21-ci əsr…Xəzər rayonu, Türkan qəsəbəsi…ŞƏHİD RƏŞAD ŞİRİYEVİN AİLƏNİN YAŞADIĞI “EV”… YAĞAN YAĞIŞ, ƏSƏN KÜLƏK “EV”İN DAİMİ “QONAĞI”DIR…ŞƏHİD AİLƏSİ NİYƏ MƏNZİLLƏ TƏMİN OLUNMUR, SƏBƏB NƏDİR? – FOTOLAR

Ata tərəfdən Lerikli, ana tərəfdən Türkanlı olan İkinci Vətən Müharibəsi Şəhidimiz Rəşad Rasim oğlu Şiriyev…

Evin-ailənin 3 övladından biri, cəmi 19 yaşında Vətən yolunda canını fəda etmiş, 4 medallı Şəhidimiz…

Dünən (16 yanvar 2022-ci il tarixində) Şəhidimizin keçdiyi qısa, lakin şərəfli həyat və döyüş yolundan yazmışdım, eyni zamanda, ailəsinin (vaxtilə də özünün) yaşadığı “ev”in şəraitindən, daha doğrusu, şəraitsizliyindən, bərbad durumda olmasından qısaca olaraq bəhs etmişdim…

Və onu da qeyd etmişdim ki, növbəti yazımda Şəhidimizin ailəsinin ev (mənzil) problemi ilə bağlı daha geniş bəhs edəcəyəm…

Odur ki, hazırda Şəhidimizin ailəsinin yaşadığı “ev”də, Bakının Xəzər rayonunun Türkan qəsəbəsində, Firdovsi küçəsinə yerləşən “ev-3”-də, Şəhidimizgildəyəm…

Bu “ev” Şəhidimizin anasının-Türkanlı Səadət xanımın baba ocağı, yurdudur…

Və Şəhidimiz bu “ev”də dünyaya gəlib, burada yaşayıb, burada böyüyüb, burada boya-başa çatıb və bu “ev”dən hərbi xidmətə, Əsgərliyə yolanıb…

Cəmi 10 ayın Əsgəri olub və İkinci Vətən Müharibəsi zamanı Suqovuşan-Talış istiqamətində ağır döyüşlərdən birində həlak olub, Şəhidlik məqamına ucalıb…

Və məhz bu “ev”dən cənazəsi, nəşi aparılıb, çıxarılıb, Türkan qəbəsə qəbiristanlığında torpağa tapşırılıb…

Bəli, məhz bu “ev”də dünyaya gəlib və bu “ev”dən də Əbədiyyətə uğurlanıb…

Əgər buna da “ev” demək mümkündürsə…

“Ev” adında uçuq-salxaq daxma, kümə!

***

Rəşadın Şəhidliyindən düz bir il 3 ay 11 gün keçir…

Və hələ də Şəhidimizin ailəsi bu “ev”də yaşayır, əslində isə çürüyür, çürüdülür…

Şəhidimizin ailəsi ev, mənzil növbəsinə dayansa da, ev, mənzil problemi elə problem olaraq qalır, onlar hələ də evlə, mənzillə təmin olunmayıb bu müddətdə…

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Sosial Xidmətlər Agentliyindən də ailəyə, sadəcə, “gözləyin, növbəniz çatanda, mənzillə təmin olunacaqsınız…”-deyilib…

O gündən bugünəcən də bir xəbər-ətər yoxdur…

Və cəmi bir neçə gün öncə Bakıda əsən güclü külək, yağış “ev”i daha yararsız, daha bərbad hala salıb…

“Ev”in damını kənara tullayıb və nəticədə əsən külək, yağan yağış “ev”ə dolub…

Təqdim edəcəyim fotolardan da bir daha “ev”in halı, durumu aydın görünəcək…

Sadəcə, sözün bitdiyi, aciz qaldığı yer!!!

Budurmu, baş tacımız, and yerimiz dediyimiz Şəhidimizə, onun ruhuna ehtiram, budurmu, övlad acısı çəkən, onsuz da daim zülm-zillət içində yaşayan Şəhid ailəsinə hörmət, diqqət və qayğı?

Nəyə görə Bakı şəhərində bir çox yerlərdə Şəhid ailələri üçün tikilmiş binalardan birində Şəhidimizin ailəsinə mənzil verilmir?

Nədir səbəb?

Niyə belə edilir?

Nəyə görə Şəhid ailəsi bir daha incidilir, bir daha həyatdan küsdürülür?

Nədir günahları?…

Suallar, suallar, yenə də cavabsız suallar…

Yəqin ki, əvvəl-axır bu sualların cavabı olacaq, bu suallara cavab verən tapılacaq və nəhayət, Şəhid ailəsinə biganəlik, laqeydlik, hörmətsizlik aradan qaldırılacaq.

Onlar HAQQ etdikləri mənzillə təmin olunacaqlar.

Nəhayət, həm 19 yaşında bu dünyadan nakam getmiş Şəhidimizin ruhu, həm də gözləri yaşlı, ürəkləri dərdli Şəhid ailəsi az da olsa, sevindiriləcək!

Ümid ən sonda ölür

Ümidləri, ümidlərimizi ölməyə qoymayın!!!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

Bakı, Xəzər rayonu, Türkan qəsəbəsi, 17.01.2022

Etikxeber.az

Read Previous

Daha bir hərbi qulluqçumuzu-İTİRDİK…

Read Next

İlham Əliyevlə Monteneqro parlamentinin sədri arasında videoformatda-GÖRÜŞ OLDU – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir