Asəf Əsgərov, Devran Naibov, Elməddin Hüseynzadə, Asif Abışov və Ərəstun Xıdırov-İGİDLƏRİMİZ, QƏHRƏMANLARIMIZ, VƏTƏN SEVDALILARIMIZ, BƏRDƏLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİMİZ…-FOTOLAR

Bu gün, 22 fevral tarixində səhər saatlarından axşamacan Bərdədə daha 5 Şəhid ailəsində olduq…

Beş Şəhidimizin də evində, ailəsində, müqəddəs ocaqlarında bir neçə dəfə olmuşduq…

Amma yenə onlara baş çəkməyi, onları ziyarət etməyi, onlarla görüşməyi, söhbətləşməyi, dərdləşməyi…özümüzə müqəddəs borc bildik…

Beləliklə, Bərdəli, həm də Bakılı-Suraxanlı Şəhidimiz Fəxri Qəribzadənin belə demək mümkünsə, mənəvi anası (dayısının həyat yoldaşı və bacısının qayınanası) Sona xanımla beş Şəhid ailəsini ziyarət etdik…

Öncə Bərdənin Boyəhmədli kəndindən olan peşəkar hərbçi, Gizir, “Qarabağ” ordenli, iki övlad, iki azyaşlı oğul atası Asəf Əsgərovun ailəsinə baş çəkdik…

Asəfin valideynləri kənddə yaşasa da, ailəsi-həyat yoldaşı və iki övladı Bərdənin özündə yaşayır…

…Və odur ki, Şəhidimizin ömür-gün yoldaşı Aydan xanımı və iki övladını ziyarət etdik…

Elə bu yerdə qeyd etmək istəyirəm ki, Şəhid ailələrini ziyarət etmək, onlara baş çəkmək boynumuzun borcudur…

Hər birimiz-kimliyindən asılı olmayaraq-Şəhid ailələrini, Şəhid valideynlərini, Şəhid övladlarını vaxtaşırı ziyarət etməliyik…

Çünki ömür boyu Şəhidlərə, onların ailələrinə, Vətən sevdalılarına borcluyuq və borclu qalacağıq…

Onlara olan borcumuz heç zaman bitməz və bitməyəcək!

Onu da deyim ki, Şəhidimizin evində, ocağında deyəsən, 4-cü dəfədir olurdum…

Çox gözəl ailəsi-vəfalı, etibarlı, sədaqətli, çoxlarına və çoxlarına nümunə olacaq və özü kimi Qəhrəman xanımı və gələcəyin İgidləri, Qəhrəmanları kimi yetişən, böyüdülən iki oğlan övladı var…

Allah qorusun, üstlərində Yar olsun!

Xeyli danışdıq, söhbətləşdik…

Yaxın zamanlarda Şəhidimizin Bərdənin özündə, mərkəzində adını daşıyan prospektin açılışı gözlənilir…

Eyni zamanda, qarşıdan, mart ayının 5-də Şəhidin Cənnətdəki ikinci ad günü, mövludu gəlir…

Şəhidimizin 33 yaşı tamam olur və həmin gün, martın 5-də Boyəhmədli kəndində, ata ocağında Cənnətdəki ikinci ad günü ilə bağlı mərasimi keçiriləcək…

Mərasimdən öncə məzarı ziyarət olunacaq, məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar oxunacaq…

Ardınca isə mərasim keçiriləcək, adına ehsan veriləcək…

Məqamı Uca, Cənnətdəki ikinci ad günü mübarək olsun!

Sonra Asəfgillə eyni binada yaşayan başqa bir Şəhid ailəsinə, ailənin 3 övladından biri, subay, MAXE Ərəstun Xıdırovun valideynlərinə baş çəkdik…

Anası Səidə xanım, Səidə ana, atası Arif kişi ilə görüşdük…

Qeyd edim ki, Şəhidimizin anasının səhhətində xeyli müddətdir problemlər var…

Daha doğrusu, iki ay 12 gün öncə ayağı sınıb və həmin vaxtdan da yataqdadır, müalicə alır…

Hazırda isə özünü yaxşı hiss edir, ayağı da yavaş-yavaş sağalmaq üzrədir…

Allah şəfasını versin, övladının, Ərəstununun məkanını cənnətlik etsin!

Ərəstunun da qarşıdan mövludu, Cənnətdəki ikinci ad günü gəlir…

Mart ayının 18-də 24 yaşı tamam olur Şəhidimizin…

Həmin gün öncə Bərdə Şəhidlər Xiyabanındakı məzarı ziyarət ediləcək, sonra yaşadığı binanın həyətində mərasimi keçiriləcək…

Mövludu, 24 yaşı mübarək olsun, mübarək Şəhidimizin!

Sonra Bərdənin Lək kəndinin İkinci Vətən Müharibəsində yeganə Şəhidi, ailənin 3 övladından, əkiz qardaşlardan biri Asif Abışovun ailəsini-anası İsbət xanım, İsbət ana və qardaşı, əkizi Arif ilə görüşdük…

Qeyd etdiyim kimi, Asiflə Arif əkiz olublar…

Eyni sinifdə oxuyub, eyni yerdə hərbi xidmət keçib, eyni yerdə və birlikdə Vətənin keşiyini çəkiblər…

Asif sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb…

Və İkinci Vətən Müharibəsi zamanı isə Xocavənd istiqamətində gedən qanlı döyüşlərdən birində 31 döyüşçü-hərbçi yoldaşı ilə birlikdə Vətən yolunda qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıblar…

Məqamları Ucalardan-uca olsun!

Şəhidimizin ailəsini ziyarətimiz təxminən bir saat çəkdi…

Onlarla da xeyli söhbətləşdik, dərdləşdik…

Bir daha onlara Allahdan səbr dilədik, bir daha “Şəhidimizin məkanı cənnətlik olsun!”-dedik…

Və nə qədər ki, Azərbaycan dövləti var, nə qədər ki, Azərbaycan xalqı yaşayır, Asif də, Asiflər də var olacaq, Asif də, Asiflər də mənən, ruhən yaşayacaqlar!

Şəhidimizin Məğrur və Dik duruşlu ailəsi ilə sağollaşdıqdan sonra əfsanəvi XTQ-çı, “Azərbaycan bayrağı” ordenli, evin 4 övladından, 3 qardaşdan biri və Vətən Müharibəsi Qəhrəmanı adını çoxdan Haqq etmiş Devran Naibovun (Nayıbovun) anası Xuraman xanımı, Xuraman ananı ziyarət etdik…

Xatırladım ki, Devran ana tərəfdən qohumumdur…

Xuraman xanımla görüşümüz təxminən 40 dəqiqə çəkdi…

Görüş, ziyarət zamanı bir daha Devrandan, onun şərəfli hərb və döyüş yolundan danışdıq, söhbət etdik…

Bir daha Devran və Devranlarla, cəmi Şəhidlərimizlə Fəxr etdiyimizi, Qürur duyduğumuzu dilə gətirdik…

Ruhu şad olsun, ruhu qarşısında baş əyirik!

Gün ərzində sonuncu görüşümüz Bərdənin Divanlı kəndindən olan Şəhid Elməddin Hüseynzadənin anası Arzu xanım, Arzu ana ilə oldu…

Tək övladını kimsənin dəstəyi, köməyi olmadan təkbaşına böyütmüş, Elməddininə həm ana, həm ata, həm bacı, həm qardaş, həm sirdaş olmuş…tək-təhna ana…

Minbir əzab-əziyyətlərlə, saçlarını süpürgə etməklə böyütdüyü tək övladı, Elməddini İkinci Vətən Müharibəsinin üçüncü günündə Şəhadətə qovuşub, Şəhid Fəxri Qəribzadənin qollarında,qucağında gözlərini bu fani dünyaya əbədilik yumub…

Arzu xanımın, Arzu ananın yaşadıqlarını…sözlərlə, kəlmələrlə ifadə etmək mümkün deyil…

Sözlər, kəlmələr belə donub, aciz qalır…

Təsəlli üçün nə deyəcəyini bilmirsən, sözlər, kəlmələr boğazda düyünlənir…

Qəhər adamı basır…

Allah səbrinizi versin, Arzu xanım, Arzu ana!

Böyük Yaradan tək balanızın Dərgahını mübarək etsin, Sizə isə bu ağır yükü daşımaq üçün səbr, dözüm, güc, qüvvət versin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Azərbaycanla Rusiya arasında müttəfiqlik haqqında Bəyannamə-İMZALANDI – FOTOLAR – YENİLƏNİB

Read Next

“Azərbaycan dinc gələcək əzmindədir. Bizə müharibə lazım deyil. O, bizə heç vaxt lazım olmayıb…”-AZƏRBAYCAN PREZİDENTİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir