Qarabağ-Azərbaycan naminə – DİRÇƏLİŞ!-JALƏ ƏLİYEVA PREZİDENTİN SON FƏRMAN VƏ SƏRƏNCAMINDAN YAZDI

Daha bir mühüm və daha bir vacib Fərman, Sərəncam!

Bizi 27-28 illik işğaldan azad olunmuş Qarabağımıza, ona bitişik tarixi yurd yerlərimizə daha da yaxınlaşdıran, bizi bir daha elliklə Qarabağlı, Vətənli edən daha bir önəmli addım!

Cəmi saatlar öncə Şanlı, Rəşadətli Ordusu, İgid, Cəsur Əsgəri ilə Qarabağımızı bizə qaytaran, bizi biz edən Müzəffər Ali Baş Komandan, Qalib Sərkərdə-ölkə Prezidenti cənab İlham Əliyev “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında Fərman verdi.

Bu Fərmanın mürəkkəbi qurumamış “Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Sərəncam imzaladı.

Tərkibində dövlət və hökumət rəsmilərinin, tanınmış ziyalıların, korifey sənətçilərin yer aldığı bu Fond işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə təşkil olunur ki, bunun da önəmini uzun-uzadı anlatmağa çox yəqin ki, ehtiyac qalmır.

Elə adından da məlum olur ki, bu Fond nə üçün, hansı məqsədlə təşkil olunur.

Bəli, 44 günlük müqəddəs Vətən müharibəsi, İkinci Qarabağ Savaşı ilə 32 illik qanlı münaqişəyə son qoyduq, Ali Baş Komandanın rəhbərliyi və “vur” əmri ilə İgid Azərbaycan Əsgəri öz “Dəmir Yumruğu”nu qəvi və yağı düşmənin başına zərblə endirdi, onu məğlubiyyətə, təslimiyyətə uğratdı, əzdi, məhv etdi, diz çökdürdü.

Bəlkə də göylərində, ənginliklərində, uca zirvələrində ötən əsrin 90-cı illərinin başlarında cəmi bir və ya iki il dalğalandırılmış üçrəngli müqəddəs bayrağımız yenidən Şuşamızda, Laçınımızda, Kəlbəcərimizdə, Ağdamımızda, Füzilimizdə, Zəngilanımızda, Hadrutumuzda, Qubadlımızda, Cəbrayılımızda, yaralı Xocalımızın 9 kəndində, Suqovuşanımızda qürurla, şəstlə ucaldıldı, dalğalandırıldı…

Birdəfəlik Qələbə bayrağını asdıq, ucaltdıq, dalğalandırdıq Vətən torpaqlarımızda.

Bir kərə yüksələn bayrağın bir daha enməyəcəyini sübut etdik.

Enməyəcək, enməyə də imkan verməyəcəyik.

Bizim olanı, bizim haqqımız olanı daha heç kimə “güzəştə” getməyəcəyik!

Bəli, Qalib ölkə, Qalib xalq, Qalib dövlət olaraq, bizi qarşıda növbəti yeni üfiqlər, yeni mərhələ, yeni proses gözləyir.

Bu, işğaldan azad olunmuş Qarabağımızın bərpası, yenidən dircəldilməsi, yenidən əvvəlki gözəlliyinə qaytarılmasıdır.

Bu, uzun, çətin, şərəfli bir proses, bir mərhələdir.

Bu məsələdə də birgəliyimiz, həmrəyliyimiz, bir məqsədə yönəlməyimiz vacibdir, önəmlidir.

Hamımızın fikri-zikri, amalı yalnız və yalnız bu olmalıdır: işğaldan azad olunmuş ərazilərimizin tezliklə bərpası, canlandırılması, ayağa qaldırılması və məcburi köçkünlərimizin yenidən ata-baba yurdlarına köçürülməsi, qaytarılması…

32 illik qanlı münaqişəni 44 günə başa vurduğumuz, birlikdə çözdüyümüz, birlikdə bacardığımız kimi, bunu da çözəcəyik, bunu da həll edəcəyik, bunu da bacaracağıq…

Heç təsadüfi deyil ki, cəmi bir neçə gün öncə, ötən ilin son günlərində hərtərəfli müzakirələrdən keçirib, qəbul etdiyimiz Qələbə, Əzmkarlıq, Zəfər, “Dəmir Yumruq” büdcəsində də Qarabağımızın bərpası üçün nə az-nə çox düz 2,2 milyard manatlıq vəsait nəzərdə tutulub!

Bunun özü bərpa, dircəliş, qayıdış istiqamətində önəmli addımdır!

Saatlar öncə verilən, imzalanan mühüm sənədlər də bu yolda növbəti qətiyyətli, vacib addımlardır, Qarabağımıza bir daha sahiblənməyimizdir!

Ali Baş Komandanımızın da dediyi kimi, bizi böyük işlər gözləyir, ölkəmiz üçün yeni dövr başlayır, quruculuq dövrü, inkişaf dövrü, torpaqlarımızın bərpası günləri bizi gözləyir.

Bu dövr şərəfli dövr olacaq.

Baxmayaraq ki, düşmən işğal etdiyi və artıq azad olunmuş torpaqlarda hər şeyi dağıdıb, biz bütün şəhərlərimizi bərpa edəcəyik, kəndlərimizi bərpa edəcəyik, Qarabağ bölgəsində cənnət yaradacağıq.

Bizim xalqımız buna layiqdir.

Bizim xalqımıza qələbə yaraşır və qələbə həmişə bizimlə olacaq!

Jalə ƏLİYEVA,

Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini, professor

Etikxeber.az

Read Previous

“Qarabağ Dirçəliş Fondu” Azərbaycan naminə milli birlik ideyasına töhfə olacaq”-BƏHRUZ MƏHƏRRƏMOV

Read Next

“Digər enerji mənbələrinin bahalaşması da zaman məsələsidir…”-PƏNAH HÜSEYNDƏN QİYMƏT ARTIMINA ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir