“3 uşaq atası olan övladımın çörəyi daşdan çıxır, fəhləliklə, güc-bəla ilə birtəhər ailəsini dolandırmağa çalışır…”-ŞƏHİD QARDAŞLAR – NAZİR VƏ TACİR ALLAHVERDİYEVLƏRİN ANASINDAN ÖLKƏ PREZİDENTİNƏ MÜRACİƏT

Ağdam rayonunun Çullu kəndində yaşayan Mailə Ənvər qızı Allahverdiyeva Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlaylb.

Etikxeber.az-ın xəbərinə görə, müraciətdə deyilir:

“Cənab Prezident, cənab Ali Baş Komandan!

Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Mailə Ənər qızı Allahverdiyeva Ağdam rayonunun Çullu kəndində yaşayıram. On övlad anasıyam. Bir il öncəyə kimi on övladım var idi. Düz bir il öncə, 24 oktyabr tarixində əkiz övladlarım-Tacir və Nazir Xasay oğlu Allahverdiyevlər eyni gündə Vətən, Qarabağ yolunda canlarını fəda etdilər, qəhrəmancasına Şəhid oldular. Bir gündə iki oğlumu, iki övladımı itirdim. Bir ana üçün bunun nə demək olduğunu da geniş izah etməyə ehtiyac yoxdur.

Bir ildir ki, iki övladımın acısını, dərdini, həm də Qürurunu, Şərəfini yaşayıram. Fəxr edir, Qürur duyuram ki, Tacir və Nazir kimi oğulların anasıyam. Fəxr edir, İftixar hissi keçirirəm ki, Tacir və Nazir kimi İgid, Qəhrəman oğullarım olub. Tarixi Qələbə və Zəfərimizdə onların da əməyi, zəhməti, payı var. Övladlarım da daxil olmaqla, cəmi Şəhidlərin, Şəhid balaların ruhu qarşısında baş əyirəm. Onu da deyim ki, həyat yoldaşımı illər öncə itirmişəm.

Ötən illər ərzində övladlarıma həm ana, həm də ata olmuşam. Qız övladlarımdan birinin də səhhətində ciddi problemlər var. Özüm də övladlarımın Şəhidliyindən sonra dərman hesabına güclə ayaq üstə dayanıram”.

Müraciətdə sonra deyilir:

“Çox hörmətli, çox dəyərli İlham Heydər oğlu!

Sizə müraciət etməklə, övladlarımdan birinin, 3 övlad atası Şöhrət Allahverdiyevin işlə təmin olunmasına köməklik göstərməyinizi xahiş edirəm. Oğlum illərdir ailəsi ilə birlikdə yaşayır. Çörəyi daşdan çıxır, fəhləliklə, güc-bəla ilə birtəhər ailəsini dolandırmağa çalışır. Dəfələrlə normal, 700-800 manatlıq bir işlə təmin olunması üçün müraciətlər etsə də, müsbət cavab ala bilmir.

Övladım Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarından birində adi bir işlə təmin olunmasını istəyir. İstəyir ki, ailəsini heç olmasa, bundan sonra normal şəkildə dolandıra bilsin. Ona görə də iki övladını Vətən yolunda Şəhid vermis bir acılı, yaralı, dərdli ana kimi Sizdən xahiş edirəm ki, övladımın Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarından birində işlə təmin olunması üçün nazirliyin rəhbərliyinə göstəriş və tapşırıqlarınızı verəsiniz.

İnanıram və əminəm ki, müraciətim həssaslıqla qarşılanacaq və tərəfinizdən müsbət həllini tapacaq. Öncədən də Sizə dərin minnətdarlığımı və təşəkkürlərimi bildirirəm!”

Etikxeber.az

Read Previous

Zəfər Günü ilə bağlı Amnistiya Aktı-15 MİN MƏHBUSU ƏHATƏ EDƏCƏK – YENİLƏNİB – (2)

Read Next

Zabitlər Evində İkinci Vətən Müharibəsi Şəhidi, 3 övladı Vətənə əmanət qalan-MAYOR İLKİN ƏHƏDZADƏ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLDİ – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir