Xüsusi Təyinatlı, “Əfsanəvi tabor”un Şəhidlərindən olan “Azərbaycan Bayrağı” ordenli Kərim Əliyevin atası Məhəmmədəli Əliyev övladına həsr olunmuş tədbirdə yazarlara, media mənsublarına səsləndi: “ŞƏHİDLƏRİMİZLƏ BAĞLI MƏLUMATLARI TƏHRİF ETMƏYİN, HƏQİQƏTLƏRİ ƏKS ETDİRİN” – FOTOLAR – YENİLƏNİB – (2)

Bu gün-16 mart 2024-cü il tarixində Bakı şəhərinin Sabunçu rayonunda yerləşən Bakı Gənclər Mərkəzində ailənin iki oğlan övladından biri, subay, Əfsanəvi Xüsusi Təyinatlı, “Əfsanəvi tabor”un Şəhidlərindən olan “Azərbaycan Bayrağı” ordenli Kərim Əliyevin xatirəsinə həsr olunmuş tədbir düzənlənib.

Tədbir Şəhid bacısı Xəyalə Aydınqızı və Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Şəhidin ailə üzvləri, Ucardan, Bakı şəhərindən və digər bölgələrdən olan Şəhid ailələri, “Əfsanəvi tabor”un Şəhidlərinin valideynləri, ailə üzvləri, Qazilər, hərbçilər, keçmiş Xüsusi Təyinatlılar, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, ziyalılar, media mənsubları, Milli Məclisin (MM) sədr müavini Adil Əliyev, millət vəkilləri Aydın Mirzəzadə ilə Vüqar İsgəndərov, eləcə də digər şəxslər iştirak ediblər.

Etikxeber.az xəbər verir ki, 3 saatdan çox davam edən izdihamlı tədbirdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni oxunub və səsləndirilib.

Sonra Kərim Əliyevə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Bu zaman çox kövrək, təsirli anlar yaşanıb.

Tədbir iştirakçıları göz yaşlarına hakim ola bilməyiblər.

Daha sonra çıxışlar başlayıb.

“Əfsanəvi tabor”un Şəhidlərinin valideynləri, ailə üzvləri, keçmiş Xüsusi Təyinatlılar, Qazilər, digər Şəhid ailələrinin təmsilçiləri, millət vəkilləri çıxışlar ediblər.

Vitse-spiker Adil Əliyev çıxışında hər zaman Şəhidlərin, Şəhid ailələrinin diqqət mərkəzində saxlanılmasının, onların bir an belə unudulmamasının vacibliyini dilə gətirib.

“İkinci Vətən Müharibəsi zamanı və ondan sonra cəmiyyətdə əhval-ruhiyyə tam başqa cür idi. Ancaq son zamanlar başqa bir mənzərə, unutqanlıq hiss olunur. Heç kimin haqqı yoxdur ki, Şəhidlərimizi, Şəhid ailələrini unutsunlar. Hamının borcudur ki, Şəhidlərimizi, onların ailələrini diqqətdə saxlasın. Şəhidlərimizlə bağlı tədbirlərdə hər zaman eyni simaları görürük. Ancaq bu tədbirlər daha izdihamlı olmalıdır. İstər Şəhid ailələri, istərsə də digər təbəqədən olan insanlar Şəhidlərimizlə bağlı tədbirlərdə daha geniş şəkildə iştirak etməlidirlər…”-deyə, A. Əliyev sözlərinə əlavə edib.

“Əfsanəvi tabor”un Şəhidlərindən olan “Qarabağ” ordenli Şəhriyar Quliyevin anası Xalidə Quliyeva isə millət vəkillərinə səslənib, onları Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məsələsində daha aktiv və fəal rol oynamağa çağırıb.

“Bizə pul, hədiyyə…heç nə lazım deyil. Heç kimdən heç nə istəmirik. Biz istəyirik ki, Şəhidlərimizin, balalarımızın xatirəsi əbədiləşdirilsin. Onların heykəlləri, abidələri ucaldılsın. Füzuli rayonunda məscid var, orada 2 mindən çox Şəhidimiz yuyulub, kəfənlənib. Onların orada qanı var. İstəyirik ki, həmin Şəhidlərin orada xatirəsi əbədiləşdirilsin. Bu məsələdə millət vəkillərini daha fəal olmağa, səsimizə səs verməyə, dəstək göstərməyə çağırıram”-deyə, Şəhid anası fikirlərini tamamlayıb.

Şəhid Kərim Əliyevin atası Qazi, Birinci Qarabağ Savaşı veteranı Məhəmmədəli Əliyev də öz növbəsində jurnalistlərə, yazarlara səslənib.

“Çox təəssüflər olsun ki, bəzi yazarlarımız Şəhidlərimizlə bağlı yazılarında, kitablarında həqiqəti əks etdirmirlər. Şəhidlərimizlə bağlı tamamilə səhv və yanlış məlumatlar verirlər. Kimsənin buna haqqı yoxdur. Şəhidlərimizlə bağlı yazılan yazılarda, kitablarda doğru-düzgün məlumatlar verilməlidir, əsl həqiqətlər əks etdirilməlidir”-deyə, M. Əliyev bildirib.

Tədbirdə eyni zamanda, sənətçilər və balaca vətənpərvərlər tərəfindən Şəhidlərə həsr olunmuş şeirlər və mahnılar səsləndirilib.

Müğənni Təranə Nurlu Kərim Əliyevə həsr olunmuş mahnını ifa edib.

Əməkdar artist, tanınmış qiraətçi Ağalar Bayramov Şəhidlərlə bağlı şeirlər ifa edib və hər kəsi riqqətə gətirib.

Həmçinin, “Odlar yurdu” qrupunun üzvü Azər Hüseynov adıçəkilən qrupun və tanınmış iş adamı Mübariz Mənsimovun adından “Xarıbülbül” simvolunu Şəhid Kərim Əliyevin valideynlərinə təqdim edib.

Tədbirin sonunda xatirə fotoları çəkdirilib.

***

FOTOLAR:

***

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“İki qardaş ölkə bundan sonra da əl-ələ verərək, çiyin-çiyinə irəliyə gedəcək və qarşıda duran bütün vəzifələri birlikdə həll edəcək…”-AZƏRBAYCAN PREZİDENTİ – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Yağış yağacaq-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir