“Skaliozdan əziyyət çəkirəm, otura, uzana bilmirəm, evim-eşiyim də yoxdur…”-VALİDEYNLƏRİ TƏRƏFİNDƏN ATILMIŞ, UŞAQ EVİNDƏ BÖYÜMÜŞ, HAZIRDA BAŞQASININ EVİNDƏ YAŞAYAN RAUF MUSAYEV ONA KÖMƏKLİK GÖSTƏRİLMƏSİNİ XAHİŞ EDİR…-FOTOLAR

Rauf Eyvaz oğlu Musayev…

Əslən Gədəbəyli, özü Gəncədə, uşaq evində böyüyüb…

Nə düz-əməlli doğum günü bəlli, nə də doğum ili…

Həyatın ən böyük ağrı-acısını yaşamış (və yaşayan), həyatınn ən böyük və ən amansız zərbəsini almış, doğma ata və anası tərəfindən taleyin amansız ümidinə buraxılmış, körpəlikdən uşaq evinə atılmış bir gənc, bir cavan…

Səbəbi, səbəb də…səhhətində problemlər, onurğa əyriliyinin olması…

Çox dəhşətli və amansız deyilmi?!…

Ata-ana, valideyn adlanan kəs də səhhətinə, xəstəliyinə görə, övladından imtina edərmi, onun taleyin amansız axarına buraxarmı?!…

Beləsinə, necə valideyn, ata-ana demək olar?…

Sadəcə, sözün bitdiyi yer!!!

Rauf acı yaşantılarını, başına gələnləri belə nəql edir:

“Mən Gəncə uşaq evində böyümüşəm. Deyilənə görə, avqustda anadan olmuşam, amma “kimliyim”də fevral ayı yazılıb…Hardasa, 28-29 yaşım olmalıdır… Əslim də Gədəbəylidir…. Mən artıq özümü dərk edəndə, bilməmişəm ki, valideynim kimdir… Sonradan öyrəndim ki, onlar boşanıblar. Heç mənimlə də maraqlanmayıblar. Pis başa düşməyin: artıq istəmirəm ki, onlar mənimlə maraqlansın və ya mən onlarla maraqlanım… Çünki bu yaşıma qədər mənimlə maraqlanmayıblarsa, məni tullayıblarsa, onlarla niyə maraqlanmalıyam ki?!

Mən hardasa 2009-2010-cu ildə uşaq evindən çıxdım, getdim Gədəbəyə. İcra başçısı mənim valideynlərimi gətizdirdi. Valideynlərim məni götürmədi, yenə yaxın durmadılar…Polis şöbəsində o vaxt Şirzad müəllim var idi, rəis işləyirdi, bir də müavini Bəhmən müəllim…Onlar bir il mənə baxdılar…Qalacaq yerim olmadığına görə, otaqlarında bir il mənə baxdılar…Sonra da mənə pensiya düzəltmək istədilər və düzəltdilər də… Pensiyaya çıxdım, ancaq 3-cü qrup kimi. O vaxtı da alırdım 32 manat… Sonradan artdı yavaş-yavaş. Hazırda alıram 110 manat…Ancaq bu pulla mən necə dolanım, necə yaşayım? Səhhətim də, gündən-günə pisləşir…Evim-eşiyim yox, başqasının evində qalıram…”

Rauf deyir ki, hətta bir zamanlar ATV-də Zaur Baxşəliyevin də verilişinə çıxıb.

“Zaurun verilişinə çıxdım, səhv etmirəmsə, 2015-ci il idi…Verilişə anamı da gətizdirdilər. Atam isə çəkilişdən imtina etdi. Kənddə, Arıqıranda çəkiliş oldu, anam da mənə yenə yaxın durmadı, çıxdı-getdi. Hətta Zaur bəy anama dedi ki, uşağı hər bir şeylə təmin edəcəyik, götür. O da dedi, əgər hər şeylə təmin edəcəksinizsə, götürəcəyik o uşağı… Zaurun verilişindən sonra mənə torpaq verdilər, iki sot. Sonra anam da onun üstünə düşmədi, qaldı eləcə…Torpaq da bu dəqiqə qalır, istifadəsiz…O zaman köməklik göstərilməsi, adıma sənədləşdirilməsi, keçirilməsi üçün bələdiyyəyə getdim…Bələdiyyədən mənə deyildi ki, 540 manat pul ver. Mən də dedim ki, 47 manat pensiya alıram ( söhbət 2015-ci ildən gedir), bu pulla özümü dolandırım, yoxsa, bu torpağı öz adıma keçirim?!…Beləliklə, hər şey qaldı-alt-alta, üst-üstə…

Sonradan Türkiyədən, İstanbuldan həkim gəldi. Belimi yoxladı. Skaliozam, məndə elə bil ki, “S” hərfidi, onurğam əyridi. Əyirlik isə sümüklərimi, böyrəklərimi, mədəmi sıxır. Çox otura bilmirəm, uzana bilmirəm, çox yeriyə bilmirəm. Heç bir iş qüvvəm yoxdur…Ona görə Sizin vasitənizlə xahiş və rica etmək istəyirəm ki, mənim vəziyyətimi, durumumu nəzərə alsınlar, əllillik dərəcəmi, qrupumu dəyişsinlər, yaşamaq, başımı soxmaq üçün evlə təmin etsinlər…Mən belə yaşaya bilmirəm, mənə kömək etsinlər”-deyə, Rauf sözlərinə əlavə edir…

Bəli, inanmaq istərdik ki, nəhayət, Raufun vəziyyəti nəzərə alınacaq, ona əl tutulacaq…

Çünki artıq söz, vəd məqamı deyil, kokret addım atılması lazımdır, konkret addım!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Bəli, bütün dünya bərpa olunmuş və dirçəldilmiş Qarabağın simasında, timsalında bir daha və yenidən Azərbaycanın gücünü görəcək və bu gücü etiraf edəcək!”-ELDƏNİZ SƏLİMOV SON AÇILIŞLARDAN, PREZİDENTİN SON MÜSAHİBƏSİNDƏN YAZDI

Read Next

Düşmən yenidən Qazax istiqamətində atəşkəsi-POZDU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir