Siyavuş Novruzov deputatların maaşının azlığından şikayətləndi və… YENİLƏNİB

“Azərbaycanın milli və dini adət-ənənələrinin nəzərə alaraq, müzakirələrə dəvət olunan şəxslərə hörmətlə yanaşaq və  çox da dərinə getməyək”.

Etikxeber.az xəbər verir ki, bunu 2018-ci ilin dövlət büdcəsinin Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq, Aqrar siyasət,  İctimai birliklər və dini qurumlar,  Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komtələrinin birgə iclasında müzakirəsi zamanı parlamentin  İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

O, sonra deyib ki, büdcə zərfi köhnə ənənələrə – sosializm prinsiplərinə əsaslanaraq, hazırlanmamalıdır:

“Büdcə müasir dövrün reallıqları və çağırışları nəzərə alınaraq hazırlanmalıdır”.

S. Novruzovun sözlərinə görə, indi dünyada büdcələr Marksın və digərlərinin nəzəriyyələri ilə deyil, siyasi nəzəriyyələrlə formalaşdırılır:

“Götürək neftin qiymətini. Biz bunu büdcədə əvvəlcə 25, sonra da 40 ABŞ dolları həcmində müəyyən etmişdik. İndi də 45 dollardan hesablanır. 2018-ci ilin dövlət büdcəsində neftin qiymətinin daha az götürülməsi məqsədəuyğundur. Neftdən gələn pul Dövlət Neft Fonduna yığılmalıdır. Neftin qiymətini büdcədə niyə artırırıq? İqtisadiyyat Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyindən də deyirlər ki, inkişaf var. Bu sahədə gəlirlər varsa, neftin qiymətini büdcədə niyə artrırırıq? Əksinə, aşağı salmaqla o sahələri daha çox inkişaf etdirə bilərik. Bilmirik ki, siyasi münasibətlər necə olacaq və neftin qiyməti necə dəyişəcək. Neftin qiyməti siyasətlə bağlıdır”.

Deputat əlavə edib ki, bir də yığışaraq neftin büdcədə qiymətini endirib-qaldırmaq əvəzinə, qiyməti 25-30 dollar həcmində müəyyən etmək olar:

“Həmin vəsait Dövlət Neft Fonduna yığılar və lazım olanda sərf edərik. Əgər keçən ili, iki il əvvəli götürsək, görərik ki, həmin vaxt yeni sahələr axtarmağa başladıq, kənd təsərrüfatının inkişafına nail olduq. Hazırda da yüksək templə işlər gedirsə, Dövlət Neft Fonduna pul yığılan kimi niyə büdcəyə köçürməliyik ki, ordan da biri sağa, biri sola xərcləsin?..”

Komitə sədri MM-in xərclər smetasının, parlamentin büdcəsinin azlığından  da şikayətlənib:

“Cəmi 600-700 min manatlıq artım var. Hansı ki, qaçan da Milli Məclisin üstünə gəlir, qovan da…Azərbaycana qarşı təhdidlərə qarşı mübarizədə sinəsini qabağa verən də Milli Məclisdir, deputatlardır…Onda nəyə görə deputatların, MM-in əməkdaşlarının maaşı az olmalıdır? Deputatın maaşı az qala bir rayon prokurorunun maaşı qədərdir…Niyə belə olmalıdır?”

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Alkoqollu içkilərə aksiz dərəcələri iki dəfə artırılacaq” – SAMİR ŞƏRİFOV

Read Next

“Bu gün dünyada az qala bır sıra ölkələr dağılır, ancaq…” – ELDAR İBRAHİMOV – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir