“Deməli, ona verilən fitva beləymiş….” – RAFAEL HÜSEYNOV

Akademik: Heydər Əliyev dedi ki, Gevorkov mənim yanımda belə danışırsa, gör Moskvaya nələr yazacaq

Böyük Hüseyn Cavidin qələmi 1937-nin iyununda susan gündən onun ədəbi varlığı da bitmişdi. Şairin 100 yaşını ali ədəbi bayram və sözün yüksək anlamında qayıdış mərasimi kimi düşünən Heydər Əliyev Azərbaycan Respublikasının rəhbəri kimi sərəncam imzalayır.Qəbul olunmuş qaydalara müvafiq olaraq keçirilməsi nəzərdə tutulan tədbirlərlə bağlı layihə hazırlanaraq onun masası üstünə qoyulur.O dövrdə Azərbaycan KP MK-da ideologiya üzrə kaitb işləmiş və bu məsələlərə bilavasitə cavabdeh olan Həsən Həsənov xatırlayır ki, Heydər Əliyev həmin layihəni narazılıqla qarşıladı, özü qələm götürərək bu yuvarlaq ildönümünü qeyri-adi bayrama çevirəcək maddələri bircə-bircə mətnə əlavə etdi.

Bunu Etikxeber.az-a açıqlamasında Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov dilə gətirib:

raf-rafa

“Bu sırada ən təsəvvürəsığmaz təşəbbüs isə Cavidin nəşinin Sibirdən Azərbaycana gətirilməsi idi.Sovet tarixində hələ belə hadisə olmamışdı. Hələ heç bir repressiya qurbanı şimal cəhənnəmindən qurtularaq Vətəninə dönməmişdi”-deyən, millət vəkilinin sözlərinə görə, H. Əliyev Kremldəki nüfuzundan, SSRİ-nin ən ali səviyyəsində sözükeçərliyi və təsir imkanlarından istifadə edərək bu icazəni ala bildi, 59 yaşında Sibir buzlaqlarına tapşırılmış Cavidi 100 yaşının tamamında Azərbaycana qaytardı, ustadın tabutu başında fəxri qarovulda özü dayandı:

“Həsən Həsənov həmin unudulmaz günlərlə bağlı bir maraqlı əhvalatı da xatırlayır. Yubiley tədbirlərinin gerçəkləşməyə, mətbuat səhifələrində ardıcıl yazıların dərc edilməyə başladığı günlərdən birində Heydər Əliyev onu kabinetinə çağırır: «Gevorkov gəlmişdi. Şikayətlənir ki, niyə Cavidi internasionalist elan edirsiniz. Yubileyini keçirirsiniz-keçirin, sözümüz yox, amma o, beynəlmiləlçi olmayıb. O, qatı millətçi idi axı.

Bu, mənim yanıma gəlib belə deyirsə, yəqin, Moskvaya da yazılar təşkil edəcəklər. Ona görə də Cavid əsərlərində ən müxtəlif xalqların övladı olan obrazları, şairin bütün xalqlara humanist münasibətini təsdiq edən nümunələri seçin, onun həqiqətən beynəlmiləlçi olduğunu göstərən yazılar hazırlayın, qəzetlərdə dərc etdirin». Həmin yüksək vəzifəli «ayıq» kommunist erməni, guya, hələ o vaxt içərimizdə olan ermənilərin üzübərilərindən idi, hesabla əl ermənisi idi. Dağlıq Qarabağ Muxtar Vilayətinə rəhbərlik edirdi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Büro üzvü idi, Heydər Əliyevin də hansı iradə, səlahiyyət, güc sahibi olduğunu gözəl dərk edirdi və söz yox, ondan möhkəm də çəkinirdi.Lakin bütün bunlara baxmayaraq, belə etirazı dilinə gətirməyə cürət etmişdisə…Deməli, ona verilən fitva beləymiş.

Heydər Əliyevin ehtimalı tamam doğru idi. Çünki bu, birinci hal deyildi. Milli ruhun, milli özlüyün respublikadakı təntənəsinə xidmət edən istənilən addımdan sonra Kremlə Bakıdan ermənilər qalaq-qalaq məktublar yollayır, işə pəl vurmağa səy edirdilər. Eynən bu cür Nəriman Nərimanovun heykəli qoyulanda qanımıza susamış idbarlar Moskvanı məktub atəşinə tutmuşdular ki, Əliyev Azərbaycan paytaxtının ən hündür yerində Sergey Mironoviç Kirovunkundan da iri abidəni bir millətçiyə ucaldır…”

Etikxeber.az

 

Read Previous

Ərdoğan seçki proqramını açıqladı…- FOTO

Read Next

Bu rayon silkələndi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir