Şəhidin qardaşı oğlu, Milli Qəhrəmanın qohumu-İKİNCİ VƏTƏN MÜHARİBƏSİNİN QAZİSİ – RUSLAN ƏLİYEV… – KAMİL HƏMZƏOĞLU YAZDI

Birinci Vətən Müharibəsində (1988-94-cü illərdə və 2016-cı ilin Aprel döyüşlərində) 20-dən çox Şəhid verən, 3 Şəhid Milli Qəhrəmanı olan Qəhrəman Qızılhacılılarım 44 günlük İkinci Vətən Müharibəsində, İkinci Qarabağ Savaşında da silaha ilk sarılanlardan oldular, yenə də öz İgidlikləri, öz Qəhrəmanlıqları ilə fərqləndilər, ad-san qazandılar…

Yenə də xeyli sayda Şəhidlərimiz, yenə də xeyli sayda Yaralılarımız, yenə də xeyli sayda Qazilərimiz oldu…

8 Şəhidimiz (6-sı Qızılhacılıdan, 2-si Qızılhacılıya daxil olan Balakürddən) “Vətən uğrunda” medalı, 13 Qazimiz, İgidimiz ( 10-u Qızılhacılıdan, 3-ü Balakürddən) isə “Cəsur döyüşü” medalı ilə təltif olundular...

Həmçinin, Şuşa Fatehlərindən olan mayor Saleh Valeh oğlu Həsənov ən yüksək ada-“Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görüldü…

Ancaq İkinci Vətən Müharibəsində qəhrəmanlıq Dastanı yazan İgid, Cəsur, Mərd Qızılhacılılarımız bununla, bunlarla yekunlaşımır…

Onların sayı onlarladır, müalicələrini davam etdirənləri çıxmaqla, qalanları hamısı yenə ön xətdə xidmətdə, Vətənin keşiyindədirlər…

Əslində isə nə qədər Cəsur, tanımadığımız, bilmədiyimiz, necə deyərlər, papaq altında yatan mərd Oğullarımız, Aslanlarımız, Dastan yazan İgidlərimiz varmış…

Bir deyil, beş deyil, on deyil…

Yüzlərlədir, minlərlədir…

Haqlarında, barələrində də eşitdikcə, öyrəndikcə, yaxşı mənada dəhşətə gəlirsən, sevinirsən, fəxr edirsən, qürurlanırsan…

Bəlkə də İkinci Vətən Müharibəsi olmasaydı, onları heç tanımayacaqdıq, haqlarında heç nə bilməyəcəkdik, yanlarından yenə də etinasız şəkildə ötüb keçəcəkdik…

Ancaq 44 günlük tarixi İkinci Vətən Müharibəsi (27 senyabr-9 noyabr) bu Oğulları, bu İgidləri, bu Aslanları bizə tanıtdı…

Tanıtdı, tanıtdırdı ki, bundan sonra bir daha heç kimə biganə, laqeyd yanaşmayaq, hər kəsə həssas, diqqətli olaq…

Hər kəsin, bir-birimizin qədrini bilək zamanında, məqamında…

Kəndçim,Qızılhacılılım (bibiləri – bizdə bibiyə həm də mama deyirlər – əmim gəlinləridir, biri-Nazilə lap üzbəüz qonşumuzdur, özləri də bizdən aşağı tərəfdə olurlar) Ruslan Maksim oğlu Əliyev də məhz belə Oğullardan, belə İgidlərdəndir…

İkinci Vətən Müharibəsinin, İkinci Qarabağ Savaşının Tarix yazan Qaliblərindən, Fatehlərindən, Qazilərindəndir…

1990-cı il təvəllüdlü, ali təhsilli, idmançı, kəşfiyyatçı, bölük komandiri, leytenant…

Bir övlad atası olan Ruslan müharibə zamanı Füzuli, Hadrut, Qubadlı, Zəngilan istiqamətlərində döyüşlərdə iştirak edib, ağır yaralanıb-belindən, onurğa sümüyündən…

Müalicə alıb, yenə də döyüş yoluna davam edib…

Şuşada yenidən yaralanıb və bu dəfə hər iki gözündən…

Gözlərində bir müddət xeyli problemlər yaşanıb və hələ də yaşanmaqdadır…

Amma İgidimiz yenə də ön xətdə, Xocavənddədir…

Ruslan həm də Şəhid ailəsindən, Şəhidlər ailəsindəndir…

Əmisi-rəhmətlik Yaşa Orucov 1992-ci ilin yayında, iyul ayında-Birinci Qarabağ Savaşında Şəhid olmuşdu…

Özü də əmim oğlu, Birinci Qarabağ Savaşının iştirakçısı və veteranı, rəhmətlik atamın sürücüsü Məsudun gözləri önündə…

Param-parça olubmuş… O zaman Məsud danışdıqca, dəhşətə gəlirdim…

O vaxt, 1992-ci ildə “Aydınlıq” qəzetində də rəhmətlik Yaşa haqqında geniş yazmışdım…

Eyni zamanda, Yaşanın xalası oğlu Yunis Əliyev (həm də Ruslanın atasının xalası oğlu) ondan bir müddət öncə döyüşlərdə, Birinci Qarabağ Savaşında Şəhid olmuşdu…

Yunis həm də 1992-ci ildə Azərbaycanın Milli Qəhrəmanı adına ilk layiq görülən Şəhidlərimizdən idi…

Allah hər ikisinə də-rəhmətlik Yaşaya da, rəhmətlik Yunisə də rəhmət etsin, nur içində yatsınlar!

Ruslana isə Böyük Yaradan özü kömək olsun, onu da, ön xətdə, Vətənin keşiyində olan digər İgidlərimizi də qorusun, hifz etsin!

Fəxrimizdir, fəxrimizdirlər, qürurumuzdur, qürurumuzdurlar!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Gözəgörünməz düşmən üzərində də Qələbə qazanacağıq…Bunu da bacaracağıq, bu bəladan da, bu düşməndən də xilas ola biləcəyik!”-MİLLƏT VƏKİLİ NÖVBƏTİ DƏFƏ SEÇİCİLƏRİNƏ VƏ ÖLKƏ VƏTƏNDAŞLARLNA ÇAĞIRIŞ ETDİ

Read Next

Daha 2284 yeni yoluxma-DAHA 41 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir