“Nizaminin “Leyli və Məcnun” ilə Füzulinin eyni adlı əsərlərinin üslub və ideya fərqlərini Getenin baxış bucağından daha dəqiq anlamaq mümkündür…”-FAZİL MUSTAFA YAZDI

Bu günlərimin mütailə ağırlığı əsasən dahi alman mütəfəkkiri Getenin yaradıcılığı və ayrı-ayrı şəxsiyyətlərin onun haqqlnda düşüncələrini əks etdirən əsərlər üzərində yoğunlaşdı. İkincilər barədə sonra qeydlərimi yazacağam.

Bu qeydlərim Getenin əvvəllər müəyyən hissələri ilə tanış olduğum “Faust” əsəri haqqında olacaq.

Maraqlıdır ki, bir neçə gün ərzində bu əsərin bir neçə tərcüməsini müqayisəli şəkildə oxumağa çalışdım və xeyli maraqlı detalları üzə çıxardım.

Gete özü Ekkermannla söyləşisində; “Faust”la uğraşmağı kimsəyə tövsiyə etmirdi, onu dəlilik işi sayırdı və düşünürdü ki, əsər normal dərketmənin hüdudlarından kənara çıxmışdır. Geteyə görə; Faust elə bir şəxsiyyətdir ki, çox az sayda insan onun hissələrinə yaxınlaşa bilər. Mefistofel də o cümlədən. Gete, Ekkermannla söyləşisində yazırdı ki:

“O alimlər məni təəccübləndirirlər ki, öz təhlillərində aşağıdakı fikri vurğulayırlar: poetik yaradıcılıq həyatdan poeziyaya gəlmir, kitabdan kitaba axır. Onlar daim yazırlar: bunu o filankəsdən alıb, digərini də başqasından götürüb. Necə ola bilər ki, onlar antik ədəbiyyatda rast gəldikləri motivləri Şekspirin əsərlərində görəndə bunu oradan mənimsəmə kimi qiymətləndirməyə çalışsınlar. Bu gülməlidir. Mənim qəhrəmanım Mefistofel Şekspirin “Hamlet” əsərində Ofelyanın nəğməsini olduğu kimi oxuyur. Şekspirin nəğməsi məhz mənim demək istədiyimi ifadə etdiyi üçün, zəhmət çəkib yenidən yazmağa nə ehtiyac var?”

Gete: “Yazarların tarixçilər tərəfindən yazılmışların hamısını sadəcə təkrarlamasının nə anlamı var? Şekspir antik ədəbiyyatdan götürdüyü personajları tam hüquqla ingilisləşdirə bilir, başqa halda öz xalqı onu anlaya bilməzdi”.

Bu düşüncə çox önəmlidir, bir çox hallarda biz klassik ədəbiyyatımızda, eləcə də sonrakı dövrdə rast gəldiyimiz sənət nümunələrində yazarların birinin digərindən fərqini anlamaqda çətinlik çəkirik. Nizaminin “Leyli və Məcnun” ilə Füzulinin eyni adlı əsərlərinin üslub və ideya fərqlərini Getenin baxış bucağından daha dəqiq anlamaq mümkündür. Mən buna “dahilərin ərki” deyərdim.

Hüseyn Cavidin “İblis” əsərində də Arif-Faust, İblis-Mefistofel kimi personaj uyğunluğu özünü qabarıq göstərsə də, Cavid İblisi türkləşdirə, ərəbləşdirə, həm də bəşəriləşdirə bildiyinə görə öz orijinallığını təsdiq edib. Necə ki, Şekspir romalıları ingilisləşdirib, Gete antik qəhrəmanları almanlaşdırıb. Ona görə də bu epizod uyğunluqlarını kimin öz dövrünün dəyərinə necə çevirməsinə daha çox diqqət yönəldilməlidir.Buradan yol alaraq əsrlərdir bəşər düşüncəsinin fəlsəfi-poetik abidəsi olan “Faust” əsərinə üz tutaq. Əsəri dilimizə Azərbaycanın görkəmli yazarı Əhməd Cəmil çevirib.

Bu tərcümədə alman dilinin yüksək səviyyəli bilicilərindən olan Nəzakət Ağazadənin sətri tərcüməsindən, eləcə də Sokolovskinin 1902, Veynberqin 1904-cü illərdə çap olunmuş ruscaya sətri tərcüməsindən, eləcə də Sovet dövründəki Xolodkovskinin 1948-ci il və Pasternakın 1960-cı ildə çap olunan poetik tərcüməsindən müqayisə yolu ilə yararlanmışdır.

Maraqlıdır ki, bu nəşrlərin Sokolovski istisna olmaqla digərlərini əldə edə bildim və hamısını müayisəli şəkildə oxudum. Qeyd edim ki, “Faust”un ən mükəmməl poetik tərcüməsi heç şübhəsiz ki, Pasternakın tərcüməsi hesab olunur. Əhməd Cəmil bu əsər üzərində çox zəhmət çəksə də, yunan mifologiyasını, alman ədəbi dilini dərindən bilmədiyinə görə tam anlamı ilə “Faust”un açılışını verə bilməyib.

Bütün hallarda qeyd edim ki, bu əsər poeziya nümunəsi olsa da, fəlsəfi və mifoloji mürəkkəbliyinə görə, sətri tərcümə vasitəsilə daha uğurlu təqdim oluna biləcəyini düşünürəm. Veynberqin tərcüməsi düşünürəm ki, daha anlaşıqlıdır. Ancaq bu Pasternakın dühasının ortaya qoyduğu mükəmməl tərcümənin dəyərini qətiyyən azaltmır.

Qeyd edim ki, bu əsərdən parçaları 1906-cı ildə “Füyuzat” jurnalında öz tərcüməsində təqdim edən böyük mütəfəkkirimiz Əli Bəy Hüseynzadənin də sətri tərcüməyə üstünlük verməsi görünür əsassız deyildi. Müqayisə üçün əsərin sonluğunda “Mistik xor”un ifa etdiyi parçanı fərqli tərcümələrini təqdim edirəm:

Fanilər rəmzdir əbədiyyətdən-

Sonsuz həqiqətin parıltısıtək.

Orda hali olur cəmi məqsəddən,

Ağıl irməyinə etməyirsən şəkk.

Nurla, zərifliklə dolu asiman

Çəkir ruhumuzu ora hər zaman. (Ə.Cəmil)

Лищь символ – все бренное,Что в мире сменяется;Стремленье смиренноеЛищь здесь исполняется;Чему нет называния,Что вне описания,-Как сущность конечнаяЛищь здесь происходит,И женственность вечнаяСюда нас возводит. (Холодковский)

Все быстротечное-Символ, сравненье.Цел бесконечнаяЗдесь – в достиженье.Здесь – заповеданностьИстины всей.Вечная женственностьТянет нас к ней. (Пастернак)

Все преходящее есть только символ; недостижимое здесь достигается, невразимое здесь совершается; вечно женственным к небу возносимся мы. (Вейнберг)

“Faust” bütün dövrlərin bir çox yazarlarının, filosofların ən çox müraciət etdiyi əsərdir.

Minlərlər rəylər, yorumlar yazılmış barəsində. Hələ də bu əsərin içində gizlənmiş Gete dühasının açılışının tam şəkildə verilmədiyi düşünülür. Yaxşı ki, bunu tam şəkildə gənclik illərində oxumamışam. İndinin özündə belə əsərin fəlsəfi yükünü daşımaq, anlamaq çox çətindir. Ümid edirəm ki, bizim gənc nəslin içindən “Faust”u almancadan sətri tərcümə edən peşəkarlar çıxacaq.

Ümumilikdə biz Nizami irsini də ona görə yetərincə anlada bilmirik ki, onun sətri tərcüməsi əvəzinə poetik tərcüməsinə üstünlük vermişik. Poetik tərcümədə bu cür iri həcmli əsərlərin mənasının açılışı heç də həmişə uğurlu olmur.

Ancaq yuxarıda söylədiyim ki, bir çox məqamları müqayisəli oxuduğunda mənasının anlaşılması üçün daha faydalı olur.

Fazil MUSTAFA,

Millət vəkili

Etikxeber.az

Read Previous

“İcaze.e-gov.az”-da ilk gündə 11 min 986 qurumun 158 min 170 əməkdaşının icazəsi təsdiqlənib-RƏSMİ

Read Next

“Şimal zonasında da karantində olan vətəndaşlarımız çoxdur…”-ELDƏNİZ SƏLİMOV GÖRÜLƏN TƏDBİRLƏRDƏN DANIŞDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir