“Bakının yükü azaldılmalıdır, yoluxma onda azala bilər….”-PARLAMENTİN KOMİTƏ SƏDRİ OPERATİV QƏRARGAHA SƏSLƏNDİ

Çox təəssülər olsun ki, yoluxmaların sayı çoxdur deyə, o, kütləvi hal alır. Hansı bölgələrdə də sərtləşdirilmiş karantin rejimidir, hamısını elan ediblər. O görə də təbiidir ki, o bölgələrə getmək bu dəqiqə düzgün deyil. Xarici ölkəyə isə kimsə gedirsə, onun da müəyyən şərtləri var, o da həmin şərtlərə əməl edir və sair.

Bunu Etikxeber.az-a açıqlamasına Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bəzi imkanlı vətəndaşların xüsusi reyslərlə xarici ölkələrə istirahətə getməsi fonunda, rayonlarla əlaqəli və nisbətən imkansız təbəqədən olan insanların o bölgələrə hələ də getmələrinə icazə verilməməsi və bunun bir çoxları tərəfindən ayrı-seçkilik kimi qiymətləndirilməsi, etirazlarla qarşılanmasına münasibətini bildirərkən deyib.

“Əslində bizim laqeydliyimiz bizi bu günə gətirib çıxardı. Dünyada ən yaxşı, nümunəvi bizim ölkə idi ki, koronavirusa qarşı mübarizəni ciddi aparırdıq. Qabaqlayıcı tədbirlər görüldü, ondan sonra bu qədər vəsait ayrıldı. Bu qədər xəstəxanalar hazırlandı. Ondan sonra müəyyən avadanlıqlar, dərman pereparatları alındı gətirildi. İndi o rayonlar ki, məsələn, bizim rayonumda-Ağcabədidə elə kənd var ki, yoluxma sayı çoxdur. Bir-ikisini də mən gətirmişəm, burda müalicə olunur. Allaha şükür ki, indi onların vəziyyəti yaxşıdır.

Hansı ki, ölümcül halda idilər, “Semaşko”ya gətirib qoydular. Bizim bir bələdiyyə sədri var, yaşlı qadındır, gətirdik, səhhəti çox pis vəziyyətdə idi, ancaq indi vəziyyəti normallaşıb. Allah həkimlərimizin canını salamat eləsin, onların sayəsində mümkün oldu. Bəzən haqsızcasına həkimlərimiz haqqında xoş olmayan sözlər deyilər, amma hamısı yalandır, insanların bu bəladan qurtulması üçün can qoyurlar. Amma çox təəssüflər olsun ki, başqa bir bələdiyyə sədrimiz vardı-Təzəkəndinki, İmişlidə bu bəlaya yoluxmuşdu, həyatını qurtarmaq mümkün olmadı, vəfat etdi. Özü də cavanca bir xanım idi. Ona görə indi o yerlər var ki, ora getməmək təbiidir”-deyən komitə sədri ancaq bununla belə, şəhərin-Bakının yükünün azaldılmasının da tərəfdarıdır.

“İndi hava çox istidir, müəyyən adamların dağ rayonlarında qohumları var, əqrabaları var. İmkanı var ki, getsin 20 gün, bir ay orada müəyyən yer tutsun, qalsın. Onların getməsinə icazə vermək lazımdır. Şəhərin yükü azaldılmalı, yüngülləşməlidir. Bu yoluxma onda azala bilər. İndi bu yöndə də təkliflər var. Operativ Qərargaha belə təkliflər də veriblər ki, yaxşı olar, şəhərin yükü müəyyən qədər azaldılsın. Burada insanlar çoxdur, gəliş-gediş çoxdur. Yay vaxtı olsa da, elə insanlar var ki, heç düzgün hələ işə çıxmırlar. İcazə verilmir, deyirlər ki, təhlükəsizliyinizi qoruyun, onsuz da əmək haqqı alacaqsınız. Yaxşı olar ki, o adamlara icazə verilsin.

Tutaq ki, Qəbələdir, İsmayıllıdır, Gədəbəydir, Şamaxıdır, başqa rayonlardır, burada qohum-əqrabaları olanları varsa, həmin adamlara icazə verilsin və onlar gedib orada özlərinə müvəqqəti bir yaşayış yeri- bir ay, ay yarım – təmin etsinlər, orada qalsınlar. Bu, çox effektli ola bilər. Ancaq mən də tərəfdarıyam ki, yoluxma halları çox olan rayonlara buraxılmasınlar adamlar. Çünki əgər o rayonlara buraxılsa, vəziyyət daha da pisləşə bilər. Çünki bəziləri rayonlara, yas yerinə gediblər, yas yerindən çıxandan sonra neçəsi koronavirusa yoluxublar. Dünən Ağcabədidə bir cavan həkimimiz-Rövşən Cəfərov rəhmətə getdi. Allah rəhmət etsin! Bax, mən o baxımdan tərəfdarıyam ki, riskli bölgələrə getməyə icazə verilməsin. Yox əgər, hansısa bölgədə yoluxma yoxdursa, gedən adam da özünə arxayındısa, getsin, qalsın, əslində, buradan-şəhərdən təcrid olunsun”-deyə, T. Rzayev sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

17:17, 08 iyul

Etikxeber.az

Read Previous

“Bu cinayətlərə görə Xarici İşlər Nazirliyinin rəhbərliyi də bilavasitə məsuliyyət daşıyır…”-İSA QƏMBƏR

Read Next

Jurnalistlər Binasında həyəcan-YAŞANDI VƏ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir