Əsəd Fərhad oğlu Mirzəliyev…
Azərbaycanın, Qubanın Qəhrəman oğullarından, Vətən sevdalılarından biri…
Əsəd Quba rayonunun Möhüc kəndindəndir…
Sadə, kasıb, zəhmətkeş bir ailənin övladıdır…
2017-ci ilin 24 fevral tarixində, soyuq bir qış günündə – hərbi xidmətdə olarkən, Vətənin keşiyini çəkərkən – quduz, qansız düşmənin törətdiyi təxribatın qarşısını alan zaman ölümdən dönüb, ağır yaralanıb…
Sol qolundan yaralanan Əsəd uzun müddət müalicə-müayinələrdən keçməli olub…
Vətən sevdalımız ikinci qrup müharibə-Qarabağ əlilidir…
Açıq deyim ki, Əsədi şəxsən, yaxından tanımıram…
Onun barəsində digər Vətən sevdalımız, dünya şöhrətli pəvləvanımız, Qubalı, Möhüclü Laçın Əliyevdən eşitmişəm…
Laçının dediyinə görə, çox təəssüflər olsun ki, üstündən 6 il keçməsinə baxmayaraq, kimsə, o cümlədən media mənsublarından heç kim – “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyi istisna olmaqla – Əsədin, ailəsinin qapısını açmayıb, onunla maraqlanmayıb…
Hansı ki, illər öncə Vətən yolunda sağlamlığından keçib, qorxmadan, çəkinmədən özünü düşmən gülləsi qarşısında sipər edib, ağır yaralanıb…
İndi belə bir oğulun, Vətən sevdalısının unudulması, yada salınmaması, onunla maraqlanılmaması heç cür düzgün və vicdandan deyil…
Laçının dedikləri ilə tam razıyam və həmrəyəm…
Vətən yolunda sağlamlığını itirən oğulları, Vətən sevdalılarını yad etmək, onlarla maraqlanmaq, ilgilənmək hər birimizin borcudur…
Özü də sözdə deyil, əməldə…
Əməldə, əməldə, əməldə!
Və Laçına da söz verdiyim kimi, Qubaya növbəti səfərim zamanı mütləq Əsədə də baş çəkəcəyəm, onu evində ziyarət edəcəyəm…
Görüşənədək!









Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az