“Laçın yolu və bu yolu açan dəmir yumruq”-MUSA URUD YAZIR

Üç rəngli Bayrağımız Laçındadır!

Havadan Laçın qoxusu gəlir.

Bayram havası yağışa, qara, çiskinə baxmır!

Laçının geri qayıtması ilə ərazi bütövlüyümüz faktiki olaraq təmin edildi.

Bu sevincli günə qədər 30 ilə yaxın yol gəldik, ilk günlərdə çox  bərkə- boşa düşdük, ağrıdıq, sızıldadıq, ağladıq, dərd-qəm çəkdik, bir- birimizdən küsdük- incidik.

Ümummilli lider Heydər Əliyev doğru olan yolu bizə göstərdi, söylədi, inandırdı ki, uğurumuz bir yerdə yumruq kimi birləşərək güclü dövlət qurmaqdan, qüdrətli Ordu yaratmaqdan keçir.

Xalq ona inanırdı, çünki öz Liderini çox yaxşı tanıyırdı, ona görə də dara düşəndə Xilaskar kimi Onu çağırdı, o gəldi, dövləti dağılmaqdan, milləti məhv olmaqdan qorudu, məmləkətin özü kimi tikə- parça olmuş ümidlərimizi bir yerə yığdı, məlhəm qoydu, sarıdı, sağaltdı.

Eynən mahir bağbanın qasırğadan qəddi sınmış fidan tingini sarıyıb təzədən bitişdirib böyüdən kimi böyütdü milləti Böyük Xilaskar. Sonra tamamlayıb başa çatdıra bilmədiyi işləri özü kimi inandığı varisinə- cənab İlham Əliyevə həvalə etdi.

Cənab Prezident İlham Əliyev 2003- cü ildə prezident kimi ilk and içmə mərasimində bütün dünyaya bəyan etdi: Bizim yolumuz Heydər Əliyev yoludir!

Bu yol bizi işıqlı, xoşbəxt, firavan günlərə aparacaq.

17 ildir cənab Prezidentin müəyyən etdiyi kursla uğura doğru, işığa doğru, haqqa doğru gedirik.

Bu yolda qarşımıza nələr çıxmadı, hansı maneələri dəf etmədik, hansı aysberqləri adlamadıq? 

Yadıma düşən bir neçə xronologiyanı xatırlatmaq istəyirəm: 2003 – cü ilin 15 oktyabrında radikal müxalifətin Bakıda iğtişaş törətmə cəhdi, 2005-ci il parlament seçkiləri öncəsi yüksək ranqlı məmurların da iştirak etdiyi qarışıqlıq salmaq cəhdləri, Qubada, İsmayılllda yanğın və iğtişaş cəhdləri, ADNA terroru, bəzi xarici hüquq müdafiəçısi çətiri altında fəaliyyət göstərən beynəlxalq QHT və Fondların təxribatçı təhriki və dəstəyi ilə Milli Şura, AXC-nin Əli Kərimli qanadı və bəzi radikal qrupların qanunsuz mitinq və piketlər təşkil edərək, Konstitusiyaya zidd , o cümlədən Ordudan yayınma çağırışları, əxlaqını itirmiş bəzi ünsürlərin ölkə xaricindən sosial şəbəkələr vasitəsi ilə davamlı söyüş kampaniyaları təşkil etmələri, Tovuz döyüşləri zamanı xalqın orduya dəstək mitinqi zamanı bir qrup cəbhəçi xuliqanın Milli Məclisdə dağıntılar törətməsi,  Ermənistanın və erməni diasporunun bir an da belə səngiməyən, hərbi, siyasi, informasiya təxribatı və s.

Biz bu çirkinlikləri adlayaraq, silib süpürərək bir xalq kimi daha da mətinləşdik, bütövləşdik, bərkidik, böyüdük!

Biz bu illər ərzində başqa xalqların bəlkə də 100 illərlə keçə bilmədiyi yenilənmə, tərəqqi, özünüdərk, milli- psixoloji transformasiya yolu keçdik. Bizi bu yolda qətiyyətlə, mətin addımlarla inamlı qələbələrə aparan cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altlnda müasir dövlət qurduq, özümüzü dünyaya sübut erdik, güclü, modern  ordu yaratdıq, BMT Təhlükəsizlik Şurasının iclaslarına sədrlik elədik, Kosmos Klubunun üzvü olduq, Avroviziya mahnı müsabiqəsinin qalibi olduq, Avropa Oyunlarına, İslam Olimpiya oyunlarına, onlarla beynəlxalq  iqtisadi, siyasi, humanitar tədbirlə ev sahibliyi etdik, uğur qazandıq, uğurumuzu bölüşdük.

Bu illər ərzində milli-psixoloji transformasiyamızda heç şübhəsiz ki, Birinci Vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevanın böyük xidmətləri mütləq qeyd olunmalıdır.

Məhz hörmətli Mehriban xanım müstəqil Azərbaycan dövlətində Birinci xanım institutunu yaratdı, formalaşdırdı və mühüm dövlətçilik atributuna çevirdi.

Məhz Mehriban xanım Əliyevanın yaratdığı və rəhbərlik etdiyi Heydər Əliyev Fondu məkcə Azərbaycanda deyil, eləcə də ölkə hüdudlarından kənarda humanizm, xeyirxahlıq, şəfqət, sosial dəstək ünvanına çevrildi.

Ulu öndər Heydər Əliyev böyük uzaqgörənliklə deyirdi ki, mənim görüb başa çatdırmadığım işləri Azərbaycan xalqının dəstəyi ilə İlham Əliyev başa çatdıracaq.

Ulu öndərin arzusunda olduğu, lakin başa çatdıra bilmədiyi ən birinci işi isə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın işğaldan azad edilməsi idi.

Həmin dövrdə Ermənistan rəhbərliyinin təkəbbürlü nadanlığı, beynəlxalq güclərin iki üzlülüyü, imperialist dövlətlərin Qafqazda maraqlarının toqquşması Qarabağ məsələsinin diplomatik yolla həllinə imkan vermədi.

Müharibə yolu ilə məsələnin həlli üçün qüdrətli dövlət, güclü iqtisadiyyat və qalibiyyətli ordu yaratmaq, beynəlxalq

ictimaiyyətin nüfuzunu və dəstəyini qazanmaq üçün uzun zaman, məqsədyönlü fəaliyyət, dəqiq proqram, böyük siyasi iradə, gərgin zəhmət lazım idi.

Tanrı bu şərəfli missiyanı Ali Baş Komandan İlham Əliyevin qismətinə yazmışdı.

Cənab İlham Əliyev öz xalqı ilə birlikdə bu işi bacardı və müasir bütöv Azərbaycan dövlətinin qurucusu, torpaqları işğaldan azad edən və ərazi bütövlüyünü təmin edən sərkərdə kimi öz şərəfli adını qızıl hərflərlə tarixə yazdırdı.

Yəqin ki, tədqiqatçılar Azərbaycanın 44 günlük zəfər yürüşü fenomeninin müxtəlif aspektlərini araşdıracaq, nəticələr çıxaracaq, nümunə kimi göstərəcəklər.

Lakin indidən bir həqiqət gün kimi aydındır: Qələbənin uğur formulu çox sadədir- müzəffər Komandan+ müzəffər Ordu+ müzəffər Xalq.

Qələbənin uğur simvolu isə heç şübhəsiz ki, Dəmir Yumruqdur- xalq, ordu, rəhbər birliyini əks etdirən və düşmənin başını ilan başı kimi əzən dəmir yumruq!

Belə bir çox yayılmış deyim var: qələbənin ata-anası çox olar, məğlubiyyət isə yetimdir.

Azərbaycanın tarixi qələbəsinin şəksiz və şəriksiz qəhrəmanı isə Cənab Ali Baş Komandandır!

Cənab Prezident bu 44 gündə həm hərbi, həm siyasi, həm diplomatik, həm informasiya, həm təbliğat cəbhəsində mübarizə apardı, öz dövlətinin və xalqının  maraqlarını ləyaqətlə qorudu və təmin etdi.

Həmişə də inamlı danışdı, cəsarətli danışdı, bir dəfə də olsun təmkinini pozmadı, yüksək intelkekt, savad və diplomatik peşəkarlıq nümayiş etdirdi. Azərbaycanı bir daha dünyaya tanıtdı, hər kəsə də öz yerini göstərdi.

Cənab Prezidentin qələbə müjdəli çıxışları xalqı və ordunu ruhlandırdı, inamını artırdı, birliyini möhkəmləndirdi.

Cənab Ali Baş Komandan oktyabrın 4-də Cəbrayılın işğaldan azad edilməsi müjdəsini böyük sevinc və qürur hissi ilə xalqına çatdırdı, bundan sonra isə Zəngilan, Qubadlı, Fizuli rayonları, Hadrut qəsəbəsi və digər yurdlarımız işğaldan azad edildi.

Heç şübhəsiz ki, Şuşanın işğaldan azad edilməsi düşmənin belini qırdı və məğlub ölkənin rəzil olmuş rəhbəri təslim aktını imzalamağa vadar oldu.

“Qarabağ münaqişəsi” deyilən bir termin tarixə qovuşdu, regionda davamlı sülhün bərqərar olunması üçün münbit şərait yarandı.

Ən qiymətlisi isə odur ki, üç böyük rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bir güllə atılmadan işğaldan azad olundu. Bu tarixdə nadir hallarda rast gəlinən hərbi-siyasi qələbədir!

Bu gün Laçın rayonunun işğaldan azad edilməsi ilə bölgədə yeni dönəm başlayır. Bu reallığl biz yaratdıq- prezident İlham Əliyev və onin Xalqı yaratdı.

Bakıdan baxanda Laçın respublikamızın ən ucqar rayonlarından biridir.

Mən tələbə olanda, eləcə də sonrakı illərdə Bakıdan kəndimizə gedəndə Laçından keçərdim.

Bakı- Sisyan marşurutu ilə işləyən səhər saat 7-də Bakı avtovağzalından yola düşən PAZ markalı balaca, narahat avtobusla Şuşanın el arasında “yeddi qat” dediyimiz dolanbac aşırımını enib, Zabux körpüsündən, sərt, sıldırım qayalı dağların  arasından, dərin dərələri dolanıb keçən kələ-kötür yolla Laçın şəhərinə , oradan isə Gorusu adlayıb  Sisyana çatardıq.14 saata qət etdiyimiz bu yolun ən ağır, ən çətin hissəsi Şuşadan Gorusa qədər olan məsafə – Laçın yolu idi.

1988- ci ilin payızında Gorusa, Sisyana gedən yolumuz bağlandı, 1992- ci ilin mayında isə Şuşa və Laçın fələyin fəndinə düşdü.

İyirmi səkkiz il bağlı qalan Laçın yolu bu gün açıldı. Bir güllə atılmadan, bir əsgər şəhid olmadan açıldl, cənab Prezidentin dəmir yumruğu düşməni məcbir etdi ki, Laçından rədd olub getsin!

Laçın yolu  müharibənin bitməsinin , ərazi bütövlüyümüzün təmin olunmasının sonuncu nöqtəsi, “Qarabağ Azərbaycandır” kəlmələrinin sonuna qoyulan nida işarəsidir!

Laçın yolu həm də bölgədə yeni bir mərhələnin, davamlı sülhün, inkişafın və əməkdaşlığın başlanğıc nöqtəsidir!

Laçın yolu haqqın, ədalətin zor üzərində qələbəsi, milli birliyimizin təntənəsidir!

Laçından Zəngəzurun hər tərəfinə yollar gedir, mən o yollarla getmək istəyirəm və bu arzuma çatacağıma inanıram!

  Musa URUD,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Ermənistanın məğlubiyyətinin “Yol xəritəsi”-QƏNİRƏ PAŞAYEVA

Read Next

“Ay Laçın, can Laçın, mən sənə qurban Laçın…”-JALƏ ƏLİYEVA LAÇININ AZADLIĞINDAN, ÖLKƏ PREZİDENTİNİN XALQA MÜRACİƏTİNDƏN YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir