“Nifrət və qərəz holland parlamentarilərin gözünü o qədər bağlayıb ki…”-BƏHRUZ MƏHƏRRƏMOVDAN KƏSKİN ETİRAZ

Ölkə Prezidenti İlham Əliyev Niderland Krallığının yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edərkən Niderland parlamentinin Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan qərarına etirazını bildirdi və hollandların bu addımının bizə daha yaxın əlaqələr qurmağa kömək etməyəcəyini dedi.

Həqiqətən də, Ermənistan özü diz çökərək kapitulyasiya bəyanatını imzaladığı halda regiondan uzaqda yerləşən və nəinki bölgəyə, ümumiyyətlə,  yerləşdiyi Avropa məkanında ciddi iqtisadi və siyasi təsir imkanı olmayan bir ölkənin belə davranışları çox qəribədir.

Lakin eyni zamanda bəllidir ki,  Niderland parlamentində Azərbaycan və Türkiyə əleyhinə ritorika yeni deyil.

Hələ 2014-cü ildə Hollandiyada qondarma “erməni soyqırımı” abidəsinin qoyulmasına etiraz edən Azərbaycan-Türk diasporu fəallarına cinayət işi açılması, 2018-ci ilin fevralında Holland parlamentində qondarma “erməni soyqırımı”nın tanınması kimi və s. proseslər hər kəsin yadındadır.

Niderland Parlamentinin Nümayəndələr Palatasının 17 noyabr qərarı da məhz bu prosesin davamıdır və Avropada başlanmış  antitürk və antiislam dalğasının bir hissəsi hesab olunmalıdır. Xatırlayırsınızsa, başda Fransa olmaqla Avropada bəzi dairələr Vətən müharibəsində, Azərbaycan ilk zəfərləri qazandıqdan dərhal sonra bu münaqişənin əsl mahiyyətindən çox uzaq olan feyk nyuslar yaymağa başlamış, əks hücum əməliyyatlarını etnik-dini zəmində münaqişə kimi qələmə verməyə çalışmışdı.

Təbii ki, cənab İlham Əliyevin çoxsaylı müsahibələri və diplomatik manevrlər, habelə Azərbaycan xalqının informasiya müharibəsində göstərdiyi fəallıq bu gücləri susdurdu. Müharibə dövründə ardıcıl maddi və siyasi dəstəyin fayda verməməsi, Ermənistanın məğlubiyyəti Soros peyklərinin iqtidarda olduğu dövlətləri açıq hərəkətə sövq etdi. Hollandiya parlamentinin qeyd olunan qətnaməsində aşkar müharibə cinayətləri – mülki insanlara hücum, Gəncə, Bərdə, Naftalanda dinc sakinlərin kütləvi olaraq qadağan olunmuş silahlardan istifadə edilməklə qətlə yetirilməsi, atəşkəs dövründə azyaşlıların snayperlə vurulması, habelə münaqişə tarixində törədilmiş Xocalı, Qaradağlı, Ballıqaya və s. soyqırımları barədə heç bir yanaşma yoxdur.

Əvəzində Nümayəndələr Palatası heç bir hüquqi və mənəvi əsası olmadan Dağlıq Qarabağa Aİ, ATƏT və ya BMT çərçivəsində müstəqil müşahidəçilərin göndərilməsi, Azərbaycanın və Türkiyənin məsuliyyət daşıyan şəxslərinə, o cümlədən Azərbaycanın hərbi-siyasi rəhbərliyinə, habelə “Türkiyə tərəfindən göndərilmiş suriyalı döyüşçülərə” qarşı şəxsi sanksiyaların qəbul edilməsi, Türkiyəyə qarşı silah embarqosunun tətbiqi məqsədilə Aİ daxilində fəal dəstəyin istənilməsi, ATƏT və ATƏT-in Minsk qrupunun rolunun artırılması məqsədilə çoxtərəfli formatda imkanların öyrənilməsi barədə qətnamə qəbul edib.

Bildiyiniz kimi, Niderland krallığı ATƏT-in Minsk qrupunun üzvüdür. Lakin, hər kəs mənimlə razı olar ki, bu illər ərzində Niderlandın münaqişənin həllində “varlığından” bizim xəbərimiz olmayıb. Bu günə qədər onlar işğala, təcavüzə, terrora, müharibə cinayətlərinə susublar. Niyə? Çünki  28 il idi ki, məğlub durumda olan, əzilən Azərbaycan idi və görünür onları da elə bu vəziyyət, bu yaramaz status-kvo qane edirdi. Prezident İlham Əliyev dəmir yumruqla status-kvonu dəyişdi, indi qalib gəlmiş, diqtə edən tərəf bizik, görünən də odur ki, bu vəziyyət “neytral” Fransa kimi Niderlandı da qane etmir.

Nifrət və qərəz holland parlamentarilərin gözünü o qədər bağlayıb ki, onlar bu layihəni Avropa parlamenti səviyyəsində qaldırmaq niyyətindədirlər, baxmayaraq ki, Prezident İlham Əliyevin də dediyi kimi Avropa Komissiyası və Azərbaycanın çox geniş əməkdaşlıq gündəliyi var, Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını tam dəstəkləyən “Tərəfdaşlıq prioritetləri” sənədini paraflanıb və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini hədəfləyən əks hücum əməliyyatları bu sənədə, həmçinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə tam uyğundur.

Həmçinin Avropa İttifaqı, 4-ü parlament səviyyəsində olmaqla,  cari münaqişə ilə bağlı digər 7 sənəddə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edib. Elə sonuncusu, bu ilin iyun ayında Avropa Parlamentinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri, Azərbaycan üzrə və Ermənistan üzrə məruzəçilərin birgə bəyanatında Ermənistan təcavüzkar kimi tanınıb.

Belə olan halda, hollandların bu cəhdi Avropa İttifaqının fəaliyyət prinsiplərinə tam ziddir, yürüdülən siyasi xəttə uyğun deyil, bu baxımdan da heç bir perspektivi yoxdur. Təsadüfi deyil ki, Hollandiyanın xarici işlər naziri də məhz analoji mövqedən çıxış edərək dolayı yolla bu layihəyə müsbət yanaşmamışdı.  

Əslində bu cür rüsvayçı təfəkkür və yanaşmanı Hollandiya parlamentindən gözləmək olardı. Hələ də 17-ci əsr müstəmləkə təfəkkürü ilə yaşayan, Uzaq Şərq və Cənubi Afrikada törədilmiş qırğınlar və talanların ləkəsini üzərindən ata bilməyən Holland parlamentariləri üçün görünür barbar erməni xisləti yad deyil.

Bu mənada, Kəlbəcər, Ağdam, Laçın rayonlarında qanunsuz məkunlaşdırılmış ermənilərin əraziləri tərk etdikcə törətdikləri vandalizm aktları, ekoloji terror, mədəni mülkiyyətin talan edilməsi, bununla da elə Niderlandda qəbul olunmuş 1954-cü il Haaqa konvensiyasının ayaqlar altına atılmasına hollandların susqunluğu da başa düşüləndir.

Axı Niderland Krallığı özü maddi mülkiyyəti talamaqda ittiham edilən bir dövlətdir və onlar hələ də İndoneziya və Şri-Lanka ilə o ölkələrdən oğurladıqları maddi mədəni abidələrin mübahisəsini aparmaqdadır.

Bəhruz MƏHƏRRƏMOV,

Millət vəkili, h.ü.f.d. dos

Etikxeber.az

Read Previous

Noyabrın 21-dən dekabrın 28-dək həftə sonları fəaliyyətinə icazə verilən sahələr məlum oldu: Açıq məkanda da maska taxmayanlar-100 MANAT MƏBLƏĞİNDƏ CƏRİMƏLƏNƏCƏK – YENİLƏNİB

Read Next

“İlham Əliyevin şərəfinə böyük, müasir və gözəl şəhərin salınması Ali Baş Komandanın müstəsna xidmətlərinə görə xalqın ona minnətdarlığının layiqli ifadəsi olardı”-ƏLİ ƏHMƏDOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir