“Yuxumuz əsgər yuxusu, yediyimiz əsgər yeməyi, yatağımız əsgər yatağı, evimiz kazarma, işimiz səngər həyatı, “istirahətimiz” əsgər istirahəti kimi olmalıdır”-MƏLAHƏT İBRAHİMQIZIDAN MÜRACİƏT

Millət vəkili Məlahət İbrahimqızı seçicilərinə müraciət edib.

Etikxeber.az-ın xəbərinə görə, müraciətdə deyilir:

-Bu gün  xalqımız tarixin ən çətin, ən şərəfli və məsuliyyətli bir dövrünü yaşamaqla, həm də dövrün  sınaq imtahanından keçir.

Xalqımızın şərəf, ləyaqət, qürur və varolma uğrunda Vətən müharibəsi olan bu imtahan eyni zamanda gələcək nəsillər qarşısında  daşıdığımız  “Ya Qarabağ ya Ölüm, başqa bir yol yox artıq”  imtahanıdır.

Əslində Ali Baş Komandanımız, möhtərəm cənab İlham Əliyevin  adlandırdığı “haqq və ədalət uğrunda” mübarizəmiz  Uca Allahın adı olan Haqqın və Ədalətin bərpası və müdafiəsidir.

Müqəddəs kitabımız olan Qurani-Kərimdə  hər kəs Qiyamət günündə Uca Allahın sorğu-sual  imtahanından keçdikdən sonra  əbədi həyatını qazanacaq deyilir.

Bu mənada xalqımızın qatıldığı bugünkü  imtahan elə Allahın dediyi hesab gününə hazırlıqdır.

Bu mənada əsrlərin süzgəcindən keçərək mənəvi dəyərimizə çevrilmiş müdriklərimizin “Vətəni sevmək imandandır” kəlamı verəcəyimiz imtahanın əsas tezislərindən olmalıdır.

Məhz bu imtahanın nəticələri bizlərin vətənimizə, dövlətimizə, Müzəfər Ordumuza, xalqımızın qətiyyətli, cəsur, vətənpərvər oğlu, bütün varlığı ilə millətinə və ölkəsinə xidmət edən Ali Baş Komandanımıza, Şəhidlərimizin ruhuna və onların  qanı tökülən müqəddəs torpağımıza, sağlam canını yarımcan etmiş Qazilərimizə olan sevgimizin, sayğımızın, borcumuzun və məsuliyyətimizin göstəricisi olacaqdır.

Bəli, bu gün xalqımız imtahan verir…

Ümumxalq və ümummilli imtahan isə  həm ön cəbhədə, həm də arxa cəbhədə gedir.

Ali Baş Komandanımızın rəhbərliyilə Milli Ordumuzun hər bir əsgəri və zabiti ön cəbhədə,  döyüş meydanlarında öz şücaətləri ilə  tariximizin qəhrəmanlıq səhifələrini yazırlar.

Arxa cəbhənin əsgərləri olan bizlər də  bu imtahanı yüksək səviyyədə, əla qiymətlə verməyə borcluyuq və günümüzün hər bir anını  qəhrəman Milli Ordumuz və bütün  təzyiqlərə sinə gərən Ali Baş Komandanımızın gərgin və fədakar fəaliyyətinə uyğunlaşdırmalıyıq.

Yuxumuz əsgər yuxusu, yediyimiz əsgər yeməyi, yatağımız əsgər yatağı, evimiz kazarma, işimiz səngər həyatı,  “istirahətimiz” əsgər istirahəti  kimi olmalıdır.

Əsgər və Şəhid Anasının həyacanları və təlaşları ürək döyüntülərimiz, qüruru qürurumuz olmaqla,  hər an onların yanında olmalıyıq.

Bu gün biz cəbhə bölgəsi rayonlarında, eləcə də Gəncə və Mingəşevirdə erməni faşistlərinin terrorunun qurbanları olmuş insanların, xüsusən də terror qurbanı olmuş məsum körpələrin acısını öz acımız kimi yaşamalı və onu hiss etməliyik.

“Hər şey Vətənimiz üçün, Hər şey Ordumuz üçün, hər şey Zəfərimiz üçün”  düşüncəsi ilə Ali Baş Komandanımız və Milli Ordumuzun ətrafında  birliyimiz  və həmrəyliyimizlə “Qarabağ Azərbaycandır” həqiqətini gerçəkləşdirməklə  bəşəriyyətə bir daha bəyan etməliyik.

Hər birinizə və hər birimizə bu müqəddəs amal olan “Qarabağ Azərbaycandır”  imtahanından alnı açıq və  üzağ çıxmaq diləyirəm…

İnşallah, inanırıq ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə Milli Ordumuz erməni faşizmi və onu dəstəkləyən bütün  qüvvələr üzərində ən yaxın zamanlarda Zəfər çalacaq!

Etikxeber.az

Read Previous

Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə giriş-çıxış dayandırılır-NAZİRLƏR KABİNETİ QƏRAR VERDİ

Read Next

“Qardaş və dost Türkiyə artıq həmsədrliyə cəlb edilməlidir… Azərbaycan sülhlə olacaqsa, sühlə, olmayacaqsa, hərb yolu ilə münaqişəni özü birmənalı və birdəfəlik həll edəcək, o torpaqları yenidən cənnətə çevirəcək…”-ELDƏNİZ SƏLİMOVUN YAZISI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir