30 yaşının tamamında, Cənnətdəki üçüncü doğum günündə-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ CAVİD SƏFƏRLİ İLƏ BAĞLI ALİ HƏRBİ MƏKTƏBDƏ TƏDBİR DÜZƏNLƏNDİ, ŞƏHİDİN QISA, LAKİN ŞƏRƏFLİ HƏYAT, HƏRB VƏ DÖYÜŞ YOLUNDAN DANIŞILDI… – FOTOLAR – YENİLƏNİB – (3)

İmişli rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Cavid Səfərlinin bu gün doğum günüdür.

Bu gün Cavid Səfərlinin 30 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki üçüncü doğum günü, mövlududur.

Etikxeber.az-ın xəbərinə görə, Cavid Səfərli 1993-cü ilin 31 may tarixində İmişli rayonunun Əliqulular kəndində dünyaya gəlib.

Ailədə üç övlad, iki qardaş və bir bacı olublar.

1999-2001-ci illərdə R. Məmmədov adına Əliqulular kənd tam orta məktəbində, 2001-2007-ci illərdə İmişli şəhərində N. Şirinov adına 5 nömrəli tam orta məktəbdə təhsil alıb.

2007-2008-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsilini davam etdirib.

2010-2014-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.

Həmçinin, Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində (TTM) kurs keçib.

Ali təhsilli və Leytenant rütbəsini daşıyan bir hərbçi olaraq, Azərbaycan Ordusunda zabit kimi fəaliyyətə başlayıb.

2016-2018-cı illərdə Abşeron rayonunda yerləşən 4-cü Ordu Korpusunda Motoatıcı Briqadanın Bölüyünün komandiri, 2018-2020-ci illərdə Qusar rayonunda yerləşən “N” saylı hərbi hissədə bölük komandiri, 2020-ci ildən isə tabor komandiri vəzifələrində xidmət edib.

2017-ci ildən həm də Baş leytenant rütbəsini daşıyıb.

Aprel döyüşlərində iştirak edib və Azərbaycan Ordusunun zabiti kimi İkinci Vətən Müharibəsinin ilk saniyələrindən döyüşlərə atılıb.

Şərəfli döyüş yolu bir aya yaxın çəkib, Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd istiqamətlərində döyüşən Vətən sevdalımız oktyabr ayının 21-də Xocavənd rayonun Düdükçü kəndində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi yalnız noyabr ayının 17-də əldə edilib və İmişli rayonunun Əliqulular kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən öncə “Silahlı Qüvvələrin 100 illiyi” yubiley medalı, Şəhidliyindən sonra “İgidliyə görə”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

27 yaşında Şəhidlik məqamına ucalan Cavid həm də subay olub.

Eyni zamanda, İkinci Vətən Müharibəsində Cavidin iki tələbə, iki otaq yoldaşı və iki can dostu – Şabranlı Tərlan Kərimov və Kürdəmirli Ramil Babayev də Şəhidlik məqamına ucalıblar.

***

Cənnətdəki üçüncü doğum günü ilə bağlı bu gün saat 16:00-da Şəhidin ali təhsil aldığı AAHM-da tədbir düzənlənib.

Tədbirdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Şəhidin haqqında videoçarx nümayiş etdirilib.

Şəhidin keçdiyi qısa, lakin şərəfli həyat, hərb və döyüş yolundan danışılıb, çıxışlar edilib.

Çıxışlarda Cavid Cəfərlinin İgidliyi və Qəhrəmanlığından, onun və cəmi Şəhidlərin tarixi Qələbə və Zəfərimizə verdikləri töhfələrdən söz açılıb.

Cavid Səfərli kimi Vətən övladları ilə Fəxr edildiyi, Qürur duyulduğu, Şəhidlərin unudulmadığı və heç zaman unudulmayacağı dilə gətirilib.

Şəhidin Cənnətdəki üçüncü doğum günü təbrik olunub, anası Xatirə xanıma və digər ailə üzvlərinə səbr, dözüm arzulanıb.

Şəhidin anası Xatirə xanım da öz növbəsində tədbir iştirakçılarına minnətdarlığını ifadə edib.

“Oğlumun adını Cavidan qoymaq istəyirdim, sonra fikrimi dəyişdim…Böyük ədibimiz Hüseyn Cavidin şərəfinə onun adını Cavid qoydum…İstədim ki, o da Azərbaycan xalqının ziyalı, tanınmış övladlarından olsun…Balam öz İgidliyi, öz Qəhrəmanlığı, öz Şəhidliyi ilə Azərbaycanın tanınmış oğullarından oldu… Bütün Azərbaycanı onu tanıdı…”-deyə, Şəhid anası bildirib.

Tədbirdə həmçinin, şeirlər, Vətənə, Şəhidlərə həsr olunmuş musiqilər səsləndirilib.

Tədbirdə Şəhidin ailə üzvləri, müxtəlif bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, AAHM-ın rəhbərliyi, əməkdaşları və tələbələri iştirak ediblər.

Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!

18:55

***

FOTOLAR:

***

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“1994-cü ildə Xəzər Neft və Qaz Sərgisi Azərbaycanı dünyanın enerji ictimaiyyətinə təqdim edən ilk tədbir idi…İlin sonunadək bizim qazımız Macarıstana və Serbiyaya çata bilər…”-AZƏRBAYCAN PREZİDENTİ – FOTOLAR – YENİLƏNİB – (5)

Read Next

Sandu sabah keçiriləcək Azərbaycan, Ermənistan, Fransa, Almaniya və Aİ liderlərinin görüşünü-MÜSBƏT QİYMƏTLƏNDİRDİ – FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir