20 yaşında Şəhidlik məqamına ucalan əfsanəvi Xüsusi Təyinatlı Musa Əsgərov…CƏMİ 37 YAŞINDA ÖVLAD ACISI YAŞAYAN ŞƏHİD ANASI HÜSNİYYƏ XANIM…-FOTOLAR

İkinci Vətən Müharibəsi Şəhidi Musa Rövşən oğlu Əsgərov…

Vətən sevdalımız, İgidimiz, Qəhrəmanımız, Nur üzlümüz…

Musa 2000-ci ilin 16 iyun tarixində Daşkəsənin Muşavaq kəndində-sadə bir ailədə dünyaya gəlib…

Ailənin 3 övladından, iki qardaşdan biri olub… 

2007-ci ildə Muşavaq kənd orta məktəbinin 1-ci sinfinə daxil olub və 2017-ci ildə Gəncə şəhər 12 nömrəli tam orta məktəbi bitirib… 

2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət edib…

Hərbi xidmətini başa vurduqdan sonra  Müdafiə Nazirliyinin Baş Qərargahının tabeçiliyində olan Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etməyə başlayıb…

Və İkinci Vətən Müharibəsi zamanı Xüsusi Təyinatlı olaraq, döyüşlərə atılıb…

Döyüşüb, vuruşub, düşmənə qan uddurub, qəhrəmanlıqlara imza atıb…

Şərəfli döyüş yolu da düz bir ay çəkib…

Və İkinci Vətən Müharibəsinin bir ayının tamamında-oktyabrın 27-də Xocavəndin Qızrmızı Bazar qəsəbəsi istiqamətində qanlı döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb…

Ancaq nəşi 13 gün sonra, noyabr ayının 9-da Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn edilib…

Şəhidliyindən sonra bir neçə medal və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub…

O, həm də subay olub.

***

Dünən, 17 noyabr tarixində Gəncə şəhər Şəhidlər Xiyabanını, Şəhidlərimizi ziyarət edərkən Şəhidimizin məzarı başında valideynləri-anası Hüsniyyə xanım və atası Rövşən Əsgərovla tanış oldum…

Onlara Allahdan səbr və dözüm arzuladım, “Şəhidimizin məkanı cənnətlik olsun! Ruhu qarşısında baş əyirəm!”-dedim…

Şəhidimizin valideynləri ilə bir az, ayaqüstü olsa da, söhbətləşdim, dərdləşdim…

Və bu yerdə qeyd edim ki, Şəhidimizin anası Azərbaycanın ən gənc Şəhid analarındandır…

Övladı Şəhid olan zaman Hüsniyyə xanımın cəmi 37 yaşı olub…

37 yaşında bala dərdi, övlad itkisi yaşayıb, qaralara bürünüb…

Qara saçlarına dən düşüb, saçları vatxsız ağarıb bala dərdindən, övlad itkisindən…

Nə deyəsən, nə yazasan…Yenə sözün bitdiyi, kəlmələrin aciz qaldığı yer idi, yerdir…

Allah bir daha səbr və dözüm, səbr və dözümlərini versin!

Övladının, övladlarının ruhu şad və köməkləri olsun!

Amin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Erməni silahlıları Füzulinin Yuxarı Veysəlli yaşayış məntəqəsindəki mövqelərimizi atəşə tutub-MN

Read Next

“Twitter”də Trampın hesabının bərpası ilə bağlı-SORĞU APARILIR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir