Daktiloskopik və genom qeydiyyatı daktiloskopik və genetik məlumatlar əsasında insan şəxsiyyətinin eyniləşdirilməsi məqsədilə aparılır – DİN RƏSMİSİ

Daktiloskopik və genom qeydiyyatı haqda qanun nələri tənzimləyəcək?  

Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti  iclası keçirilib. 

ali-huseynli-1

Etikxeber.az-ın xəbərinə görə, komitə sədri Əli Hüseynli bildirib ki, “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanun layihəsi müzakirəyə təqdim olunub.
Sənəd barədə Daxili İşlər Nazirliyinin (DİN) Kriminalistik Tədqiqatlar İdarəsinin DNT tədqiqatı qrupunun rəhbəri Elnur Nəsibov məlumat verib. Diqqətə çatdırıb ki, qanun ölkəmizdə dövlət daktiloskopik və genom qeydiyyatının məqsədini, prinsiplərini və növlərini müəyyən edir, habelə bu sahədə yaranan ictimai münasibətləri tənzimləyir. Onun sözlərinə görə, layihədə dövlət daktiloskopik qeydiyyatı, daktiloskopik məlumat bankı, dövlət genom qeydiyyatı, DNT məlumat bankı və digər anlayışların izahatı verilir. Həmçinin qeyd edilib ki, ölkədə dövlət daktiloskopik və genom qeydiyyatı daktiloskopik və genetik məlumatlar əsasında insan şəxsiyyətinin eyniləşdirilməsi məqsədilə aparılır. Bu zaman Konstitusiyada təsbit edilmiş insan hüquq və azadlıqlarına riayət edilməklə qanunçuluq, konfidensiallıq və könüllülüyün məcburiliklə uzlaşdırılması prinsiplərinə əməl edilir.
Qanun layihəsində deyilir ki, qeydiyyatın aparılması nəticəsində əldə olunan məlumatlardan itkin düşmüş şəxslərin axtarışı, naməlum meyitlərin, habelə, səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan şəxslərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi, cinayətlərin və inzibati xətaların qarşısının alınması, aşkar edilməsi və araşdırılması üçün istifadə edilir. Sənəddə məcburi və könüllü dövlət daktiloskopik və genom qeydiyyatının şərtləri öz əksini tapıb. Eyni zamanda, daktiloskopik və genetik məlumatların saxlanılması və istifadəsinin əsas tələbləri, müddəti və məhv edilməsi ilə bağlı qaydalar  ehtiva olunur.
Qanun layihəsinə əsasən, məhkəmələr, prokurorluq orqanları, ibtidai istintaq, təhqiqat orqanları, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlar, miqrasiya orqanları daktiloskopik məlumatlardan istifadə etmək hüququna malikdirlər.  Daktiloskopik məlumat bankında və DNT məlumat bankında saxlanılan məlumatlar xarici dövlətlərin dövlət orqanlarına Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq verilə bilər.
Parlament Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov öz çıxışında söyləyib ki, qanunun hazırlanması zamanı Böyük Britaniyanın, Almaniyanın, Avstriyanın bu sahədəki qanunvericiliyi öyrənilib. Beynəlxalq təcrübədə bununla bağlı müxtəlif yanaşmalar mövcuddur. Qeyd edilib ki, qanun insan hüquqlarının qorunması baxımından böyük əhəmiyyətə malikdir. O, bildirib ki, qanunun qəbulunu şərtləndirən amillərdən biri də Azərbaycanın beynəlxalq cinayətkarlıqla, o cümlədən terrorizmlə mübarizədə fəal iştirakıdır.
Müzakirələrin sonunda “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanun layihəsi plenar  iclasına tövsiyə olunub.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az

Read Previous

Bəzi qanunlar “Əmək pensiyaları haqqında” qanuna uyğunlaşdırılır

Read Next

ATƏT PA-nın qış sessiyası başlayır…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir