“Bank faizləri aşağıya salınmalı, kreditlərin qaytarılma müddəti qaldırılmalı və şərtlər xeyli yumşaldılmalıdır”-JALƏ ƏLİYEVADAN ÖNƏMLİ TƏKLİFLƏR

Fevral ayından bu yana ölkəmizdə pandemiya şəraitinin yaşanmasına baxmayaraq, çox önəmli və vacib sektorlardan olan bank sektorunda sabitlik və inkişaf qorunur. Banklarla bağlı 2016-2017-ci illərdən həyata keçirilməyə başlanılan sağlamlaşdırma siyasəti artıq özünün müsbət nəticələrini verir. 2015-2016-cı illərdə, qismən də 2017-ci ildə bank sektorunda yaşananlar, iki ağır, üzücü devalvasiyanın yaratdığı fəsadlar artıq geridə qalmaqdadır. Xüsusilə də, iki ağır devalvasiyanın nəticələrinin aradan qaldırılması, ümumən 800 minə yaxın insanımızın, bank ödəyicisinin üzləşdikləri problemli kreditlər məsələsinin həlli ilə bağlı ötən ilin fevral ayının son günlərində imzalanan tarixi Fərman həmin insanlarımızın böyük gərginlik və iztirablardan qurtulması, həm də bank sektorunun ayağa qalxmasında mühüm rola malik oldu.

Etikxeber.az xəbər verir ki, bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, filologiya elmləri doktoru, professor Jalə Əliyeva bildirib.

Deputat deyib ki,dövlət bu məsələdə də heç nəyə fikir vermədən ağırlığı, məsuliyyəti öz üzərinə götürdü

“Bu yerdə onu da qeyd edim ki, 2019-cu ilin dövlət büdcəsinin icra vəziyyəti ilə bağlı qanun layihəsinin parlamentin müvafiq komitəsinin müzakirəsində çıxışı zamanı Maliyyə naziri tərəfindən hətta, bu məsələ üçün nəzərdə tutulmuş vəsaitin 43 milyonun qənaət kimi, qaldığı, istifadə olunmadığı açıqlandı. Bunun özü bir daha onu göstərmiş oldu ki, Azərbaycan dövləti öz vətəndaşının rahatlığının təmin olunması, eləcə də, iqtisadiyyatın mühüm həlqələrindən maliyyə-bank sektorunun ayaqda qalması üçün heç nəyi əsirgəmədi. Bütövlükdə bank sektorunun sağlamlaşdırması tədbirləri nəticəsində, bu vacib sahə ayaqda qalmağı bacardı. Bunlar rəsmi rəqəmlərdə də özünün təsdiqini konkret şəkildə tapmaqdadır. Heç təsadüfi deyil ki, bankların kredit portfeli 1-21 may 2020-ci il tarixlərində 0.8 faiz (111 milyon manat) artıb. Portfelin artımının əsas mənbəyi isə biznes kreditləri olub – müvafiq dövrdə 0.5 faiz və 49 milyon manat. İstehlak portfelinin azalma trendi may ayının ilk 3 həftəsində də davam edib – azalma 0.8 faiz və ya 28 milyon manat. Həmçinin bank sektorunun likvidlik mövqeyi ümumilikdə qənaətbəxşdir. Sektorun likvid aktivləri 9.1 milyard manat təşkil edir ki, bu da cəmi aktivlərin 29 faizidir. Bununla belə, pandemiya şəraitində bankların aktivlərinin keyfiyyətinin qismən pisləşməsi gözləniləndir və bu trendlərin başlanması artıq müşahidə olunur. Odur ki, Mərkəzi Bank bütövlükdə maliyyə sektorundakı trendləri diqqətlə monitorinq edir”.

Artıq bağlanmış banklarda fiziki şəxslərin qorunan əmanətlərinin qaytarılması istiqamətində işlərə başlanıldığını söyləyən J. Əliyeva deyib:

“Belə ki, Əmanətlərin Sığortalanması Fondunun (Fond) Himayəçilik Şurasının qərarına əsasən “Atabank” və “Amrahbank”da qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi üçün agent bank qismində “Kapital Bank” ASC seçilmiş və qorunan əmanətlər “Əmanətlərin tam sığortalanması haqqında” Qanuna uyğun olaraq tam kompensasiya olunacaq. Kompensasiyaların ödənilməsi prosesi məbləğdən asılı olaraq mərhələli qaydada aparılacaq. Bununla yanaşı, “AG Bank” və “NBC Bank” üzrə də müvafiq proses mərhələli qaydada aparılacaq. Bütövlükdə Mərkəzi Bank tərəfindən həyata keçirilən tədbirlərin başlıca məqsədi bank sektoruna etimadın bərpa olunmasıdır. Bu istiqamətdə atılacaq əsas addım bankların maliyyə hesabatlılığının şəffaflığının təmin olunması, kənar auditə olan tələbin, o cümlədən bankın daxili nəzarət bölmələrinin məsuliyyətinin artırılmasıdır. Bu istiqamətdə müzakirələrdə olan “Lombard fəaliyyəti haqqında” Qanun layihəsinin qəbulu hesab edirəm ki, öz müsbət nəticəsini verəcək”.

Komitə sədrinin müavini həmçinin bildirib ki, banklara etimadın daha da artırılması istiqamətində bir sıra addımların atılması vacibdir:

“Bu da bank faizlərinin xeyli dərəcədə aşağıya salınması, verilən kreditlərlə bağlı müddətin (bir neçə il də) qaldırılması, şərtlərin xeyli yumşaldılması və kreditalmanın əlçatanlığının təmin edilməsidir. Banklarla bağlı illər öncə yaranmış problemlərin kökündə həm də bu məqamlar dayanırdı. Çünki insanlar faiz dərəcələri yüksək, müddət az olduğu üçün ödəniş etməkdə çətinlik çəkir və nəticədə də məhkəmə çəkişmələri yaşanırdı. Bəzi hallarda isə insanların evləri, mülkləri əllərindən alınırdı, onlar çox ağır duruma düşürdülər. Odur ki, növbəti mərhələlərdə bu məsələlərə də qayıdılması, onlara yenidən baxılması və yumşaldıcı qərarların verilməsi arzuolunan və gözləniləndir. Bunlar həm bank sektoruna olan inamın artması, həm də onun ölkə iqtisadiyyatında, real iqtisadiyyatda özünü daha mükəmməl şəkildə göstərməsi ilə nəticələnə bilər. Ümid edirəm məhz belə də olacaq”.

21:25

Etikxeber.az

Read Previous

XİN Dağıstanda baş verən hadisəyə münasibət-BİLDİRDİ…

Read Next

“Atam ilk dəfə infarkt keçirdiyi zaman Heydər Əliyev vaxt tapıb xəstə yatdığı dövrdə iki dəfə atama zəng etdi, onun səhhəti ilə maraqlandı…”-GÖVHƏR BAXŞƏLİYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir