlı Arif həm də subay idi…

Arif haqqında “Şəhidlik Zirvəsi” adlı kitab nəşr olunub…

1998-ci ildə isə İmişli rayonunun Yuxarı Qaralar kənd tam orta məktəbi Arif Allahverdiyevin adını daşıyır, məktəbin qarşısında büstü ucaldılıb…

Övlad dərdinə, həsrətinə dözə bilməyən hər iki valideyni illər öncə dünyasını dəyişib…

Tək qardaşı, ailəli, iki övlad atası olan Elnur da atası ilə eyni günlərdə vəfat edib…

Allahverdiyevlər ailəsi dərd dalınca dərd yaşayıb…

Allah səbr və dözümlərini versin!

Böyük Yaradan həm Şəhidimizin, həm övlad dərdinə dözə bilməyib, dünyasını dəyişmiş valideynlərinin, həm də cavan yaşlarında vəfat edən qardaşının məkanını cənnətlik etsin!

Nur içində yatsınlar!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az                                           

Read Previous

“Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru Okamponun siyasi tapşırıqlar əsasında hazırladığı “ekspert rəyi”ndə yer almış fikirlər tamamilə əsassızdır”-OMBUDSMAN

Read Next

Bakıda 42, bəzi rayonlarda 44 dərəcə isti gözlənilir-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir