“Axırıncı dəfə Şəhidliyindən cəmi saatlar öncə oğlumla danışdım və dedi ki…”-4 MEDALLI, ƏFSANƏVİ XTQ-ÇI – ŞƏHİD İLKİN ABDULLA OĞLU MƏMMƏDOVUN ANASI OFELİYA MƏMMƏDOVA … ŞƏHİDİMİZİN ARZUSU ÇİN OLACAQMI, SARAY QƏSƏBƏSİNDƏ İDMAN ZALININ AÇILMASI ÜÇÜN TORPAQ SAHƏSİ AYRILACAQMI? – FOTOLAR

İlkin Abdulla oğlu Məmmədov…

Əslən Qarabağlı, Füzulili…

İkinci Vətən Müharibəsinin iştirakçılarından, Vətən sevdalılarından, Nur üzlü Şəhidlərimizdən biri…

İlkin 1990-cı ilin 26 noyabr tarixində Füzulinin Aşağı Kürdmahmudlu kəndində sadə bir ailədə dünyaya gəlib…

Ailədə dörd uşaq-iki bacı, iki qardaş olublar…

İlkin evin-ailənin böyük övladı olub…

1993-cü ilin yayında doğma Füzulisi işğal olunduqdan sonra, cəmi 3 yaşında ailəsi ilə birlikdə elindən, obasından didərgin düşüb…

Məcburi köçkünlük həyatının ağrı-acılarını yaşayıb…

2006-cı ildə ailəsi ilə birlikdə Abşeronun Saray qəsəbəsinə köçüblər…

2007-ci ildə Əzim Məhərrəmov adına tam orta məktəbi bitirib və bir müddət sonra hərbi xidmətə, Vətənin keşiyinə yollanıb, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) əsgərlərindən olub…

İlkin həm də uşaqlıqdan idmana xüsusi maraq, böyük həvəs göstərib…

İdmanla məşul olub, MMA (Mixed Martial Arts) üzrə “Qara kəmər” qalibi, beşqat dünya, altıqat Azərbaycan çempionu olub…

İdmanın müxtəlif növləri üzrə 40 diplomla, 20 sertifikatla, 9 fəxri fərmanla təltif olunub…

Hərbi xidmətini başa vurduqdan bir müddət sonra yenidən həyatını Ordu, hərb ilə bağlamağa qərar verib…

3 il Dəniz Qüvvələrində fəaliyyət göstərib və səhhəti ilə bağlı hərbi xidmətdən ayrılıb…

Ancaq İkinci Vətən Müharibəsindən bir müddət öncə XTQ-da fəaliyyət göstərməyə başlayıb…

Və bir Vətən sevdalısı, XTQ-çı kimi müharibənin ilk günündən döyüşlərdə olub…

Döyüşüb, vuruşub, qəhrəmanlıqlara imza atıb…

Füzuli, Hadrut, XocavəndŞuşa istiqamətlərində döyüşlərdə Dastan yazan fədailərdən olub…

Və noyabrın 2-də, Şuşanın azad olunmasına 6 gün, İkinci Vətən Müharibəsinin başa çatmasına cəmi 8 gün qalmış Şuşa istiqamətində döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik zirvəsinə yüksəlib…

Axırıncı dəfə elə həmin gün, noyabrın 2-də, Şəhidliyindən saatlar öncə ailəsi, anası Ofeliya xanımla danışıb və deyib ki, ana, Şəhid olsam, haqqınızı halal edin…

Və bundan cəmi saatlar sonra, 17:00 radələrində Vətən yolunda canını fəda edib…

Şəhidliyi xəbəri ayın 3-də ailəsinə verilib və noyabrın 4-də Saray qəsəbəsində yerləşən qəbiristanlıqdakı Şəhidlər Xiyabanında dəfn olunub…

Şəhidliyindən sonra 4 medalla-“Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub…

Ancaq ailəsi Şəhidin ən yüksək, ən ali dövlət ordenlərindən biri və ya Vətən Müharibəsi Qəhrəmanı fəxri adı ilə təltif olunmasını istəyir…

Həmin günü, həmin anı səbirsizliklə gözləyir…

Şəhidimizin Haqqıdır və inşallah, Haqqı olanı da almalıdır!

Şəhidimiz həm də ailəli, iki qız atası olub…

İki övladı Vətənə əmanət qalıb…

Ruhu övladlarının köməyi olsun!

***

Bu gün, 19 dekabr tarixində Şəhidimizin ailəsi-valideynləri ilə görüşdüm…

Xeyli söhbətləşdim, dərdləşdim…

Valideynlərinin dediyinə görə, İlkinin ən böyük arzusu yaşadığı Saray qəsəbəsində idman zalı açmaq və idmançılar yetişdirmək olub…

Amma çox təəssüflər olsun ki, nə sağlığında bu arzusuna qovuşa bilib, nə də Şəhidliyindən sonra bu arzusunu reallaşdırmaq mümkün olub…

Ailəsi, valideynləri dəfələrlə Saray qəsəbə bələdiyyəsinə, Abşeron rayon İcra Hakimiyyətinə yerlə, cəmi bir sotluq torpaq sahəsi ilə bağlı müraciətlər etsə də, müsbət cavab ala bilməyib…

Onlara hər dəfə “Sarayda boş torpaq sahəsi yoxdur”-cavabı verilib…

Bu isə Şəhidin ailəsini üzür, incidir və narahat edir…

Onlar övladlarının arzusunu reallaşdırmaq, çin etmək üçün cəmi bir sot torpaq sahəsi istəyirlər…

İstəyirlər ki, həmin bir sotluq ərazidə övladlarının arzusunu yerinə yetirərək, idman zalı tikdirsinlər, açsınlar…

Eyni zamanda, həmin idman zalını kimsənin dəstəyi, köməyi olmadan öz maddi vəsaitləri hesabına başa gətirmək istəyirlər…

Şəhid ailəsinin arzusu, istəyi bundan ibarətdir…

Ona görə yaxşı olardı ki, həm Saray bələdiyyəsi, həm də digər aidiyyatı qurumlar Şəhid ailəsinin səsini duysun, onların, ən əsası Şəhid İlkin Məmmədovun arzusunu çin etsin…

İnanmaq istərdik ki, belə də olacaq, Şəhidimizin və ailəsinin arzusu nəzərə alınacaq, yerinə yetiriləcək, məsələ müsbət həllini tapacaq…

Həm Şəhidimizin ruhu sevindirilmiş, həm də ailəsinə mənəvi təsəlli verilmiş olacaq!

Ruhu şad olsun, Nur içində yatsın!

Allah ailəsinə səbr və dözüm versin!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

19.12.2021, Saray qəsəbəsi

Etikxeber.az

Read Previous

Əslən Şamaxıdan-Qaravəllidən olan, Xabarovskda dünyaya gələn, Sumqayıtda yaşayan və 33 yaşında Şəhidlik məqamına ucalan-BİR ÖVLAD ATASI-“AZƏRBAYCAN BAYRAĞI” ORDENLİ FARİZ ŞIXƏLİYEV… – FOTOLAR

Read Next

Sosial müavinətlər artırıldı-GƏLƏN İLDƏN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir