“Varlılara münasibətdə neqativdən pozitivə keçilməlidir, çünki…” – DEPUTAT

Rüfət QULİYEV: “Biz gərək iqtisadi sferada islahatlarla əlaqədar cənab prezidentə daha böyük dayaq olaq və çalışaq ki, məmurlar da bu proseslərdə daha fəal, aktiv rol alsınlar”

Son iki-üç ildə Azərbaycanda iqtisadiyyatda kifayət qədər islahatlar gedir. Ölkə prezidenti cənab İlham Əliyev bəlkə də hər iki ayda bir dəfə müxtəlif sahələrdə artımlarla, o cümlədən, islahatların dərinləşdirilməsi ilə bağlı sənədə imza atır. Həmçinin, birmənalı şəkildə  orta və kiçik sahibkarlığın inkişafına yönələn istiqamətlə, xətlə gedirik.

O xətlə gedərkən də iqtisadiyyatda, konkret olaraq, qeyri-neft sektorunun inkişafında, valyuta ehtiyatlarımızın artımında, sosial işsizliyin tam olmasa belə, aradan qaldırılmasında müsbət nəticələrə nail oluruq.

Ümumiyyətlə, bazar iqtisadiyyatında elə bir ölkə yoxdur ki, orada işsizlik olmasın və ya tam aradan qaldırılmış olsun. Sadəcə, işsizlik həddini, yoxsulluq həddini aşağı salmaq özü  böyük bir məsələdir. Bunun üçün də iqtisadiyyatı inklişaf etdirmək lazımdır. Bunun da yolu seçilib ki, artıq bu yolla gedirik və mənə elə gəlir ki, bu yol da uğurludur.  Ancaq məni narahat edən odur ki, bunun tempi istənilən qədər deyil.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili, professor Rüfət Quliyev deyib.

“İslahatlar istər-istəməz bir qrup məmurun marağına toxunacaqdı, amma bu da normal bir şeydir, toxunmalıdır…”

rufatik

Millət vəkili bildirib ki, burada da müəyyən məsələlər var:

“Bu məsələlərdən birini qeyd etmək istəyərdim ki, məsələn, biz bir neçə il öncə Milli Məclisdə “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun qəbul etdik. O qanunu qəbul etdik-etmədik, onsuz da bu məsələdə heç bir ziddiyyət, problemlər yox idi, insanlar birləşib də işlərini görə bilərdi, loru dildə desək, şərikinə işlərini görə bilərdi.

Amma indi durub deyim ki, bu kooperasiya qanunundan bir o qədər faydalanma getdi, yalan danışmış olaram, mən şəxsən bunu görmürəm, hiss etmirəm. Addımlar var, amma bizə addım yox, bizə sürət lazımdır. Ona görə biz gərək iqtisadi sferada islahatlarla əlaqədar cənab prezidentə daha böyük dayaq olaq və  çalışaq ki, məmurlar da bu proseslərdə daha fəal, aktiv rol alsınlar. Mən bunu demişəm, indi demək istəyirəm ki, əslində məmurların bir çoxu, əksəriyyəti anlayıb başa düşür ki, bu islahatlar getməlidir, bu, qarşısıalınmaz bir prosesdir. Düzdür, bu islahatlar istər-istəməz bir qrup məmurun marağına toxunacaqdı, amma bu da normal bir şeydir, toxunmalıdır.

Elə götürək “ASAN Xidmət” layihəsini, fantastik bir proyektdir. Bu, cənab prezidentin fantastik, ölçüyəgəlməz bir proyektidir. O, həqiqətən inqilabi bir məsələdir. Bu baxımdan, bu yöndə məsələlərlə əlaqədar istənilən təklif olarsa, istər cənab prezidentin təklifi, istərsə də, bizim deputatlardan təklif olarsa, onlara daha çox fikir vermək, inkişaf etdirmək lazımdır”.

rufatik-1

“İnsanın həmişə arzuları, istəkləri, idiaları imkanlarını üstələyir”

R. Quliyevin sözlərinə görə, iqtisadiyyat iqtisadiyyat üçün inkişaf etmir:

“İqtisadiyyat insanlar üçün inkişaf edir və iqtisadiyyatın son amalı, son məqsədi fərdin, cəmiyyətin yüksək, rifah halında yaşamasıdır, maddi-sosial rifahının yüksəkliyidir. Düzdür, bunu da qeyd etmək lazımdır ki, insanın həmişə arzuları, istəkləri, idiaları imkanlarını üstələyir.  Özü də bu, təkcə bizdə deyil, bütün cəmiyyətlərdə belədir. SSRİ vaxtında deyək ki, üç ailənin və ya dörd ailənin birində bir avtonəqliyyat olanda, bu, böyük bir iş, böyük bir fəxr idi.

Bu gün isə bir ailədə bir avtomobil olanda ikincini də almaq istəyirlər. Bu da əslində yaxşıdı, normal istəkdi, arzudu. O cümlədən ev, mənzil, insanların yaşamaq imkanları mühüm məsələlərdəndir və bu istiqamətdə də işlər gedir. Odur ki, bu səpkidə növbəti hansısa addımlar, təkliflər olsa, mən birmənalı onları dəstəkləyəcəyəm”.

rufatik-2

“Əgər ölkədə varlı adam çox olarsa, deməli, bunun kasıbı da az olacaq, bunun kasıbı da daha yaxşı yaşayacaq”

Millət vəkili həmçinin bildirib ki, bu gün Azərbaycanda tanınmış, nüfuzlu biznesmenlər, sahibkarlar var:

“Ancaq cəmiyyətin özündə qəribə bir nüans, tendensiya var, bu da ondan ibarıtdir ki, varlı insanlara bir qədər aqressiya, sərt yanaşma mövcuddur. Hesab edirəm ki, bu nüansın, bu, tendensiyanın, bu yanaşmanın dəyişməsi lazımdır. Çünki əgər ölkədə varlı adam çox olarsa, deməli, bunun kasıbı da az olacaq, bunun kasıbı da daha yaxşı yaşayacaq. Yəni, varlı insanlarda, ələlxüsus, bizim azərbaycanlılarda müsəlmançılıqdan, İslamdan  gələn əl tutmaq, zəkat məsələsi var. Elə Qurban bayramı nə üçündür? Kasıb insanlara kömək etmək, onlara əl uzatmaq, onların qayğısına qalmaq, sevindirmək və sairə.

Yeri gəlmişkən, sovetlər dönəmində varlı insanlar kim idi, kimlər sayılırdı? Kafe, yeməkxana işlədənlər, dükan işlədənlər və sairə və sairə. Bunlara da necə neqativ münasibət var idi, çoxlarının yəqin ki, xəbəri var. Ancaq mən istərdim ki, həmin düşüncə tərzindən uzaqlaşaq, yəni, imkanlı, varlı adamlara, sahibkarlara, biznesmenlərə neqativ münasibət yığışdırılıb, pozitivə keçilməlidir”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Bakı polisindən dilənçiliklə mübarizə ilə bağlı ictimaiyyətə – MÜRACİƏT

Read Next

“Roma” Dzeko ilə anlaşdı, “PSJ”-nin “gözü” isə Vidalda…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir