“Nə bizim radikalların xalq arasında, nə də həmməruzəçilərin AŞPA-da dəstəyi var, eyni durumdadırlar, ciddi qəbul edilmirlər” – SƏMƏD SEYİDOVDAN SƏRT SÖZLƏR

Səməd SEYİDOV: ” Azərbaycanı İtaliya, İspaniya vəziyyətində görmək istəyən bəzi dırnaqarası siyasətçilər dialoq təklifdən imtina etdilər…”

Etikxeber.az-ın suallarını Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov cavablandırır:

-Səməd müəllim, AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri bugünlərdə Azərbaycanla bağlı sərt bəyanatla çıxış etdilər. Bəyanatda deyilənlərlə razısınızmı, yoxsa?…

-Təəssüflər olsun ki, AŞPA həmməruzəçiləri yenə də öz ampulasından əl çəkmirlər və Avropanın necə deyərlər, “ölüm-dirim” günlərini yaşadığı bir vəziyyətdə Azərbaycana qarşı, Azərbaycanda gedən proseslərlə bağlı yalan, böhtan, hədə-qorxu, tamamilə reallıqdan uzaq və heç bir əsası olmayan bəyanat yayırlar. Özü də bu bəyanata nə Azərbaycan nümayəndə heyətinin üzvləri, nə Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəliyi, nə Azərbaycanın bu istiqamətdə müvafiq strukturları, hüquq-mühafizə orqanları, yaxud da, hansısa bir vətəndaş cəmiyyətinin nümayəndəsi və ya İşçi Qrupunun üzvləri ilə məsləhətləşməmiş, öyrənməmiş, araşdırmamış və əlaqə yaratmamış imza çəkib veriblər. Bu, ona dəlalət edir ki, koronavirus xəstəliyi çox geniş şəkildə Avropada yayılıb və bu virus İspaniyanı, İtaliyanı, Böyük Britaniyanı, Fransanı, başqa Avropa ölkələrini dəhşətli şəkildə bürüyüb. Ancaq ondan da dəhşətli bir virus var imiş, bu virus təəssüflər olsun ki, onların beynində Azərbaycana, İslam dininə və onun daşıyıcılarına, müstəqil dövlətlərə, özünü qorumaq və bu bəladan qurtarmaq niyyətində, istəyində, iqtidarında olan ölkələrə qarşı bir niyyətdir.

Mən bir nümayəndə heyətinin rəhbəri kimi utanc hissini keçirirəm ki, Avropa Şurasında bu cür nümayəndələr, həmməruzəçilər var və onlar bu vəziyyətdə, bu yaşanan insan faciəsi içərisində bu tipli bəyanatlar imzalayırlar. Bilirsiniz ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev 6-cı çağırış parlamentin ilk iclasında xüsusilə müxalifətin rolu haqqında çox dəyərli fikirlər söyləmişdi. İlk dəfədir parlamentdə səkkiz nəfər müxalifət nümayəndəsi müxtəlif vəzifələrdə təmsil olunmuşdur, vitse- spiker vəzifəsindən tutmuş, komitə sədri və komitə sədrlərinin müavinləri səviyyəsində. Nəzərə alsaq ki, bizdə 15 Komitə, 2 Komissiya mövcuddur, təsəvvür edə bilərsiniz, nə dərəcədə böyük və əhəmiyyətli bir addım atılıb cənab Prezidentin təşəbbüsü əsasında.

Bundan başqa, cənab Prezident Novruz bayramı ilə əlaqədar olaraq Azərbaycan xalqını təbrikində, o cümlədən, Prezident Administrasiyası, onun müvafiq strukturları dəfələrlə bütün siyasi partiyalara, ictimai birliklərlə müraciət edərək, Azərbaycanda konstruktiv dialoqun aparılması ilə bağlı təkliflər irəli sürmüşdülər. Biz hamımız bunun şahidi idik və hamı, siyasi palitrada mövcud olan partiyalar və ictimai birliklər cənab Prezidentin bu dialoq çağırışına, bu çətin dövrdə birlik çağırışına, əlaqələri möhkəmləndirmək, birgə kompromislər tapmaq, dialoq qurmaq, əlaqələr yaratmaq çağırışına çox müsbət fikir birldirmişdilər. Yalnız balaca bir marginal, antimilli ruhu içində daşıyan və təəssüflər olsun, Azərbaycanı İtaliya, İspaniya vəziyyətində görmək istəyən bəzi dırnaqarası siyasətçilər bu təklifdən imtina etmişdilər.

-Həmin dairələr dialoq çağırışının səmimiyyətinə inanmadıqlarını bildirmişdilər və bu gün də eyni mövqedədirlər…

-Tamamilə, yanlış, antimilli bir mövqe və yanaşmadır. Həmin bu marginal , xalq tərəfindən heç bir müdafiəsi olmayan siyasi qüvvələr dəstəyi Avropa Şurasının bax bu deputatlarında “tapdılar”. Təəssüflər olsun ki, həmin deputatlar da bunlara dəstək verdilər və verirlər. Biz yaxşı bilirik ki, onlar da Avropa Şurasında təxminən eyni vəziyyətdədirlər. Necə ki, bunlar Azərbaycanda xalq tərəfindən qəbul olunmur, onlar da orada ciddi şəkildə qəbul edilmirlər. Ancaq o iki marginal və heç bir nüfuzu, dəstəyi olmayan qüvvə birləşib Azərbaycanın üstünə belə bir ittihamlarla çıxış etdilər və edirlər.

Hesab edirəm ki, bu, Azərbaycana növbəti bir hücumdur və bu hücum faktiki Avropa Şurasının özünü dağılmaq təhlükəsi, onsuz da krizis içərisində olan bu təşkilatın gələcəyini çox böyük sual işarəsi altına qoyur. Mən bununla əlaqədar olaraq, Avropa Şurasının prezidentinə çox kəskin bir məktub yazmışam və ondan tələb etmişəm ki, belə bir cəhdlərin qarşısı alınsın. Çünki yalandan, böhtandan, informasiya manipulyasiyasından istifadə olunması Avropa Şurasının əslində özünü məhv edir.

Cənab Prezidentin təşəbbüsləri, gördüyü işlər göz önündədir, xüsusilə, həbsxanalardan bəzi məhbusların buraxılması prosesi gedir. Məsələn, bir neçə müddət bundan əvvəl Əfqan Muxtarlının buraxılması və onun ailəsilə Almaniyada birləşməsinə, həmçinin, cənab Prezidentin insan haqları sahəsində başqa təşəbbüslərinə göz yummaq, onları kənara qoymaq, o cümlədən, Tofiq Yaqublunun xuliqanlıq hərəkətlərini tamamilə başqa tərzdə təqdim etmək, hesab edirəm ki, düşünülmüş və Azərbaycana qarşı atılmış növbəti bir provakasiya kimi qiymətləndirilməlidir.

Cənab Prezident parlamentdə çıxışında dedi ki, buradan bəyan edirəm ki, Azərbaycan öz mövqeyindən çəkilməyəcək, müstəqil siyasət aparacaq. Həmçinin, dedi ki, bu bəyanatımdan sonra Avropadan, haradansa növbəti bir hücum  görəcəyik. Bax görürsünüz, yenə də cənab Prezidentin sözləri düz çıxdı və üstündən bir neçə gün keçəndən sonra belə bir bəyanatı gördük və şahidi olduq. Ona görə hesab edirəm ki, bu saat Avropa Şurası, Avropa Parlamenti, başqa Avropa təşkilatları gərək öz problemləri ilə məşğul olsunlar, öz xalqlarının faciəvi şəkildə koronavirusla əziyyət çəkdiklərini dərk etsinlər, bu haqda düşünsünlər, nəinki tamamilə yanlış, əqidəsinə uyğun olmayan və islamafobiya düşüncəsini içində ehtiva edən hərəkətlər etsinlər…

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Qorxulusu budur-peyvəndi, müalicəsi heç vaxt tapılmayacaq bəla budur…”-MİLLƏT VƏKİLİ YAZDI VƏ AŞPA MƏRUZƏÇİLƏRİNİ SƏRT TƏNQİD ETDİ

Read Next

“13 aptekdə tibbi spirtlər olsa da, tibbi maskalar yoxdur…”-SABİRABADIN DEPUTATI – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir