26 yaşında həyat yoldaşını itirmiş, 52 yaşında isə mənəvi övladını Vətən yolunda qurban vermiş-ŞƏHİD XANIMI MAYA CABBAROVANIN ACI, KƏDƏRLİ HƏYAT HEKAYƏSİ…ŞƏHİD XANIMI 27 İLDİR NİYƏ EVLƏ, MƏNZİLLƏ TƏMİN OLUNMUR? – FOTOLAR

Maya Mürşüd qızı Cabbarova…

1968-ci ildə Laçın rayonunun Suarası kəndində sadə bir ailədə dünyaya gəlib…

1990-cı ildə, 22 yaşında ailə həyatı qurub, Bərdə rayonunun Uğurbəyli kəndinə gəlin köçüb…

Amma taleyi uğurlu olmayıb, bəxt ulduzu üzünə gülməyib, bəxti, taleyi qara gətirib Maya xanımın…

Nə övladı dünyaya gəlib, nə də ailə həyatı uzun müddətli olub…

Cəmi 3 il 7 ayın gəlini olub…

1994-cü ilin yanvar ayının 18-də həyat yoldaşı Sərdar Rəşid oğlu Həsənov Vətən torpaqları uğrunda Şəhid olub…

Həmin vaxtdan, cəmi 26 yaşından başsız, dul qalıb Maya xanım…

Həyat yoldaşını itirəndən bir müddət sonra isə Bərdədən, Uğurbəylidən valideynlərinin yanına, Sumqayıt şəhərinə gəlib, orada yaşayıb, orada qeydiyyata düşüb…

Amma yenə də dərd-səri bitməyib, dərdi üstünə dərd gəlib…

Bir neçə il öncə, 2016-cı ildə cavan bacısını itirib, həm də bacısının övladını-Akif Elxan oğlu Cabbarovu İkinci Vətən Müharibəsində Şəhid verib…

Bu yerdə qeyd edim ki, Akif 1997-ci il sentyabrın 24-də Gədəbəy rayonunda dünyaya gəlib…

Şəmkir rayon Könüllü qəsəbə 2 saylı orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb…

2016-cı ildə əsgərliyə çağırılıb və elə həmin il anası Ayşanı itirib…

Həqiqi hərbi xidmət zamanı snayperçi vəzifəsində hərbin sirlərinə yiyələnib…

Hərbi xidmət müddəti bitdikdən sonra Sumqayıta qayıdan Akif burada bir çox sahələrdə çalışıb…

Və 2020-ci ilin sentyabrın 21-də səfərbərliyə cəlb olunub və İkinci Vətən Müharibəsinin ilk günündən də döyüşlərdə olub…

Qısa, lakin şərəfli döyüş yolu da bir aya yaxın çəkib və oktyabr ayının 25-dən 26-na keçən gecə Füzuli istiqamətində döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb…

Ancaq nəşi 3 gün sonra Sumqayıta gətirilib və Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…

Akifi 10 ilə yaxın xalası, yəni, Maya xanım saxlayıb, Maya xanım ona baxıb…

Akifin dəfnini, yas mərasimini, ilini də Maya xanım verib, təşkil edib…

Heç kim tərəfindən də köməklik göstərilməyib, nə dövlət qurumlarından, nə də Sumqayıt Şəhər İcra Hakimiyyətindən…

Maya xanım ata-anasını da itirib və evi-eşiyi olmadığı üçün qardaşıgildə yaşayır…

“Bacımın oğlunu 10 il mən saxlamışam…Düzdür, qəyyumluğa götürməmişəm, amma hamı-tanıyanlar, bilənlər bilir ki, istər bacımın sağlığında, istərsə də bacımın dünyasını dəyişməsindən sonra Akifə mən baxmışam…Atasının onun nə yasından, nə dəfnindən, nə ilindən xəbəri olub…Hamısını mən etmişəm…Mən bacımın balasının Haqqını istəmirəm, mən yoldaşımın Haqqını istəyirəm…27 ildir başsızam, dul qadınam, evim-eşiyim yoxdur…Nə qədər qardaş-bacı yanında qalmaq olar?!

Mənə ötən 27 il ərzində heç bir köməklik göstərilməyib…Evlə, mənzillə bağlı illərdir müraciət etmişəm, amma hər dəfəsində deyirlər ki, gözləyin…Axı, nə qədər gözləmək olar?! Həm yoldaşımı itirmişəm, həm bacımı, anamı, atamı itirmişəm, həm də övlad kimi saxladığım bacım oğlunu Şəhid vermişəm…Səhhətim də yerində deyil…Güclə ayaq üstə gəzirəm…Niyə mənimlə maraqlanan yoxdur, bu illər ərzində evlə təmin edilməyim niyə daşa dirənib?.. Nədir səbəb?…Mən heç kimin yox, Şəhid yoldaşımın Haqqını istəyirəm, istəyirəm ki, heç olmasa, bu yaşımda evlə, mənzillə təmin olunum…Mən də insanam, axı?!”-deyə, yaralı, dərdli Maya xanım bildirir…

Maya xanımı dinlədikcə, ona qulaq asdıqca kədərlənməmək, duyğulanmamaq, təsirlənməmək, həyacanlanmamaq, həm də qeyzlənməmək, qəzəblənməmək olmur…

26 yaşında həyat yoldaşını itirmiş, 52 yaşında isə oğul, övlad əvəzi bacısı oğlunu itirmiş, Şəhid vermiş bir Azərbaycan anasına, bir Azərbaycan xanımına qarşı bu cür laqeyd, biganə münasibətə ad vermək mümkün deyil, mümkün olmur…

1994-cü ildən ötən 27 il ərzində bir Şəhid xanımı və mənəvi Şəhid anasını evlə, məzillə təmin etmək bu qədərmi çətin olub, çətindir?

Sumqayıt şəhər rəhbərliyi, digər müvafiq qurumlar illərdir hara baxıb və baxır?

Suallar, suallar, yenə də suallar…

İstərdim, istərdik ki, çox tezliklə bu suallar cavablandırılsın və dərdli, yaralı Maya xanımın ev, mənzil problemi artıq həll olunsun.

Heç olmasa, bu yaşında, bu vədəsində başını daldalamaq üçün bir evi, bir isti ocağı olsun.

Odur ki, cənablar, yoldaşlar, əfəndilər…söz, vəd deyil, artıq konkret addım atmaq məqamıdır!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 2256 yeni yoluxma-DAHA 21 ÖLÜM…

Read Next

İlham Əliyev Kolinda Qrabar-Kitaroviçi-QƏBUL ETDİ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir