Ali təhsilli, peşəkar hərbçi, Mayor, iki övlad atası, 45 yaşlı-ŞƏHİD EMİN SÜLEYMANOVUN CƏNNƏTDƏKİ İKİNCİ DOĞUM GÜNÜ… – FOTOLAR – YENİLƏNİB – (2)

Bu gün İmişli rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən Emin Bəhmən oğlu Süleymanovun doğum günüdür.

Bu, Şəhidin Cənnətdəki ikinci doğum günü, mövlududur.

Emin Süleymanovun bu gün 45 yaşı tamam olur.

Etikxeber.az-ın xəbərinə görə, 1977-ci ilin iyul ayının 21-də İmişli rayonunun Xubyarlı kəndində dünyaya gələn Emin Süleymanov ailənin 7 övladından biri olub.

Ailədə 5 qardaş, 2 bacı olublar.

İki qardaş və bir bacısını illər öncə itirib.

O, ali təhsilli, peşəkar hərbçi olub, Mayor rütbəsinəcən yüksəlib.

İkinci Vətən Müharibəsinin ilk günündən də döyüşlərdə olub.

Döyüşüb, vuruşub, qəhrəmanlıqlara imza atıb.

Və Şuşanın azad edilməsindən bir gün sonra, İkinci Vətən Müharibəsinin başa çatmasına saatlar qalmış, noyabr ayının 9-da Şuşa-Laçın dəhlizi istiqamətində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Şəhidliyi barədə isə həmin gün ailəsinə, həyat yoldaşına məlumat verilib, ancaq nəşi 4 gün sonra, 2020-ci ilin noyabr ayının 13-də doğulub boya-başa çatdığı İmişlinin Xubyarlı kənd qəbiristanlığında dəfn edilib, Əbədiyyətə uğurlanıb.

Eminin iki övladı-bir qızı və bir oğlu Vətənə əmanət qalıb.

Emin həm də 2016-cı ilin Aprel döyüşlərinin iştirakçılarından, Qəhrəmanlarından olub.

İstər Şəhidliyindən öncə, istərsə də Şəhidliyindən sonra həm Ali Baş Komandanın, həm də Müdafiə nazirinin əmri ilə bir neçə medalla təltif olunub.

Orden Haqqı isə hələ də tanınmayıb, ancaq anası Tamara xanıma dəfələrlə vəd olunub ki, Emin Süleymanova orden veriləcək…

Şəhidin ailəsi və anası da Emin Süleymanovun Haqqının tanınacağı, ordenlə təltif olunacağı günü ümidlə və səbirsizliklə gözləyirlər.

***

Cənnətdəki ikinci ad günü ilə bağlı Şəhidin məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.

Ziyarətdən öncə, səhər saatlarında isə Şəhidin təhsil aldığı İmişli şəhər 5 saylı tam orta məktəbdə, Emin Süleymanov da daxil olmaqla, 3 Şəhidin adını daşıyan “Şəhidlər bulağı”nın önündə tədbir keçirilib.

1 saat davam edən tədbirdə Şəhidin ailə üzvləri, İmişli, Cəlilabad Bakıdan olan Şəhid ailələri, Şəhidin iş yoldaşları, dostları, məktəblilər, din xadimləri, İmişli rayon İcra Hakimiyyəti başçısının Xubyarlı kəndi üzrə nümayəndəsi və digər şəxslər iştirak ediblər.

Tədbirdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, çıxışlar edilib, məktəblilər tərəfindən Şəhidlərə, Vətənə həsr olunmuş şeirlər ifa olunub.

Çıxışlarda Şəhidin keçdiyi şərəfli həyat və döyüş yolundan bəhs edilib, İgidliyi, Qəhrəmanlığı və Vətənsevərliyindən danışılıb.

Eyni zamanda, Cəlilabadlı Şəhid ailəsi tərəfindən Emin Süleymanovun ailəsinə hədiyyə təqdim olunub.

Şəhidin məzarını ziyarətdə də Emin Süleymanovun ailə üzvləri, iş yoldaşları, dostları, hərbçilər, İmişlidən, Cəlilabaddan olan Şəhid ailələri, din xadimləri və digər şəxslər iştirak və çıxış ediblər.

Çıxışlarda Şəhidin ailəsinə bir daha səbr və dözüm arzulanıb, bir daha Cənnətdəki ikinci-yubiley doğum günü təbrik edilib.

Bu yerdə qeyd edim ki, Şəhidlə bağlı keçirilən tədbirə və məzarını ziyarətə əslən İmişlidən olan Şəhid Əsəd Həsənovun valideynləri-Mələk xanım və Fərhad kişi, “Dəmir Yumruq” Alfa-A Cəmiyyətinin sədri Ülviyyə xanım və mən də qatılmışdım.

Digər iştirakçılar kimi, biz də Şəhidin ailə üzvlərinə, əzizlərinə, anası Tamara xanıma və həyat yoldaşı Məhsəti xanıma başqsağlığı verdik, bir daha onlara Allahdan səbr və dözüm dilədik, bir daha “Şəhidimizin məkanı cənnətlik, Cənnətdəki ikinci doğum günü mübarək olsun!”-dedik.

Eyni zamanda, ailə üzvlərinin, yaxınlarının, Şəhid ailələrinin, hərbçilərin iştirakı ilə Şəhidin Cənnətdəki ikinci doğum gününə həsr olunmuş məclisdə, adına açılan ehsan süfrəsində iştirak etdik.

Bununla yanaşı, Şəhid Əsəd Həsənov və Elnur Bayramovun Şahverdili kənd qəbiristanlığındakı məzarlarını ziyarət, ruhlarına dualar etdik.

Allah cəmi Şəhidlərimizin, içində də Cənnətdəki ikinci doğum olan Emin Süleymanovun məqamını Uca, dərgahını münarək etsin!

Nur içində yatsın, Şəhidimiz, nur içində yatsınlar, cəmi Şəhidlərimiz!

16:50

***

FOTOLAR:

17:58

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Əməkdaşlığımızın olduqca praktiki nəticələrinə çevirmək vaxtı artıq yetişib”-İLHAM ƏLİYEV – FOTOLAR – YENİLƏNİB

Read Next

Kərbəlayi İsmayılın oğlunun adını daşıyan, “Qəmlo”nun yaxın qohumu olan Şəhid Əsəd Həsənov, özü Şəhid, bir qardaşı Qazi, bir qardaşı Vətən Müharibəsi iştirakçısı olan Elnur Bayramov…VƏ GÖBƏKTALALI 3 ŞƏHİDİMİZ-NƏCMƏDDİN, NURLAN VƏ CAVİDAN… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir