“Azərbaycan sərmayə qoyub, pul qazanmaq üçün təhlükəsiz ölkədir”-DEPUTAT

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasında Azərbaycan beynəlxalq hüququn ən vacib prinsiplərindən biri olan “Dövlətlərin bir-biri ilə əməkdaşlıq etməsi” öhdəliyinin reallaşdırılması üzrə lokomotiv rolunu bir daha nümayiş etdirdi. Azərbaycan 2020-ci ilin bəlası olan COVID-19-la mübarizə prosesində beynəlxalq səylərin birləşdirilməsi istiqamətində hərəkətverici qüvvə kimi özünü sübut edib. Bu, kifayət qədər mürəkkəb və vacib tarixi proses idi və Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasına da biz Azərbaycanın liderliyinin prinsipial davamı kimi baxmalıyıq.

Etikxeber.az xəbər verir ki, bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Azərbaycanın artıq beynəlxalq statusa malik Cənub Qaz Dəhlizi və onun bütün seqmentləri üçün həm həlledici, həm də vacib həlqə olduğunu qeyd edən deputat mətbuata açıqlamasında deyib ki, Azərbaycan Prezidenti Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasındakı çıxışında toplantıda 18 dövlət, 19 şirkət və 5 aparıcı beynəlxalq maliyyə təsisatı olmaqla, iştirakçıların sayının əvvəlkindən daha artıq olmasına diqqət çəkdi və bu əməkdaşlığı bizim uğurumuzun başlıca səbəbi olduğunu vurğuladı:

“Dövlətimizin başçısı bu məsələni, sadəcə, diplomatik etiket xatirinə demədi, ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və qarşılıqlı fəaliyyət göstərmək niyyətini ifadə etdi. Bu prinsiplər bizim Konstitusiyamızın preambulasında bəyan olunub və bu istiqamət hazırkı siyasi kursun da ana xətlərindən birini təşkil edir”.

B. Məhərrəmov diqqətə çatdırıb ki, dövlətimizin başçısı Cənub Qaz Dəhliz layihəsinin sonuncu seqment olan TAP-ın yekunlaşdırılmasını tarixi nailiyyət adlandırdı. Bu mənada, ikinci vacib məqam Azərbaycanın iradəsini reallaşdırmaq imkanı ilə bağlıdır. Cənubi Qafqazın beynəlxalq maraqların tarixboyu kəsişdiyi geosiyasi nöqtə olması heç kimə sirr deyil.

“İri karbohidrogen ehtiyatlarına malik böyük qonşuların əhatəsində müstəqil enerji siyasəti yürütmək, enerji daşınması üzrə qlobal həlqəyə çevrilmək, bütün mümkün təzyiq və təsirlərə baxmayaraq, qeyd olunan məqsədlərə xidmət edən, Azərbaycanı qlobal oyunçuya çevirən bir layihəni başa çatdırmaq sadə məsələ deyil və onu göstərir ki, Azərbaycan regionda başladığı layihəni davam edə və uğurla tamamlaya biləcək suveren gücdür. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti də dediyi kimi, bəzilərinin o qədər də real hesab etmədikləri bir layihənin son nəticədə həyata keçirilməsi mümkün olub. Üstəlik, Azərbaycan bununla kifayətlənmək niyyətində də deyil, çünki dövlətimizin başçısı açıq şəkildə dedi ki, yeni plan və ideyalarımız var”-deyın deputatın sözlərinə görə, qarşıda bərpaolunan enerji sahəsinə sərmayələrin cəlb edilməsi, bu məsələdə işğaldan azad olunmuş ərazilərimizin potensialından maksimum şəkildə istifadə edilməsi ideyası özlüyündə yeni bir əməkdaşlıq platformasından xəbər verir.

Təbii ki, özünü etibarlı tərəfdaş və regional güc kimi təsdiq etməyi bacarmış Azərbaycan beynəlxalq sərmayə cəlb etməklə həm böyük qayıdışın tezləşməsinə, eyni zamanda, məskunlaşmanın təhlükəsizliyinə əlavə qarant formalaşdırmış olacaq.

“Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı kimi maliyyə təsisatları risklərini düzgün qiymətləndirə bilən dünyanın aparıcı maliyyə qurumlarıdır. Cənubi Qafqaz kimi həssas bir bölgədə, hər an müharibə başlaya biləcək bir ölkədə çox riskli bir layihəni başlamaq və başa çatdırmaq, əslində, dünya maliyyə bazarı və investisiya radikalları referans oldu” – deyən deputat vurğulayıb ki, Azərbaycan sərmayə qoyub, pul qazanmaq üçün təhlükəsiz ölkədir:

“Bu isə həm yeni iqtisadi perspektiv deməkdir, eyni zamanda, rəsmi Bakının beynəlxalq hüququn digər vacib prinsipi – “Beynəlxalq hüquq çərçivəsində öhdəliklərin vicdanla yerinə yetirilməsi” prinsipinə sadiqliyini bəyan etmiş oldu. Daha dəqiq desək, Azərbaycan ən çətin dövrlərdə, münaqişənin davam etdiyi bir zamanda beynəlxalq maliyyə institutları qarşısında öhdəliyinə sadiq qalmağı bacardı. İndi isə münaqişə də artıq başa çatıb, yeni müharibə ehtimalı faktiki olaraq yoxdur, deməli, Prezident İlham Əliyevin adlar sadalayıb təşəkkür etməsi, həm də yeni investisiya imkanları üçün yeni çağırışdır. Dövlətimizin başçısı da toxunduğu kimi, Dünya Bankının hesabatına görə, biznes fəaliyyəti üçün imkanlar baxımından 30 aparıcı dövlət sırasında olan Azərbaycanın sərmayə mühiti də kifayət qədər münbitdir”.

B.Məhərrəmov həmçinin deyib ki, layihənin son seqmentinin tamamlanmasının digər mühüm nəticəsi bölgədə təhlükəsizlik üçün qarantlardan birinə çevrilməsidir:

“Belə ki, layihə 7 ölkəni birləşdirir. Cənub Qaz Dəhlizi iqtisadi və maliyyə sisteminə, milli gəlirinə birbaşa təsir etməklə 7 dövlətin milli marağının cəmləşdiyi bir nöqtədir və bölgədə bu layihəni təhdid edən istənilən amil bu dövlətlər üçün təhdid deməkdir. Hətta iştirakçı dövlətlərin arasında Ermənistanın müttəfiqi olanlar da var ki, bu layihənin bir parçasına çevrilməklə həmin ölkələr, öz milli maraqları naminə istəsə də, istəməsə də, Azərbaycanın mövqeyindən çıxış etmək məcburiyyətində qalır”.

Etikxeber.az

Read Previous

“Övladlığa götürülən uşaqların ikinci dəfə zorakılıqlara, təzyiqlərə məruz qalmasına yol verilməməli, ictimai nəzarət mexanizmi dərhal işə düşməlidir”-MM-İN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ JALƏ ƏLİYEVADAN VACİB TƏKİLİF

Read Next

Parlamentdə hesabatların müzakirəsinə-BAŞLANILIR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir