“Ali Baş Komandanımızın bəyan etdiyi kimi, Azərbaycan-Ermənistan sərhədində söz sahibiyik və bundan sonra da biz söz sahibi olacağıq”-ELDAR İBRAHİMOV YAZDI – (ÖZƏL)

“Hesab edirdilər ki, Azərbaycan öz torpaqlarını müharibə yolu ilə azad etməyəcək. Hesab edirdilər ki, bizi kimsə dayandıracaq. Onların himayədarları bizə, necə deyərlər, təsir göstərəcəklər, təzyiq göstərəcəklər. Ancaq bilmirdilər bütün Azərbaycan xalqı bir amalla yaşayır ki, işğala son qoyulsun, düşmən torpaqlarımızdan qovulsun və biz öz dədə-baba torpaqlarımıza qayıdaq və qayıtdıq. Ermənistan ordusunu məhv edərək qayıtdıq, Ermənistan faşizminin başını əzərək qayıtdıq, erməni cəlladlarını cəzalandıraraq qayıtdıq, şəhidlərimizin qanını alaraq qayıtdıq. Qayıtmışıq, bu gün burada durmuşuq və əbədi duracağıq!”

Bu fikirlər Müzəffər Ali Baş Komandan, Azərbaycan xalqının Xilaskar oğlu, ölkə Prezidenti cənab İlham Əliyevə məxsusdur.

Bunları ölkənin Birinci vitse-prezidenti, Birinci xanım Mehriban xanım Əliyeva ilə işğaldan azad olunmuş yurd yerlərimizə, LaçınKəlbəcərə son səfəri zamanı növbəti tarixi çıxışında, bəyanatında dilə gətirdi.

Elə bu yerdə xatırlatmağa dəyər ki, torpaqlarımızın işğaldan azad olunmasından ötən 9 ay ərzində ölkə Prezidenti və Birinci xanım dəfələrlə Qarabağa-Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın Ağdama bir neçə dəfə səfər edib, Kəlbəcərə isə ilk səfər idi ki, reallaşdırılırdı.

Qeyd edək ki, budəfəki səfər də tarixi anlarla, məqamlarla, açılışlarla, təməlqoymalarla yaddaşlara həkk olundu.

İşğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsi, yenidən cənnətə çevrilməsi üçün kərpic üstünə daha bir kərpic qoyuldu.

Hansı ki, bunlar hamısı nəticə etibarı ilə nəinki azad olunmuş yurd yerlərimizin canlandırılmasına, inkişafına, bütövlükdə ölkəmizin, Azərbaycanımızın, iqtisadiyyatımızın inkişafına mütləq və birmənalı mənada öz müsbət töhfələrini və bəhrələrini verəcək.

Səfər zamanı dövlətimizin başçısı və birinci xanım Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunelin təməlinin qoyulması mərasimində iştirak etdi. Həmçinin, Kəlbəcər Kiçik Su Elektrik Stansiyasında görülən işlərlə tanışlıq baş verdi. Bununla yanaşı, dövlət başçımız  və birinci xanım 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasının açılışında iştirak etdilər. Eyni zamanda, ölkə Prezidenti Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin təməlini qoydu.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva daha sonra daha bir strateji əhəmiyyətə malik olan  Laçın Beynəlxalq Hava Limanının təməlini qoydular. Qeyd edək ki, Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. İlk növbədə, şübhəsiz ki, burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq.

Eyni zamanda, Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq.

Bəli, bunlar heç də sıradan, adi hadisələr deyil, bunlar Azərbaycan dövlətinin gücü, qüdrəti, gələcəyə, inkişafın yeni mərhələsinə doğru iri və inamlı addımlarla yürüməsi deməkdir.

Bunlar həm də və ən əsası Qalib və Müzəffər Ali Baş Komandanın dəmir iradəsi, qətiyyəti, düşmənə və onun qanlı havadarlarına növbəti sarsıdıcı zərbəsi, əzələ nümayişi, Qarabağın bir daha bizə məxsus, aid olmasının bəyanıdır.

Bəli, ölkə Prezidenti hər bir səfərində olduğu kimi, son səfərində də ənənəsinə sadiq qalaraq, tarixi nitq söylədi, bəyanat verdi, xəbərdarlıqlar etdi, lazımi ünvanlara mesajlarını, özünün və Azərbaycanın birmənalı mövqeyini çatdırdı.

“İkinci Qarabağ müharibəsi, bir daha demək istəyirəm, tarixi Zəfərimizdir. Azərbaycanın çoxəsrlik tarixində buna bənzər qələbə olmamışdır. Müharibə ilə bağlı artıq kifayət qədər məlumatlar var və təkrar etmək istəmirəm. Müharibənin gedişatı hər kəsə məlumdur. Sadəcə olaraq, indi bizim dərsliklərimizdə, elmi əsərlərdə, məqalələrdə, kitablarda müharibə ilə bağlı və müharibədən əvvəlki dövrlə bağlı çox müfəssəl və geniş məlumat verilməlidir ki, biz bu tarixi olduğu kimi qeyd edək, bu tarixi olduğu kimi yazaq və gələcək nəsillər də daim bunu bilsinlər və unutmasınlar, o cümlədən erməni vəhşiliyini unutmasınlar”-deyərək, Müzəffər Ali Bas Komandan bir daha bəyan etdi ki, biz Kəlbəcər, Laçın istiqamətində dövlət sərhədimizi möhkəmləndiririk.

Bəli, bu sərhəd 30 ilə yaxın müddət ərzində ermənilərin əlində idi və biz may ayında qarlar əriyəndən sonra bu sərhədlərə çıxmışıq, öz mövqelərimizi tutmuşuq, Zəngəzurda yerləşmişik və orada möhkəmlənirik. Bu, bizim torpağımızdır. Ermənistan tərəfindən səslənən fikirlər tamamilə əsassızdır. Biz öz torpağımızdayıq, Qaragöl də bizimdir, başqa yerlər də bizimdir. Biz gəlmişik.

Dövlət başçımız “30 il bu ərazi ermənilərin əlində idi. Əgər o sərhəd onların dediyi yerdən keçirdisə, durardılar o sərhəddə. Durardılar, deyərdilər ki, sərhəd budur. Nə oldu bəs? Biz gələndən sonra, durandan sonra dedilər ki, yox, biz düz yerdə durmamışıq. Biz düz yerdə durmuşuq, harada lazımdır, orada durmuşuq və əgər istəsək, harada lazım bilsək, orada da duracağıq. Onu heç kim unutmasın. Ona görə indi Müdafiə Nazirliyinin və Sərhəd Qoşunlarının xətti ilə bütün sərhəd boyunca – Murovdağdan ta Araz çayına qədər bütün sərhəd infrastrukturu, hərbi hissələr yaradılır, biz bu sərhədlərdə möhkəmlənirik”-deyərək, onu da hər kəsin diqqətinə çatdırdı ki, bu gün hazırda daxili əhəmiyyət daşıyan 700 kilometr uzunluğunda yolların çəkilişi prosesi gedir. Bizim sərhədlərə gedən 700 kilometr yolların çəkilişi prosesi gedir və artıq qış gələnə qədər bu işin təqribən 80 faizi görüləcək. Yəni, torpaq, çınqıl örtüklə döşənmiş yollar və bu, bizə imkan verəcək ki, həm hərəkət üçün, həm hərbi nöqteyi-nəzərdən bu bölgələrdə daha da möhkəmlənək.

Ali Baş Komandanımızın bəyan etdiyi kimi, bəli,  Azərbaycan-Ermənistan sərhədində biz söz sahibiyik.

Bu, təbiidir və bundan sonra da söz sahibi olacağıq. Ona görə, bu məsələ ilə bağlı bəzən hansısa xarici dairələrdə də qeyri-adekvat fikirlər səsləndirilir. Buna ehtiyac yoxdur.

Biz harada lazım bilmişiksə, orada da durmuşuq və əgər bu kimisə narahat edirsə, əgər kimsə əsəbləşirsə, necə deyərlər, getsinlər, su içsinlər.

Bəli, indiki mərhələdə bizim əsas vəzifəmiz müharibənin nəticələrini möhkəmləndirməkdir, azad edilmiş torpaqlarda möhkəmlənməkdir.

Azərbaycan-Ermənistan sərhədində bundan sonra da mövqelərimizi gücləndirməkdir.

Bunlar da hamısı bir-bir edilir, icra olunur, bundan sonra da ediləcək və icra olunacaq.

Kimsənin buna şübhəsi olmasın və ola da bilməz.

Heç bir güc, heç bir qüvvə bizim iradəmizin qarşısında dayana, bizi öz yolumuzdan döndərə bilməz.

Biz Qalibik və daim Qalib olacağıq!

Qarabağ Azərbaycandır və Qarabağ Azərbaycanındır!

Eldar İBRAHİMOV,

Milli Məclisin (MM) İntizam komissiyasının sədri, iqtisad elmləri doktoru, professor

Etikxeber.az

Read Previous

Sabiq deputatın “Azərbaycanın mehriban siması” kitabı-GÜRCÜ DİLİNDƏ – FOTO-VİDEO

Read Next

Daha 3968 yeni yoluxma-DAHA 21 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir