Avropa İttifaqı (Aİ) Şurası indicə Ukrayna və Moldovaya namizəd statusu verilməsinə qərar verdi. Tarixi bir andır. Bu gün sizin Aİ-yə doğru yolunuzda vacib gündür.
Etikxeber.az-ın xəbərinə görə, bunu Aİ Şurasının Prezidenti Şarl Mişel “Twitter“ hesabındakı paylaşımında bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenski də öz növbəsində ölkəsinə namizəd statusu verilməsi münasibətilə Aİ liderlərinə təşəkkür edib.
Zelenski “Twitter“ hesabındakı paylaşımında qərarın Ukrayna üçün tarixi əhəmiyyət daşıdığını vurğulayıb.
“Aİ liderlərinin Aİ Şurasında Ukraynaya namizəd statusu vermək qərarını səmimi şəkildə təqdir edirəm. Bu, Ukrayna-Avropa İttifaqı əlaqələrində unikal və tarixi andır. Şarl Mişelə, Ursula fon der Lyayenə və Aİ liderlərinə dəstəyə görə minnətdaram. Ukraynanın gələcəyi Aİ daxilindədir”-deyə, Zelenski bildirib.
23:36
***
Aİ Şurası eyni zamanda, Gürcüstana namizəd statusu verməyib.
Aİ Şurasının Prezidenti Ş. Mişel qeyd edib ki, Şura Gürcüstana Avropa perspektivi tanınmasına qərar verib. Aİ Gürcüstana həllini gözləyən prioritet məsələləri yerinə yetirdikdən sonra namizəd statusu verməyə hazırdır.
“Gürcü xalqını təbrik edirəm. Aİ-Gürcüstan əlaqələrində tarixi bir andır. Gürcüstanın gələcəyi Aİ ilədir”– deyə, diplomat bildirib.
Etikxeber.az