MSK-nın iclası- “48”, “11”, “83” VƏ “82”-DƏ 1 MƏNTƏQƏNİN NƏTİCƏSİ LƏĞV EDİLDİ, BİR NAMİZƏD ŞİKAYƏTİNDƏN GERİ ÇƏKİLDİ, ƏLƏŞRƏFQIZININ ŞİKAYƏTİ SONRAYA SAXLANILDI, NƏSİROVLA BAĞLI MÜZAKİRƏ AÇILDI – YENİLƏNİB – (13)

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası olacaq.

Etikxeber.az xəbər verir ki, iclas 16:00-da başlayacaq.

 İclasda fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı müraciət və şikayətlərə baxılacaq.

***

MSK-nın iclası başlayıb.

****

İclasda 48 saylı Yevlax Seçki Dairəsi üzrə qeydiyyata alınmış namizəd Rüfət Hacıbəylinin müraciətinə baxılıb.

Məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

A. Muxtarova bildirib ki, R. Hacıbəyli seçki günü bu seçki dairəsi üzrə 3 və 13 saylı seçki məntəqələrində qanun pozuntularının olduğunu iddia edib və həmin məntəqələrdə seçkinin nəticələrinin ləğv olunmasını xahiş edib.

MSK sosial şəbəkələrdə bu məntəqələrlə, o cümlədən 6 saylı məntəqə ilə bağlı yayılmış görüntüləri və protokolları da araşdırıb. MSK-nın araşdırması zamanı yalnız 6 saylı seçki məntəqəsində seçkinin nəticələrinin seçicilərin iradəsini əks etdirmədiyi üzə çıxıb, 3 və 13 saylı seçki məntəqələrində isə pozuntular aşkarlanmayıb. 

MSK 48 saylı Yevlax Seçki Dairəsi üzrə 6 saylı seçki məntəqəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar verib.

***

 İclasda 11 saylı Qaradağ Seçki Dairəsindən daxil olan müraciətə baxılıb.

Müraciət barədə yenə MSK katibi A. Muxtarova məlumat verib. O, qeyd edib ki, həmin dairədən müraciət ünvanlayan qeydə alınmış namizəd Kamil Paşayevdir.


MSK katibi müraciətin araşdırıldığını, müqayisəli proses həyata keçirildiyini deyib. O, 25 saylı seçki məntəqəsində seçicilərin iradəsini ifadə etməyə imkan verməyən faktların aşkar olunduğunu bildirib. A.Muxtarovanın təklifi, MSK-nın ekspert qrupunun rəyi ilə 11 saylı Qaradağ seçki dairəsinin 25 saylı seçki məntəqəsində nəticələr ləğv edilib. Beləliklə, K. Paşayevin müraciəti qismən təmin edilib.


Qeyd edək ki, həmin dairədən qalib namizəd Aydın Hüseynovdur.

***

İclasda 86 saylı İsmayıllı, 98 saylı Şəmkir şəhər seçki dairələrindən daxil olan müraciətlərə də baxılıb.

Bu barədə də MSK katibi A. Muxtarova məlumat verib.

Ekspert qrupunun rəyi ilə 86 saylı İsmayıllı Seçki Dairəsindən edilən müraciət müddəti bitdiyinə görə, geri qaytarılıb.

98 saylı Şəmkir şəhər Seçki Dairəsindən müraciət edən şikayətçi isə özü sonradan imtina etdiyindən şikayət təmin edilməyib.

***

İclasda jurnalist Ləman Ələşrəfqızının müraciəti də müzakirəyə çıxarılıb.


Müraciət haqqında məlumat verən A. Muxtarova bildirib ki, 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsindən qeydə alınmış namizəd dairə üzrə seçkilərin nəticələrinin ləğvini tələb edib.


A.Muxtarova jurnalistin əvvəlcədən etdiyi şikayətinin araşdırıldığını, əlavə təqdim etdiyi protokolların sonradan araşdırıla biləcəyini qeyd edib.
MSK-nın ekspert qrupunun rəyi ilə L. Ələşrəfqızının müraciətinə baxılması sonrakı iclaslara saxlanıldı.


Qeyd edək ki, həmin dairədən lider namizəd Aqiyə Naxçıvanlıdır.

***

İcasda 30  saylı Suraxanı Birinci Seçki Dairəsi ilə bağlı qeydiyyata alınmış namizədlər Ziya Quliyev, Afiq İsrafilov və digərlərinin müraciətlərinə baxılıb.

Məsələ barədə MSK üzvü İlham Məmmədov məlumat verib.

İ. Məmmədov bildirib ki, araşdırma zamanı namizədlərin 30 saylı Suraxanı Birinci Seçki Dairəsində seçkidə pozuntulara yol verilməsi ilə bağlı iddiaları təsdiqini tapmayıb.

***

İclasda 28 saylı Sabunçu Üçüncü Seçki Dairəsi ilə bağlı qeydiyyata alınmış namizəd Tahir Poladzadənin müraciətinə baxılıb.

Bu barədə yenə MSK üzvü İ.Məmmədov məlumat verib.

İ. Məmmədov bildirib ki, T. Poladzadənin müraciəti ilə əlaqədar araşdırma aparılıb və iddia edilən qanun pozuntuları təsdiqini tapmayıb.

Buna görə də DSK-nın qərarının qüvvədə saxlanılması təklif olunub.

MSK müraciətin təmin edilməməsi və DSK-nın qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edib.

Qeyd edək ki, 28 saylı Sabunçu Üçüncü Seçki Dairəsi üzrə lider namizəd Eldar Quliyevdir.

***

İclas zamanı 83 saylı Ağcabədi-Füzuli Seçki Dairəsi üzrə qeydə alınmış namizəd Anar İsayevin səlahiyyətli nümayəndəsi Taleh Əliyevin müraciətinə baxılıb.

Bu barədə də MSK üzvü İ. Məmmədov məlumat verib.

İ. Məmmədov bildirib ki, araşdırma zamanı sosial şəbəkələrdə yayılmış görüntülər araşdırılıb və 9 saylı seçki məntəqəsində seçkinin nəticələrinin seçicilərinin iradəsini əks etdirmədiyi üzə çıxıb.

MSK 83 saylı Ağcabədi-Füzuli Seçki Dairəsi üzrə 9 saylı seçki məntəqəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, bu dairədə lider namizəd Aqil Abbasdır.

***

İclasda 66 saylı Biləsuvar Seçki Dairəsi üzrə daxil olan müraciətə baxılıb.

Bu barədə məlumat verən MSK üvü Tofiq Həsənov müraicətin həmin dairədən qeydə alınmış namizəd Lətifə Əliyevaya məxsus olduğunu bildirib.


MSK üzvü qeyd edib ki, L. Əliyeva dairənin bir çox məntəqələrində pozuntuların olduğunu iddia edərək, nəticələrin etibarsız sayılmasını tələb edib.


Araşdırma zamanı namizədin iddialarının təsdiqini tapmadığını qeyd edən T. Həsənov sosial şəbəkələrdə yerləşdirilmiş videogörüntlərdə də seçicilərin iradəsinin əksinə halın müşahidə olunmadığını bildirib.


MSK-nın ekspert qrupunun rəyi əsasında namizədin müraicəti təmin edilməyib.


Qeyd edək ki, həmin dairədən lider namizəd Bəhruz Məhərrəmovdur.

***

İclasda sonra 68 saylı Cəlilabad kənd Seçki Dairəsindən ünvanlanan müraciətlərə baxılıb.

Müraciət barədə məlumat verən MSK üzvü T. Həsənovun sözlərinə görə, şikayət həmin dairədən qeydə alınmış namizəd Sakit Mirişova məxsusdur.


Namizəd səsvermə günü müşahidəçilərə lazımi müşahidə imkanı yaradılmadığını və digər qanun pozuntularının olduğunu iddia edib.


MSK katibi Mikayıl Rəhimov bildirib ki, həmin dairə üzrə qalib namizəd Elman Nəsiorov barəsində xeyli müzakirələr açılıb, mübahisələrə səbəb olan məqamlar qeyd edilib.


T. Həsənov isə sosial şəbəkələrdə həmin Dairədən yayılan, şöyüş və təhqirin yer aldığı videogörüntülərdə mübahisəli məqamların olmasını istisna etməyib.


MSK-nın ekspert qrupunun yekun rəyi əsasında namizədin şikayəti təmin edilməyib.


Qeyd edək ki, 68 saylı Seçki Dairəsindən lider namizəd Elman Nəsirovdur.

***

İclasda 82 saylı Ağcabədi Seçki Dairəsindən ünvanlanan müraciətlərə baxılıb.


Müraciət barədə MSK üzvü Baxşeyiş Əsgərov məlumat verib. O, qeyd edib ki, həmin dairədən qeydə alınan bir neçə namizəd seçki məntəqələrində pozuntuların olduğunu iddia ediblər.


MSK üzvünün sözlərinə görə, namizədlər 1-dən 46-ya qədər bütün məntəqələrdə nəticələrin etibarsız sayılmasını tələb ediblər. Araşdırma nəticəsində namizədlərin pozuntular haqqında iddialarının təsdiqini tapmadığı aydınlaşıb. 

MSK üzvü diqqətə çatdırıb ki, sosial şəbəkələrdə yayılan videolardan 3 saylı seçki məntəqəsində seçicilərin iradəsinin təmin olunmadığı mübahisəli saxlanılıb.


MSK-nın ekspert qrupunun rəyi əsasında 3 syalı seçki məntəqəsinin nəticələri ləğv edilib.

Namizədlərin şikayəti qismən təmin edilib.

Qeyd edək ki, həmin dairədən lider namizəd Tahir Rzayevdir.

***

İclasda 17 saylı Yasamal Üçüncü Seçki Dairəsindən qeydiyyata alınmış namizəd Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin səlahiyyətli nümayəndəsi Əliyar Şirməmmədovun müraciətinə də baxılıb.

Məsələ barədə MSK üzvü B. Əsgərov məlumat verib.

B. Əsgərov bildirib ki, müraciətdə səsvermə günü müşahidəyə şərait yaradılmaması və digər pozuntulara yol verildiyi iddia olunub.

MSK təqdim edilən 84 videogörüntünü araşdırıb və iddianın təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilməyib.

MSK müvafiq DSK-nın qərarını qüvvədə saxlayıb və müraciət təmin edilməyib. 

***

İclasda 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən şikayətə baxılıb.

Həmin dairədən qeydə alınmış namizəd Elza Qasımovanın (Seyidcahan) şikayəti haqqında MSK üzvü İlkin Şahbazov məlumat verib.

O, qeyd edib ki, müraciət qanunla müəyyən olunmuş vaxtda təqdim edilməyib.

MSK-nın ekspert qrupunun rəyi ilə qərara alınıb ki, buna görə də Elza Seyidcahanın şikayəti təmin edilməsin.

***

 İclasda həmçinin, müddəti keçməklə daxil olan bir şikayət geri qaytarılıb.

Bu dairə 111 saylı Zaqatala-Balakən Seçki Dairəsidir.

Bu dairədə nəticələrlə bağlı şikayət müddət keçməklə MSK-ya daxil olduğundan ekspert qrupunun rəyi ilə geri qaytarılıb. 

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən müraciətlərin ünvanlanma müddəti seçki günündən sonra 3 gün müəyyən edilib.

Etikxeber.az

Read Previous

Pakistanın Xeybər Puxtunxva əyalətinin Assambleyasından Azərbaycanla bağlı-QƏTNAMƏ

Read Next

57 saylı Kürdəmir Dairə Seçki Komissiyası buraxılır? – MSK SƏDRİ İSTİSNA ETMƏDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir