Mingəçevir Şəhidləri: Hər gün analarının yuxusuna girən Şəhid qardaşlar-Tural və Musa Həsənovlar, ölümündən 4 ay sonra övladı dünyaya gələn Məhəmməd Məmmədli-TALIŞDAN, SUQOVUŞANDAN DAŞALTIYACAN DÖYÜŞ YOLU KEÇƏN ŞAHMAR SEYİDOV…-KAMİL HƏMZƏOĞLU YAZDI – (BİRİNCİ HİSSƏ)

Bu gün yenidən Mingəçevirə-Şəhidlər Xiyabanını, Şəhid məzarlarını, Şəhid ailələrini ziyarət etməyə getmişdim…

Yolboyu da Mingəçevirli Şəhidlərimizdən-Şəhid qardaşlarından birinin-Tural Tapdıq oğlu Həsənovun həyat yoldaşının ailə üzvləri-qayınatası və qayınanası ilə Şəhidlərdən, Birinci və İkinci Qarabağ Savaşından danışdıq, yaxın keçmişə qayıtdıq, xeyli söhbətlşədik…

Turalın qayınatası, həm də dayısı Eldar qardaş Birinci Qarabağ Savaşının iştirakçılarından, Qazilərindən olub, ikinci qrup əlildir…

Birinci Qarabağ Savaşında təcili yardım maşınının sürücüsü kimi, müharibənin odundan-alovundan keçib, Goranboy, Tərtər, Ağdərə istiqamətlərində döyüşlər zamanı ölümlərdən dönüb, 1993-cü ilin mayında ağır kəllə-beyin silkələnməsi, kontuzuya alıb, bir neçə ay xəstəxanada yatıb, müalicə alıb…

Əlillik dərəcəsini, Haqqını isə cəmi 5 il öncə alıb, bərpa edib…

***

Mingəçevir Şəhidlər Xiyabanında…

Mingəçevrirə də çatarkən yolumu-yolumuzu ilk öncə Şəhidlər Xiyabanından saldıq, Şəhid məzarlarını, TuralMusa Həsənov qardaşlarının, İlkinin, Əliİslam Əhmədov qardaşlarının, Məhəmmədin, Şahmarın və digər bütün Şəhidlərin məzarlarını bir-bir ziyarət etdim, etdik…

Şəhidliyi iki aydan sonra təsdiqlənən, bugünlərdə qız övladı olan Məhəmməd Məmmədli…

Şəhidlər Xiyabanında olarkən, Şəhid məzarlarını ziyarət edərkən, Şəhid ailələrinin dərdli simalarını gördükcə, göz yaşlarını seyr etdikcə, hansı hisslər keçirdiyimi, keçirdiyimizi də bir Allah bilirdi…

Söz deməyə, təsəlli verməyə də kəlmələr tapılmırdı, boğazımda, bozamızda düyünlənib qalırdı…

Şəhid Məhəmməd Murad oğlu Məmmədli…

1994-cü il təvəllüdlü…Mingəçevirdə anadan olub…

Bir neçə il öncə atasını itirib…

Bir ana, bir bacı, bir qardaş qalıblar, anaları həm ata, həm ana olub onlara…

Məhəmməd də restoranlardan birində ofisiant işləyib, ailəsini dolandırmağa çalışıb…

Bir il öncə də ailə qurub…

Sentyabrın 21-dən də səfərbərliyə cəlb olunub, İkinci Vətən Müharibəsinin ilk günündən də ən ağır döyüş bölgələrindən birində, Talış-Suqovuşan istiqamətlərində olub, döyüşüb…

Anası Mehriban xanımla da axırıncı dəfə sentyabrın 30-da danışıb, sonra onunla əlaqə saxlamaq mümkün olmayıb…

Oktyabrın 2-də Suqovuşanda ağır döyüşlərdən birində Şəhid olub, itkin düşüb…

Düz 2 aydan sonra ondan xəbər çıxıb, daha doğrusu, dekabrın 1-də Şəhidliyi təsdiqlənib və elə həmin gün nəşi Mingəçevirə gətirilərək, Şəhidlər Xiyabanında torpağa tapşırılıb…

Bugünlərdə, yanvarın 30-da isə Şəhidimizin gözəl, ay parçası övladı-qızı dünyaya gəlib…

Şəhidimizin arzusu ilə də qızına Fatimə adı qoyulub…Adı ilə böyüsün…

Ancaq Şəhid anasının dərdi bununla bitmir, bir qızı var-o da xərçəng xəstəsi…

Ana bilmir Şəhid balasının, ata üzü görməyən nəvəsinin dərdini çəksin, yoxsa xəstəlikdən, xərçəngdən əziyyət çəkən qızının…

İçin-için qovrulur ana…

Allah Şəhidimizin anasına-Mehriban anaya bu dərdləri, bü yükləri çəkmək, daşımaq üçün özü güc-qüvvət versin…

Böyük Yaradan Şəhidimizin məzarını nurlu etsin, anasına, həyat yoldaşına, üzünü görmədiyi balasına və xəstə bacısına səbr versin, kömək olsun!

(Ardı var)

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

06.02.2021

Etikxeber.az

Read Previous

Daha 115 yeni yoluxma-DAHA 3 ÖLÜM…

Read Next

“Mincivan yenidən regional nəqliyyat habına çevriləcək və Ermənistan tərəfi bu məsələyə qoşularaq qətiyyətli olduğunu nümayiş etdirəcək”- PREZİDENTİN KÖMƏKÇİSİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir