“Əgər təməl haqlardan danışırsızsa, bizi – Türk dünyasını olmayan bir cinayətdə suçlayırlar, niyə etiraz etmirsiz?”-DEPUTATDAN ETİRAZ

Bir neçə gündür ki, paytaxtda ictimai fəalın oğurlanması və işgəncə görməsi barədə iddialar gündəmi zəbt edib. Bu iddialar nə qədər mötəbərdir, nə qədər həqiqətə uyğundur onu aidiyyatı orqanlar müəyyən edəcək, amma kifayət qədər narahatlıq doğuran məsələdir. İddia edilən hal baş veribsə təbii pisləyirik, amma polisin və dövlətin əsassız yerə hədəf göstərilməsi daha çox pislənməlidir.

Azərbaycan hüquqi dövlətdir, ədalət-mühakimə sistemi isə ehtimallara yox qanuna və sübutlara əsaslanır. Hər kəs əmin ola bilər ki, fakt təsdiqlənəcəksə bu cinayəti tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq üçün lazımi tədbirlər görüləcək. Amma indidən ehtimallar üzərində dayanıb, konkret bir sübuta əsaslanmadan prezidenti, dövləti, polisi hədəf göstərmək, ağır cinayətdə ittiham etmək özü özlüyündə cinayət məsuliyyət yaradır.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov parlamentdə çıxışı zamanı deyib.

“Baxın, cənab İlham Əliyev hakimiyyəti dövründə ona qarşı nəinki ədalətsiz və qərəzli tənqid, hətta təhqir və böhtana görə bir nəfəri də olsun məhkəməyə verməyib. İlham Əliyevin hakimiyyəti dövründə Cinayət Məcəlləsinin 323-cü maddəsi ilə, yəni Azərbaycan dövlətinin başçısının- Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqətini ləkələmə və ya alçaltma maddəsi ilə bir dənə də olsun cinayət işi açılmayıb. Bu gün Ədliyyə nazirliyinin Əsasnaməsinin 9.17.-maddəsi, yəni qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqətinin qorunması üçün tədbirlər görmək müddəası faktiki işlək olmayan bir normaya çevrilib. Niyəsini soruşsaz, humanizm, söz azadlığına təhdid mühiti formalaşdırmamaq, məmur korpusunun bu təcrübədən sui-istifadəsinə yol verməmək kimi çox köklü səbəblər var, amma ən əsası cənab İlham Əliyev bu təfəkkürdən də bu ritorikadan da çox yüksəkdə dayanan insandır, o taleyüklü ciddi işlərlə məşğuldur”-deyən millət vəkili bildirib ki, hansısa siyasətçinin, bloqqerin, yaxud dərnəyin məhəlli fəaliyyəti 200 ildən sonra bu xalqa ən böyük qələbəsini qazandırmış lider üçün mövzu deyil və ola da bilməz.

“İndi, hüquq müstəvisində proses davam edir, Şəxsən Daxili İşlər Naziri səviyyəsində məsələyə reaksiya verilib, iş nəzarətdədir. Bütün versiyalar araşdırılacaq, hansısa vəzifəli şəxsin özfəaliyyətindən, kimlərinsə “ayı xidməti” təşəbbüsündən tutmuş, şəxsin özünün əxlaqi davranışının nəticəsi olaraq kiminsə onu qanunsuz olaraq cəzalandırması ehtimalına qədər bütün aspektlər tək-tək yoxlanacaq. Bizim üçün önəmli olan insan amilidir, mövqeyimiz də ondan ibarətdir ki, heç kim işgəncəyə, qəddar və ya qeyri-insani rəftar məruz qala bilməz və qalmamalıdır. Çünki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, təmin edilməsi dövlətin ali məqsədidir. İndi baxırsan, fürsət düşüb, kampaniyaya çeviriblər, hətta Milli Şura dünən bir bəyanat da yaydı.

Təbii ki, bu bəyanatların əsas məqsədi bəllidir. Sadəcə mənə maraqlıır ki, amerikadan bu bəyanta imza atan insan niyə başını çevirib Vaşinqtona baxmır. İki gün öncə Bayden də, Vitse prezident də saxta soyqırımı iddiaları ilə dünyanı çalxaladı. Əgər təməl haqlardan danışırsızsa, bizi – Türk dünyasını olmayan bir cinayətdə suçlayırlar, niyə etiraz etmirsiz? Niyə elə toplaşmışkən bir bəyanat da verib ABŞ-ın mövqeyini pisləmədiz? Belə çıxır ki, bunların söz azadlığı uğrunda “mübarizəsinin” sərhəddi Xırdalandan o yana keçmir”-deyə, o, əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“İslam ölkələrinin xüsusi fərqlənməsi hazırkı müqədddəs Ramazan ayının xeyirxahlıq, mərhəmət prinsiplərinə uyğun olmazmı?”-ZAHİD ORUC

Read Next

“Ermənistan öz ərazisindən keçməsi nəzərdə tutulan avtomobil yolu marşrutunun coğrafi koordinatlarını belə qeyd etməyib…”-İLHAM ƏLİYEV – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir