“Ermənistan törətdiyi bu əməllərə görə məsuliyyət daşımaqla bərabər, Ermənistanın hərbi-siyasi rəhbərliyi də beynəlxalq hüquqa görə cinayət məsuliyyəti daşıyır”-HİKMƏT HACIYEV BƏZİ DÖVLƏTLƏRİ, O CÜMLƏDƏN, SERBİYANI DİQQƏTLİ OLMAĞA ÇAĞIRDI, MİNSK QRUPUNA, HƏMSƏDRLƏRƏ MİSSİYASINI XATIRLATDI – YENİLƏNİB – (2)

Tovuz istiqamətində təxribatdan dərhal sonra aidiyyəti dövlət qurumlarına zəruri tapşırıqlar verilib.
 
Etikxeber.az xəbər verir ki, bunu bu gün mətbuat konfransında  Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
 
H. Hacıyev deyib ki, məsələyə Təhlükəsizlik Şurasının və Nazirlər Kabinetinin iclasında Prezident İham Əliyev tərəfindən tam qiymət verilib:

“Hadisələrdən əvvəl Ermənistan yeni irticaçı doktrina qəbul edib. Bu, Ermənistanın təxribat törədəcəyinə dəlalət edirdi. Ermənistanda yeni Milli Təhlükəsizlik Strategiyası qəbul edilib. İyulun 12-də Tovuz istiqamətində postumuza qəfil artilleriya zərbəsi endirilib. Ermənistan UAZ avtomobilinin postlarına yaxınlaşdığını iddia edir. Bu, əsassızdır. Azərbaycanın Ermənistanla Tovuz istiqamətində sərhəddə hər hansı hərbi məqsədi yoxdur. Azərbaycanın Ermənistanla həmin sərhədində nəzarətin ordudan Sərhəd Qoşunlarına verilməsinə hazırlıq görülür. Bu, Ermənistanın əvvəlcədən planlaşdırdığı hərbi təcavüzdür”.
 
Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Ermənistanın məqsədi ilk növbədə diqqəti Ermənistan-Azərbaycan münaqişəsindən yayındırmaq idi: “Məqsəd

Ermənistanın üzv olduğu hərbi-siyasi təşkilatları, üçüncü tərəfləri münaqişəyə cəlb etmək, Azərbaycanın son dövrlər beynəlxalq səviyyədə apardığı uğurlu işlərə kölgə salmaq idi. Eyni zamanda Şərq-Qərb Nəqliyyat Dəhlizinə, neft-qaz boru kəmərlərinə zərər gətirmək, regionu yeni ekoloji fəlakətlərlə üz-üzə qoymaq, yeni ərazilər işğal etmək, sərhəd boyunca yeni üstünlüklər əldə etmək, Ermənistanda mövcud daxili problemlərdən diqqət yayındırmaq da qarşıya qoyulan məqsəd idi. Ermənistan ordusunda hökm sürən mənəvi deqradasiyanın, aprel və Güngüt əməliyyatlarında vurulan zərbələrin əvəzini almaq niyyətləri də vardı. Ermənistan qarşıya qoyduğu heç bir məqsədə nail ola bilmədi”.
 

H. Hacıyev nəzərə çatdırıb ki, Azərbaycan ordusu düşmənin hücum və təcavüz aktının qarşısını aldı:

“Ermənistan silahlı qüvvələrinə layiqli zərbə endirildi. Sərhədlərimizin toxunulmazlığı, mülki əhalinin qorunması təmin olundu. Bu təcavüz aktına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ermənistan sivil dünya üçün təhlükə olmağa davam edir”.

Sonra “Çətin vəziyyətə düşən erməni lobbisi və Ermənistan Kim Kardaşyanın xidmətinə müraciət etməli oldu”-deyən H. Hacıyev bildirib ki, Ermənistan çətin vəziyyətə düşəndə yenə mülki obyektləri hədəf almağa başladı:

“Xocalıda olduğu kimi yenə Azərbaycanın yaşayış obyektləri hədəfə alınırdı. Azərbaycan Ordusu Ermənistanın atəş məntəqələrini susdurub. Təəssüf ki, 76 yaşlı bir mülki şəxs həlak olub. Azərbaycan Silahlı Qüvvələrinin rəşadətli tədbirləri nəticəsində mülki əhaliyə vurulmaq istənilən zərbənin qarşısı alınıb. Prezident İlham Əliyevin sərəncamı ilə mülki əhaliyə, dövlət mülkiyyətinə dəymiş zərərin qiymətləndirilməsi aparılır. Ermənistanın bu hücumları beynəlxalq sənəd və razılaşmalara ziddir. Ermənistan törətdiyi bu əməllərə görə məsuliyyət daşımaqla bərabər, Ermənistanın hərbi-siyasi rəhbərliyi də beynəlxalq hüquqa görə cinayət məsuliyyəti daşıyır”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Ermənistanın atəş məntəqələri qəsdən yaşayış məntəqələrinin içərisində yerləşdirilib:

“Bununla da mülki obyektləri hədəfə çevirməyə çalışırdılar. Azərbaycan Ordusunun dəqiq zərbələri nəticəsində bu niyyət də baş tutmadı. Azərbaycan Silahlı Qüvvələri tərəfindən kritik infrastrukturların hədəfə alınması nəzərdə tutulmayıb. Ancaq Ermənistan Azərbaycan ərazisindəki kritik infrastrukturların hədəfə alınmasını nəzərdə tutduqlarını bəyan edib”.

***

PA rəsmisi eyni zamanda deyib ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanda mülki obyektlərin, o cümlədən kritik obyektlərin hədəfə alınması gündəmdə olmayıb.

O, Ermənistanın əvvəlki prezidentinin “İsgəndər” raketləri ilə Bakı və onun ətrafında yerləşən neft-qaz strukturlarını hədəf alacaqlarını bəyan etdiyini xatırladıb:

“Son hadisələr zamanı Ermənistan tərəfindən kritik əhəmiyyət daşıyan neft-qaz strukturlarının, kritik obyektlərin hədəfə alınacağı bəyan edilib. Ermənistan tərəfi fərdi əsasda söylənən fikirlərdən öz cinayətlərini ört-basdır etmək üçün istifadə edir”.

PA rəsmisi sonra “Hadisələrin gedişi göstərir ki, yalnız atəşkəs kifayət deyil”-deyərək, bildirib ki, Ermənistan atəşkəsin arxasında gizlənərək təcavüz siyasətini davam etdirir:

“Bu xüsusda BMT Baş Katibinin müraciətinə cavab olaraq deyirik ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməli, bu qətnamələrin yerinə yetirilməsi mexanizminə yenidən baxılmalıdır”.

11:55

***

“Azərbaycanın Serbiyadakı səfirliyinə müvafiq tapşırıq verilib”-deyən H. Hacıyev bildirib ki, Ermənistana silah satışı ilə bağlı Serbiya tərəfi məsələni araşdırır:

“Onlar Azərbaycanın müraciətinə cavab verəcək”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Ermənistan bu silahlardan mülki obyektləri hədəf almaq üçün istifadə edir:

“Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən saxta şirkətlər yaradılır, ucuz qiymətə alınan silahlar üçüncü tərəflərə satılır, bu silahların terrorçuların əlinə keçməsi faktları da var. Ona görə də Ermənistanla bu sahədə əməkdaşlıq edən ölkələri diqqətli olmağa çağırırıq”.

H. Hacıyev həmçinin deyib ki, erməni lobbisi ABŞ Konqresinə müraciət edib. Konqresdə bəziləri erməni lobbisi ilə əlbir şəkildə hərəkət edir.

H. Hacıyev deyib ki, Konqresin etik komitəsi tərəfindən onların çirkin əməlləri araşdırılmalıdır:

“Onlar tərəfindən təxribat əməlləri həyata keçirilib, ancaq qarşısı alınıb. Konqresdə Ermənistanın təxribatını başa düşən çoxsaylı insan var”.

12:10

***

Mətbuat konfransı zamanı PA rəsmisi onu da deyib ki, Azərbaycan tərəfi Minsk prosesi çərçivəsində münaqişənin həllinə sadiqdir.

H. Hacıyev bildirib ki, hazırda formatın dəyişdirilməsi gündəmdə deyil:

“Aparılan danışıqlar Minsk Qrupunun mandatına xidmət etməyib. Həmsədr ölkələr də bundan nəticə çıxarmalıdır. Status-kvonun bu formada saxlanılması təhlükəlidir və dəyişdirilməlidir. Məqsəd işğal faktının aradan qaldırılması olmalıdır. Formatın yox, iş metodologiyasının dəyişməsinin tərəfdarıyıq. Konkret gündəlik, cədvəl olmalıdır. Ermənistanın hər dəfə hansısa texniki məsələni əsas gətirərək danışıqları pozmasına imkan verilməməlidir. Minsk Qrupunun geniş formatda iclası da keçilməlidir. Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşma danışıqlar prosesinin əsasını darmadağın edir. Fakt-araşdırıcı missiyalar da bunu üzə çıxarmışdı. Ermənistan qoşunların təmas xəttində, sərhəddə davamlı təxribatlar törədir. Ermənistan və Azərbaycan öz aralarında razılığa gəlsin, Minsk Qrupu bunu dəstəkləyəcək demək həmsədrlərin missiyasına uyğun deyil. Mandat da tələb edir ki, işğal amili aradan qaldırılsın. Bu əsasla Azərbaycan predmetli danışıqların tərəfdarıdır. Nə zaman danışıqlar prosesində fikirlər səslənir, Ermənistan siyasi təxribatla bərabər hərbi təxribatlara əl atır. Sərhəddə törədilmiş təxribatla danışıqlar prosesini pozmaq siyasəti həyata keçirirlər”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Azərbaycan konstruktiv mövqe nümayiş etdirib:

“Bunun qarşılığında Ermənistan rəhbərliyinin qeyri-konstruktiv bəyanatını, Müdafiə nazirinin yeni torpaqların işğalı ilə bağlı fikirlərini eşidirik. Buna beynəlxalq ictimaiyyət tərəfindən lazımi reaksiya verilməlidir”.

Etikxeber.az

Read Previous

“Son günlər Azərbaycan diplomatik nümayəndəliklərinə qarşı vandalizm aktlarına cəhdlər olur, aksiyalar keçirməyə çalışırlar…”-XİN

Read Next

“Bakıdan Naxçıvana getmək istəyən vətəndaşımızın bir qismi oktyabr və hətta noyabr ayı üçün yer sifariş etdirmək məcburiyyətində qalıblar…”-MİLLƏT VƏKİLİ “AZAL”-A SƏSLƏNDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir