“Ali Baş Komandanın dediyi kimi, Ermənistan odla oynamasın, yerindəcə məhv edilər…”-ELDƏNİZ SƏLİMOV ÖLKƏ PREZİDENTİNİN NAXÇIVANA SƏFƏRİNDƏN VƏ SON MÜSAHİBƏSİNDƏN YAZDI

“…Ermənistanda həm iqtidar, həm də müxalifət, demək olar ki, siyasətlə məşğul olan bütün ünsürlər Şuşanın qaytarılması ilə bağlı, Hadrutun qaytarılması ilə bağlı fikirlər səsləndirirlər. Biz hələ ki, təmkin göstəririk. Amma odla oynamasınlar. Onlar bizim yumruğumuzu görüblər. Bu yumruq yerindədir. Heç kim bizim qabağımızda dura bilməz. Əgər biz zərrə qədər təhlükə görsək, – zərrə qədər, – onları dərhal məhv edəcəyik. Elə yerindəcə məhv edəcəyik. Onlar da bunu bilirlər. Gücümüz də var, iradəmiz də var, cəsarətimiz də var. Yumruq da yerindədir”.

Bu fikirlər Müzəffər Ali Baş Komandan, Qalib Sərkərdə, ölkə Prezidenti cənab İlham Əliyevə məxsusdur.

Dövlət başçımız bu fikirləri bu gün Naxçıvan Muxtar Respublikasına (NMR) səfəri zamanı Azərbaycan Televiziyasına növbəti müsahibəsində səsləndirib.

Ümumiyyətlə, Naxçıvana səfəri zamanı həm bu bölgənin, həm də Azərbaycanın inkişafına töhfə verəcək bir çox açılışlarda iştirak edən cənab Prezident bir daha Azərbaycanın inkişaf, quruculuq yolunda inamla addımladığını nümayiş etdirdi.

Nümayiş etdirdi ki, Azərbaycan bütün situasiyalarda öz inkişaf yolundadır və onu bu yoldan geri döndərmək mümkün olmayacaq.

Nümayiş etdirdi ki, Azərbaycan Güclüdür, Qüdrətlidir, Əzmlidir.

Müsahibəsində də bu məqamlara toxunan ölkə Prezidenti bildirdi ki, hər zaman Naxçıvanda olanda, burada inkişafı görəndə çox sevinir.

“Bu, mənim Naxçıvana 15-ci səfərimdir və hər səfər çərçivəsində bir çox obyektlərin açılışında iştirak edirəm. Naxçıvan sürətlə inkişaf edir. Bütün sahələr üzrə işlər müsbət istiqamətdə gedir. Bu gün bir neçə infrastruktur layihəsinin açılışında iştirak etmişəm, o cümlədən Ordubad şəhərində içməli su və kanalizasiya layihəsinin istifadəyə verilməsini qeyd etmişik. Yollarla, elektrik təchizatı, qazlaşdırma ilə bağlı – bütün istiqamətlər üzrə muxtar respublikada görülən işlər məni çox sevindirir”-deyən dövlət başçısının qeyd etdiyinə görə, təkcə onu demək kifayətdir ki, qazlaşdırmanın səviyyəsi artıq 100 faizə çatıb. Elektrik enerjisi ilə təchizat 100 faizə çatıb və Naxçıvanda çox böyük enerji potensialı yaradılıb.

Vaxtilə Naxçıvanda işıq yox idi, enerji yox idi. Azərbaycandan gələn xətlər də Ermənistan tərəfindən kəsilmişdi. İndi isə Naxçıvan özünü elektrik enerjisi ilə tam təmin edir və bərpaolunan mənbədən istifadə edir. Bu, çox önəmlidir. Çünki bu, Naxçıvanın gözəl təbiətinə və ekoloji vəziyyətinə töhfə kimi qəbul edilməlidir.

Bütün şəhərlər artıq magistral yollarla bir-birinə bağlanıb və Naxçıvanda olan hər bir insan bunu görür. Yollar çox keyfiyyətlə tikilir, mən bu yolların açılışlarında iştirak etmişəm, bəzi yollar çoxdan istismara verilib, amma buna baxmayaraq keyfiyyət də yerindədir. İçməli su layihələri bütün şəhərləri əhatə edir. İndi üç şəhərdə bu layihələr icra ediləcək və beləliklə, bu məsələ də tamamilə öz həllini tapacaq.

Bununla yanaşı, Naxçıvanın çox böyük turizm potensialı var. Bu gün yeni uçuş-enmə zolağının təqdimatı oldu və bu, öz növbəsində turistlərin Naxçıvana gəlməsini stimullaşdırmalıdır. Əlbəttə, pandemiya ilə əlaqədar bütövlükdə turizm sektoru tənəzzülə uğrayıb. Amma əminik ki, pandemiyadan sonra Naxçıvana gəlmək istəyən xarici qonaqların sayı daha da artacaq.

“Bir sözlə, muxtar respublika hərtərəfli inkişaf edir və bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir”-deyən ölkə Prezidenti əmin olduğunu bildirdi ki, Naxçıvan bu liderliyi bundan sonra da saxlayacaq.

Müsahibəsi zamanı 44 günlük tarixi İkinci Vətən Müharibəsinə toxunan Ali Baş Komandan bir daha qətiyyətli şəkildə bəyan və revanşist, “bulanıq suda balıq tutmaq” sevdasında olan qüvvələrə xəbərdarlıq etdi ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan bu münaqişəni təkbaşına həll edib, həm döyüş meydanında və ondan sonra masa arxasında.

Həmçinin, döyüş meydanında qazanılmış Qələbə düşməni məcbur etdi ki, ağ bayraq qaldırsın və təslim olsun, kapitulyasiya aktına imza atsın. Noyabrın 10-da imzalanmış sənəd məhz Ermənistanın kapitulyasiya aktıdır.

Eyni zamanda, Ali Baş Komandanın bildirdiyi kimi, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur.

Münaqişə öz həllini tapıb və yenidən bu məsələyə qayıtmaq əbəsdir. Hər halda, müharibədən sonra keçən dövr ərzində bunu göstərdik.

“Birincisi, əgər kimsə hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb, bu, onun öz problemidir. İkincisi, bu, çox təhlükəli yanaşmadır. Əgər bu münaqişə həll olunmayıbsa, onda bu münaqişənin həlli necə olmalıdır? O deməkdir ki, noyabrın 10-da imzalanmış Bəyanat qüvvəsini itirib? Yəni, mən bunu belə başa düşə bilərəm. Noyabrın 10-da faktiki olaraq – de-fakto münaqişənin həlli ilə bağlı sənəd imzalandı. Bu, təkcə atəşkəs haqqında sənəd deyil, bəziləri bunu belə qələmə vermək istəyirlər. Açsınlar gözlərini baxsınlar, orada neçə maddə var. Atəşkəs haqqında sənəddə bir maddə olur – atəşkəs, vəssalam”-deyə, sözlərinə davam edən ölkə Prezidenti burada bir çox məsələləri əhatə edən maddələrin olduğunu da diqqətə çatdırdı.

Sonra “Münaqişə həll olunmayıbsa, hansı kommunikasiyaların açılmasından söhbət gedə bilər? Əgər Münaqişə həll olunmayıbsa, nə üçün onda Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinləri görüşürlər, razılığa gəlirlər. Münaqişə həll olunub, bu, bir. Hesab edirəm ki, bu məsələ ilə məşğul olmuş tərəflər və bu məsələ ilə məşğul olmaq istəyən, – bilmirəm nəyə görə, – ölkələr bunu nəzərə alsınlar. Çünki bəzən buradan dünyanın o başında yerləşən ölkələr bizim münaqişə ilə bağlı, yaxud da ki, Azərbaycanda gedən proseslərlə bağlı bəyanatlar verirlər”-deyən Ali Baş Komandan bunların da qəbuledilməz olduğunu bəyan etdi.

Xüsusilə, Kanada və Fransa Xarici İşlər nazirliklərinin bəyanatlarına sərt təpkisini və Azərbaycanın haqlı etirazını ortaya qoydu.

“Özünü nə sayır Kanada? Bəlkə bu, superdövlətdir biz bilməmişik. Bu, bəlkə ikinci Lüksemburqdur, ikinci superdövlət yaranıb, bunu bilməmişik. Otursun öz işləri ilə məşğul olsun. Mən Fransa Xarici İşlər Nazirliyinin bəyanatını da rədd edirəm. Bu, qəbuledilməzdir. Biz dəfələrlə Fransa tərəfinə öz iradlarımızı bildirmişik ki, əl çəkin bizdən. Gedin, öz işlərinizlə məşğul olun. Yoxsa Fransa Senatının sədri gəlir İrəvana, orada bəyanat verir ki, Fransa Senatı Dağlıq Qarabağı tanıyacaq. Biz Fransanın hökumət orqanlarına bu məsələ ilə müraciət edəndə, öz etirazımızı bildirəndə bizə deyirlər ki, fikir verməyin, bu, qanunvericilik orqanıdır, hakimiyyətin mövqeyini əks etdirmir. Yaxşı, bəs Xarici İşlər Nazirliyi, o da hökumətin mövqeyini əks etdirmir? Bu nə bəyanatlardır?”deyən ölkə Prezidenti açıq şəkildə vurğuladı ki, onlar getsinlər, öz işləri ilə məşğul olsunlar.

Bəli, Hərbi Qənimətlər Parkı ilə Azərbaycana qarşı aparılan çirkin kampaniyaya son qoyulmalıdır. Bəli, bu günün özündə belə Fransa muzeyində Əlcəzair Milli Müqavimət Hərəkatının öldürülmüş öndərlərinin kəllələri nümayiş etdirilir. Ona görə, yaxşı olar ki, getsinlər, güzgüyə baxsınlar və danışmağa üzləri olarsa, o zaman danışsınlar. Danışmağa üzləri yoxdursa (əslində yoxdur), o zaman onlar öz işləri ilə məşğul olsunlar. Çünki özləri problemlər içində çabalayırlar. Min cür problemləri var.

Ölkə Prezidenti bir daha bəyan və xəbərdarlıq etdi ki, Ermənistan odla oynamasın.

Əks təqdirdə, 44 günlük müharibənin betərini yaşayacaqlar.

Çünki “Dəmir Yumruq” “Domokl qılıncı” kimi, onların başının üzərindədir və hər an onların başına endirilə bilər.

Seçim, qərar onlarındır. Biz sözümü dedik, nəticə, dərs çıxarmaq onlarlıqdır.

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır və Qarabağ Azərbaycanındır!

Kimsə və kimsə onu bizdən yenidən qorapa, bizi ondan ayıra bilməz!

Bu, mümkün deyil və mümkün olmayacaq!

Biz dağlı-aranlı Qarabağımızla öz növbəti hədəflərimizə doğru yürüyürük, yürüyəcəyik, hələ çox Qələbələr, hələ çox Zəfərlər bizim, bizimlə olacaq!

Qələbələrin, Zəfərlərin bol və mübarək olsun, can Azərbaycan!

Eldəniz SƏLİMOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Belə insanlarla hər birimiz fəxr edirik…”-MM-İN KOMİTƏ SƏDRİ – FOTOLAR

Read Next

“Heç kim Azərbaycanın səbrini yenidən tarıma çəkməyə çalışmasın və çalışarsa da, peşimanı biz yox, onlar olacaqlar!”-JALƏ ƏLİYEVA DÖVLƏT BAŞÇISININ SON SƏFƏRİ VƏ SONUNCU MÜSAHİBƏSİ HAQQINDA DAHA NƏLƏRİ YAZDI?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir