Anası tərəfindən təkbaşına böyüdülən, ailənin tək oğlu, evi-eşiyi olmayan, 6 ay komada qalan, bir övladını Vətənə əmanət qoyub gedən MAXE-SƏBUHİ HÜSEYNLİNİN ANIM GÜNÜ: MƏZARI ZİYARƏT OLUNDU, ANIM MƏRASİMİ KEÇİRİLDİ…- FOTOLAR – YENİLƏNİB – (2)

Bu gün Xaçmaz rayonunun sonuncu İkinci Vətən Müharibəsi Şəhidi Səbuhi Babək oğlu Hüseynlinin Anım Günüdür.

Səbuhi Hüseynlinin torpağa tapşırılmasından bir il keçir.

Düz bir il öncə-bu gün, 16 aprel tarixində Səbuhi Hüseynli doğulub boya-başa çatdığı Maqsudkənd kəndinin qəbiristanlığında torpağa tapşırılıb, Əbədiyyətə uğurlanıb.

Etikxeber.az xəbər verir ki, İkinci Vətən Müharibəsi zamanı Xocavənd-Şuşa istiqamətində ağır döyüşlərdən birində yaralanan Səbuhi Hüseynli 6 aya yaxın komada qalıb.

Ancaq bütün cəhdlərə, səylərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Səbuhi Hüseynli 2021-ci ilin aprelində Şəhadətə, Şəhidliyə qovuşub.

Qeyd edək ki, evin-ailənin tək oğlu olan Səbuhi Hüseynli 1997-ci ilin may ayının 2-də Xaçmaz rayonunun Maqsudkənd kəndində sadə bir ailədə anadan olub.

Ailədə bir bacı, bir qardaş olublar.

Balaca vaxtlarından hər ikisi anaları Samirə xanım tərəfindən təkbaşına, minbir əziyyətlərlə böyüdülüblər.

Bacısı hazırda ailəlidir, ailə vəziyyəti ilə əlaqədar Şəkidə yaşayırlar.

Səbuhigilin şəxsi evləri də olmayıb, ana babasıgildə, iki dayısının ailəsi ilə bir yerdə, çox şəraitsiz bir evdə yaşayıblar.

Ana(ları)sı Samirə xanım hələ də ata yurdunda, həmin şəraitsiz evdə qalır.

Səbuhi 2003-2009-cu illərdə Xaçmaz rayon Maqsudkənd kənd Ömər Ayatov adına tam orta məktəbdə təhsil alıb.

2009-2014-cü illərdə Xudat şəhər Texniki Fənnlər təmayüllü məktəbdə təhsilini davam etdirib.

2015-2016-cı illərdə hərbi xidmətdə olub, Aprel döyüşlərində iştirak edib.

Hərbi xidmətdən sonra evinə, ailəsinə dönüb.

Ailə həyatı qurub, bir övladı dünyaya gəlib.

Sonra yenidən həyatını hərb, Ordu ilə bağlayıb, MAXE kimi fəaliyyət göstərib.

Və İkinci Vətən Müharibəsində hərbçi-MAXE kimi iştirak edib.

Şərəfli döyüş yolu uzun olub, Füzuli, Cəbrayıl Xocavənd-Şuşa istiqamətlərində döyüşüb.

Və oktyabr ayında qanlı döyüşlərdən birində ağır şəkildə yaralanıb, 6 ay komada qalıb.

Şəhidliyindən sonra bir neçə medalla- “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və digər medallarla təltif olunub.

10:00

***

Bu gün səhər saatlarında Şəhidin Maqsudkənd qəbiristanlığında məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, məktəblilər tərəfindən şeirlər ifa olunub.

Bir saata yaxın davam edən ziyarətdə Şəhidin ailə üzvləri, yaxınları, kəənd sakinləri, Xaçmazlı və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri və başqa şəxslər iştirak ediblər.

Ziyarətdən sonra Xudatda yerləşən “Qala” şadlıq sayında Şəhidin Anım Günü ilə bağlı mərasim başlayıb, adına ehsan süfrəsi açılıb.

Mərasimdə Şəhidlərin xatirəsi bir dıqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Tanınmış qiraətçi, Əməkdar artist Ağalar Bayramov tərəfindən Şəhidlərə, Vətənə həsr olunmuş şeirlər ifa edilib.

Eyni zamanda, dini mahnılar, İlahilər səsləndirilib.

Ruhuna bir daha dualar oxunub, çıxışlar edilib, Şəhidin ailəsinə bir daha başsağlığı verilib, bir daha onlara səbr arzulanıb.

Ruhu şad, məkanı cənnətlik olsun!

Nur içində yatsın!

Allah ailəsinə səbr və dözüm versin!

12:30

***

FOTOLAR:

MƏZARININ ZİYARƏTİ VƏ ANIM MƏRASİMİ…DÖVLƏT HİMNİNİN SƏSLƏNDİRİLMƏSİ.. ŞƏHİDLƏRİN XATİRƏSİNİN BİR DƏQİQƏLİK SÜKUTLA YAD EDİLMƏSİ…DƏRD VƏ QÜRUR ORTAQLARI…

13:28

***

ŞƏHİD ANASI…ŞƏHİD XANIMI…ŞƏHİD BACISI…ŞƏHİD ANALARI…

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Şəhid ailələri və Qazilər üçün-İFTAR SÜFRƏSİ VƏ MƏRASİM TƏŞKİL OLUNDU – FOTOLAR – YENİLƏNİB

Read Next

Daha 14 yeni-YOLUXMA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir